“Sərt ritorikanın hədəfi Ermənistanla bərabər, bölgədə sülhü təhdid edən digər qüvvələr hesab olunmalıdır və bu baxımdan, rəsmi Bakının mövqeyi heç bir qütbdə dilemma yaratmır”-BƏHRUZ MƏHƏRRƏMOV

Ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının rəhbəri kimi təşkilata üzv dövlətlər adından çıxışı zamanı yaxın dövr üçün mümkün zərurətlərdən bəhs edərək qlobal həmrəyliyin vacibliyini vurğulamışdı. 75-ci sessiyadan keçən bir il ərzində baş verənlər Prezident İlham Əliyevin siyasi uzaqgörənliyini bir daha praktik olaraq nümayiş etdirdi. BMT-nin Baş katibi Antonio Quterreş builki sessiyanın açılışındakı çıxışına xəbərdarlıqla başlayaraq “dünyanın oyanmalı olduğunu, uçurumun kənarında və səhv istiqamətə gedildiyini, dünyamızın heç vaxt bu qədər təhdid edilmədiyini” bəyan etdi. Baş katib açıq mətnlə bildirdi ki, insanlar bərabərsizliklər qarşısında hökumətlər və qurumlar, o cümlədən BMT-yə olan etibarını itiriblər.

İtirilmiş etimadın bərpası üçün BMT-nin yeni dövrlə qədəm qoymasını təmin etməliyik. Maraqlıdır ki, faktiki olaraq Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının rəhbəri İlham Əliyev hələ bir il əvvələ vaksinlərə çıxış imkanlarında bərabərsizliklərin yol açdığı fəlakətlər, habelə COVID-19 ilə mübarizədə səylərin birləşdirilməsi, münaqişələrin nizamlanması, BMT Təhlükəsizlik Şurası qətnamələrinin icra mexanizmlərinin olmamasına və Cənubi Qafqazda müharibə ehtimallarına dair konkret çağırışlar etmişdi.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuatda açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ifadə edib.

Deputatın sözlərinə görə, ötən bir il ərzində baş verənlər, daha dəqiq desək, reallaşan proqnozlar builki sessiyanın gündəminin faktiki olaraq Azərbaycan Prezidentinin tezisləri üzərində qurulmasına gətirib çıxardı. Bu mənada Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrindəki çıxışı auditoriya üçün xüsusi əhəmiyyət daşıyırdı. Eyni zamanda, yeni reallıqlar fonunda dünyanın ən ali tribunasından işğal, təcavüz və faşizm meylləri üzərində öz qələbəsini elan etmək, habelə diktə edən güc olaraq bölgədə gələcək siyasi konturların müəyyənləşdirilməsi baxımdan bu kommunikasiya Azərbaycan üçün xüsusi önəm daşıyırdı.

“Prezident İlham Əliyevin BMT-nin İnsan Hüquqları Şurasının tarixi mart qətnaməsinin ardınca peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsinin qəbulu, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımların koordinasiyası üçün Yüksək Səviyyəli Panelinin yaradılması, bütün sahələrdə, xüsusilə dı iqtisadi əməkdaşlıq tendensiyalarının genişləndirilməsi, ekoloji fəlakətlər, o cümlədən iqlim dəyişikliyi ilə bağlı siyasi məsuliyyətin artırılması məzmunlu bu ilki tezisləri də qlobal xarakter daşıdı. Heç şübhəsiz, hədəflərin bu qədər bəşəri xarakter daşıması, hər şeydən əvvəl, Azərbaycanın artıq maksimum regional məqsədlərlə kifayətlənən dövlət olmadığı, qlobal proseslərə təsir iddiası və gücündə olması anlamına gəlir”, – deyə B.Məhərrəmov mətbuata açıqlamasında sonra qeyd edib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının milli maraqlarının təminatına yönələn, xüsusən bölgədə sülh və sabitliyi təhdid edən məqamlar bu dəfə də Prezident İlham Əliyevin diqqətində oldu. Ötən dövrlərdən fərqli olaraq Baş Assambleyanın 76-cı sessiyasında dövlətimizin başçısı İlham Əliyev müzəffər Lider kimi bəyanat verərək, münaqişənin artıq geridə qaldığını, lakin yenidən suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görəcəyimiz halda, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyimizi rəsmən bəyan etdi:

“Təbii ki, belə qlobalmiqyaslı bir tədbirdə bu cür sərt ritorikanın hədəfi məğlub və miskin Ermənistanla bərabər, bölgədə sülhü təhdid edən digər qüvvələr hesab olunmalıdır və bu baxımdan, rəsmi Bakının mövqeyi heç bir qütbdə dilemma yaratmır. Çünki son nəticədə Azərbaycan Prezidentinin məqsədi Cənubi Qafqaz regionunda sülh və sabitliyin yenidən bərqərar olunması və bu prosesə maneə yaradan hallarla mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin fəallaşdırılmasıdır”.

Etikxeber.az

Read Previous

“Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi bizim şanlı qələbəmizin simvolu olacaq”-MİLLƏT VƏKİLİ

Read Next

DTX Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşını-HƏBS ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir