“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun təkmilləşdirilərək, mövcud meyarlara yenidən baxılması məqsədəuyğundur”-FATMA YILDIRIMDAN ÖNƏMLİ TƏKLİF

Bildiyimiz kimi, Azərbaycanda şəhid ailələri, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva qayğıya ehtiyacı olan şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması məsələsini daim diqqət mərkəzində saxlayır. Bu qanun layihəsində dəyişikliklər nəticəsində şəhid ailələrinin reyestrinin yaradılması bu istiqamətdə görülən işlərə dəstək olacaq, şəffaflıq və səmərəliliyi daha da artıracaq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım Hesablama Palatasının son illik hesabatına münasibətini bildirərkən deyib.

Qeyd edib ki, biz Vətən müharibəsində parlaq qələbə qazanmışıq və buna görə də qürurluyuq. Unutmamalıyıq ki, həsrətlə gözlədiyimiz Qarabağı məhz şəhidlərimizin canı-qanı sayəsində azad etmişik. Bizim borcumuzdur ki, onların ailələrinə dəstək olaq və hər birinin müraciətinə xüsusi həssaslıqla yanaşaraq, həlli istiqamətində əlimizdən gələni edək. Bu gün şəhid valideynlərinin əsas istəyi övladlarının adının unudulmamasıdır.

“Bu məsələ ilə bağlı təmsil etdiyim Bərdə rayonundan olan şəhid ailələrindən çoxsaylı müraciətlər alıram. Şəhid valideynləri öz övladlarının adlarının yaşadıqları ərazi üzrə məktəblərə, küçələrə, müxtəlif təşkilatlara verilməsinə köməklik göstərilməsini bizdən xahiş edirlər. Lakin təsdiq olunmuş müvafiq qərara əsasən müraciətlərin həllində müəyyən çətinliklər yaranır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən Milli Qəhrəman olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhidlərin adlarının əbədiləşdirilməsi mümkündür.

Qeyd etmək lazımdır ki, həmin qərar 1990-cı illərin əvvəllərində təsdiq olunub. O dövrdə müstəqilliyimizi yeni qazanmışdıq. Amma artıq uzun illər keçib və bu gün Azərbaycan güclü, qüdrətli, ən önəmlisi zəfər çalmış dövlətdir. Bu baxımdan, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun təkmilləşdirilərək, mövcud meyarlara yenidən baxılması məqsədəuyğundur.

Eyni zamanda qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan uğurla inkişaf edib, rayonlarda, xüsusilə kəndlərdə dövlətimizin tərəfindən, həmçinin, Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı yeni məktəblər, uşaq bağçaları açılıb və həmin müəssisələrə vətən uğrunda şəhid olmuş oğullarımızın adları verilə bilər. Təklif edirəm yeni imkanlar dəyərləndirisin, yaranmış zərurət nəzərə alınaraq Nazirlər Kabinetinin qərarında qeyd olunan meyarlara yenidən baxılsın və mövcud vəziyyətə uyğunlaşdırılsın”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“İsgəndər-M”-lə bağlı Azərbaycan xalqı nəyin baş verdiyinin cavabını bilməlidir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Dövlətin müəyyənləşdirdiyi yardımları ala bilməyən çoxlu ailələr, həkimlər tanıyırıq və dəfələrlə o haqda məlumatlar informasiya vasitlərdə yayılıb ki…”-ZAHİD ORUC YENƏ SƏRT DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir