“Səfər bizim gələcək əməkdaşlıq planlarımız üçün çox əhəmiyyətli olacaq…”-İLHAM ƏLİYEV – FOTO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verdi.

Prezident Klaus Yohannis Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Rumıniyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Rumıniya Prezidentinə, Rumıniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

Fevralın 2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə təkbətək görüşü olub.

***

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

– Cənab Prezident, hörmətli Rumıniya nümayəndə heyətinin üzvləri.

Bir daha Azərbaycana xoş gəlmisiniz.

Biz indicə cənab Prezidentlə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələləri ilə bağlı çox yaxşı müzakirələr apardıq və bir daha əlaqələrimizin strateji əhəmiyyətini təsdiqlədik. Strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik. Mənim Buxarestə səfərimlə bağlı yaxşı xatirələrim var və sözsüz ki, Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır. Biz gələcək addımlarımızı geniş şəkildə müzakirə etdik və indi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə bunu davam etdirəcəyik. Eyni zamanda, biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik.

Birgə iqtisadi komissiya ötən il görüşüb və bu il görüşəcək. Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək.

Cənab Prezident və nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Ölkəmizə səfərinizə görə təşəkkür edirəm.

Sizi Azərbaycanda qarşılamaq böyük şərəfdir. Əminəm ki, səfər bizim gələcək əməkdaşlıq planlarımız üçün çox əhəmiyyətli olacaq. Bir daha xoş gəlmisiniz.

x x x

Rumıniya Prezidenti Klaus Yohannis dedi:

– Çox sağ olun cənab Prezident.

Hörmətli nümayəndə heyətlərinin üzvləri.

Həqiqətən bizim demək olar ki, uzun müzakirəmiz oldu. Lakin hesab edirəm ki, bu, mütləq şəkildə zəruri idi.

Çünki hər ikimiz tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik və daha yaxşı nəticələr əldə etmək istəyirik. Müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi apardıq və mediaya təşəkkürümüzü bildirdikdən sonra mən bu məsələlərin bəzilərini daha dərindən nəzərdən keçirə biləcəyəm.

Heyətlərimizlə müzakirə etmək istədiyimiz iki və ya üç təfərrüatı nəzərdə tuturam.

Etikxeber.az

Read Previous

Daha 35 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Read Next

“Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaq”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir