Şəhid ailələrinin Astara görüşü…Eyni gündə, eyni yerdə həlak olan Şəhidlərimiz…6 medallı Kamran Seyfullazadənin-AİLƏSİNİ ZİYARƏT… – FOTOLAR

Bu gün, mayın 30-da Şəhid ailələrinin növbəti görüşü Cənub zonasında-Astara rayonunda baş tutdu.

Mingəçevirdən, Kürdəmirdən, Xaçmazdan, Bakıdan gələn Şəhid ailələri Astarada, Astaralı Şəhid yaxınları ilə görüşdülər.

Şəhid ailələri öncə Astaranın ən görməli yerlərindən olan və cəmi bir neçə il öncə istifadəyə verilən Dənizkənarı bulvarda bir araya gəldilər, çay süfrəsi arxasında bir xeyli söhbətləşdilər, dərdləşdilər.

Sonra Şəhid ailələri Astaranın İkinci Vətən Müharibəsi İgidlərindən, Qəhrəmanlarından və Şəhidlərindən olan 6 medallı Kamran Seyfullazadənin ailəsini ziyarət etdilər.

Qeyd edək ki, Kamran Seyfullazadə 1999-cu ilin yanvarın 14-də sadə bir ailədə dünyaya gəlib.

Ailədə bir bacı, bir qardaş olublar, bacısı Samirə xanım hazırda ailəlidir, bir oğul anasıdır, oğlunun da adı Namiq-Kamrandır.

Ana və baba (ana babasının) himayəsində böyüyən Kamran orta məktəbi bitirdikdən sonra – 2017-2018-ci illərdə Ağdam istiqamətində yerləşən hərbi hissələrdən birində qulluq edib.

Hərbi xidmətini, Vətənə borcunu yetirdikdən sonra da evinə, ailəsinə dönüb.

İki ilə yaxın müxtəlif işlərdə çalışıb, İkinci Vətən Müharibəsindən də bir neçə gün öncə, sentyabrın 21-də səfərbərliyə cəlb olunub, müharibə başlayan gündən də cəbhənin ən ağır nöqtələrində-Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Daşaltı-Çanaqçı-Şuşa istiqamətlərində olub.

Bütün Vətən sevdalıları kimi, Kamran da döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib, ad-san qazanıb…

…Və müharibənin başa çatmasına cəmi 6 gün qalmış, noyabrın 4-də Daşaltı-Çanaqçı-Şuşa istiqamətində gedən ağır döyüşlərdə bir neçə İgid döyüşçü yoldaşı, o cümlədən, Mingəçevirli, evin tək oğlu Fuad Xankişiyevlə bir yerdə, bir gündə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Elə həmin gün ailəsinə Şəhidliyi xəbəri verilib və noyabrın 5-də də nəşi Astara qəbiristanlığında dəfn edilib.

Ölümündən sonra İgidliyi, Qəhrəmanlığı Azərbaycan dövləti, Ali Baş Komandan tərəfindən qiymətləndirilib, 6 medalla təltif olunub.

Haqqıdır və Haqq etdiyini də Şəhidlik Zirvəsinə yüksəlməklə, qanı ilə, canı ilə qazanıb, əldə edib.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Allah anası Ruhiyyə (Ruqiyyə) xanıma, babası Firudin müəllimə, bacısı Samirə xanıma səbr, dözüm, qüvvət versin!

***

Şəhid ailəsini ziyarət zamanı Şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından bəhs edilib, onlarla fəxr edildiyi, qürur duyulduğu bildirilib, hər birinin ruhuna dualar oxunub, hər birinin ruhən, mənən hər zaman bizlərlə olduğu dilə gətirilib.

Şəhid ailəsini ziyarət təxminən iki saat davam edib.

Sonra Şəhid ailələri ilə birgə Şəhid Kamran Seyfullazadənin, Nurlan Rəhimovun, həmçinin, 3 övlad atası, polkovnik-leytenant Nail Orucovun, Ramiq Ağayevin, Telman Nəhmətovun, Mirzəhəsən Əlizadənin və Vüsal Nəhmətovun məzarları ziyarət edilib.

Ziyarətdən sonra Şəhid ailələrinin Astarada baş tutan (növbəti) görüşü başa çatıb.

Allah bütün Şəhidlərimizə rəhmət etsin, məzarları behiştlik, qəbirləri nurlu olsun.

Azərbaycan var olduqca, Şəhidlərimiz-Kamranlar, Fuadlar, Cəmillər, Ruslanlar, Musalar, Turallar, Tərxanlar, Təbrizlər, Naillər, Nurlanlar, Əlilər də… yaşayacaq, var olacaqlar.

Şəhidlər ölməyiblər, Ölümsüzlüyə qovuşublar, ruhən də, mənən də bizlərlədirlər!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

30 may, 2021-ci il

Goranboy-Kürdəmir-Astara-Kürdəmir

Etikxeber.az

Read Previous

Kürdəmirin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından biri…4 aydır işsiz olan-3 medallı İgidimiz – NATİQ ARAZ OĞLU BƏŞİROV… – FOTOLAR

Read Next

Şuşanın azad olunduğu gün Şəhid olan, nəşi 17 gün sonra tapılan Vətən sevdalısı-TƏBRİZ İLDIRIM OĞLU CÜMƏZADƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir