“Şəhid adlarının, xatirəsinin əbədiləşdirilməsinin qarşısını alan maneə aradan qaldırılsın, 27 il öncə qəbul edilmiş ziyanlı, narazılıq doğuran qərar dəyişdirilsin!”-ŞƏHİD ADƏM ƏLİYEVİN ANASINDAN BAŞ NAZİRƏ MÜRACİƏT

Daha bir Şəhid anası-Adəm Əliyevin anası Akifə Ağayeva Baş nazir Əli Əsədova müraciət edib.

Etikxeber.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli, Əli müəllim!

Yazıb Sizə bildirmək istəyirəm ki, iki oğlumdan, təkbaşına, atasız böyütdüyüm övladımdan biri-MAXE Adəm Əliyev İkinci Vətən Müharibəsinin iştirakçılarından və ilk Şəhidlərindən biri olub. Oğlum Adəm həm də Kürdəmirin İkinci Vətən Müharibəsində ilk Şəhidi olub. Bir Şəhid anası kimi, bütün Şəhid balalarımızla, Şəhid balam Adəmimlə fəxr edir, qürur duyuram. Çünki 44 günlük İkinci Vətən Müharibəsinin, 32 illik qanlı Qarabağ münaqişəsinin Qələbə, Zəfər ilə başa çatmasında onların böyük rolu, müstəsna və əvəzsiz xidmətləri olub.

Təbii ki, Qələbəmizin, Zəfərimizin memarı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevdir. Hər birimiz Ona minnətdar və duaçıyıq. Eyni zamanda, onun rəhbəri olduğu Şanlı, Rəşadətli Azərbaycan Ordusuna, Şəhid və Qazilərimizə minnətdar və borcluyuq, hər birinin də qarşısında ehtiramla baş əyirik! Baş tacımızdırlar!”

Şəhid anası müraciətində daha sonra qeyd edir:

“Sizə müraciət etməklə, əksər Şəhid ailələri adından bir xahiş və ricamı dilə gətirmək istəyirəm. İstəyim, istəyimiz də ondan ibarətdir ki, Şəhid adlarının əbədiləşdirilməsinin qarşısını alan maneə aradan qaldırılsın, 27 il öncə qəbul edilmiş ziyanlı, narazılıq doğuran qərar dəyişdirilsin. Bu yöndə müsbət addım atılarsa, həm Şəhidlərimizin ruhu sevinmiş, sevindirilmiş olar, həm gözü yaşlı, qəlbi dağlı Şəhid ailələri az da olsa, mənəvi təskinlik, təsəlli tapmış olar.

Bir Şəhid anası kimi istəyirəm ki, hazırda (ümumiyyətlə, son 20 ilə yaxın bir dövr ərzində) kirayədə yaşadığımız, oğlumun anıları, ayaq izləri olan, ruhu yaşayan küçəyə Şəhidimin, Adəmimin adı verilsin, kücəmizin adı isə başaq bir küçəyə verilsin. Qeyd edim ki, indiyədək belə hallar olub, rast gəlmişik. Eyni zamanda istərdim ki, oxuduğu 1 saylı Kürdəmir orta ümumtəhsil məktəbinə oğlumun adı verilsin və həmin məktəbin adı Kürdəmirdəki başqa məktəblərdən birinin adı ilə adlandırılsın. Çünki oğlum həmin məktəbin tək və yeganə İkinci Vətən Müharibəsi Şəhididir. Bunlar həm Şəhidimizin Haqqıdır, həm də bizim-Şəhid ailəsinin.

İnanıram və ümid edirəm ki, müraciətimi diqqətə alacaq, ona həssaslıqla yanaşacaq və onun müsbət həllinə əlinizdən gələn köməyi əsirgəməyəcəksiniz. Öncədən də Sizə dərin minnətdarlığımı və təşəkkürümü ifadə edirəm!”

Etikxeber.az

Read Previous

“Mən də oğluma toy etmək istəyirdim…”-ŞƏHİD ANASI AYGÜN MƏMMƏDOVA “ÜSYAN” ETDİ, NAZİRLƏR KABİNETİ VƏ MİLLİ MƏCLİSƏ SƏSLƏNDİ

Read Next

Daha bir Sənətkar itkisi-ARİF QULİYEV DÜNYASINI DƏYİŞDİ VƏ DƏFN OLUNDU – YENİLƏİNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir