Şəhid Cəmil Məmmədli haqqında daha bir duyğulu -YAZI…

Həqiqətən də Vətən sevgisi imandan gəlir.

Necə ki, müdriklərimiz də “Vətənə gəldim, imana gəldim” deyiblər.

Elə bu sevgi idi ki, xalqımızın bütün vətənpərvər və qeyrətli oğullarını yumruq kimi bir araya gətirdi və düşmən üzərinə səfərbər etdi.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə də həmin böyük sevginin tərənnümü idi. Təbii ki, bu müqəddəs yolda şəhidlərimiz və qazilərimiz də oldu.  Vətənin igid oğulları qorxu bilmədən, ölümün gözünə dik baxaraq əzəli-əbədi torpaqlarımız uğrunda, ata-babalarımızın məskən saldığı  yurd  naminə canlarından keçməklə ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksəldi. Bu ucalığı fəth edən oğullarımız daim qəlbimizdə yaşayacaq. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, ancaq öz qanları ilə dastan yazan qəhrəman şəhidlərimiz, müqəddəs amal üçün canından keçən oğul və qızlarımız heç vaxt unudulmayacaq.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz və fəxrimizdir. Mənəvi dünyamızda cəsarət rəmzi kimi gənc nəslə şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Həm də şəhidlərimizi yad etmək,  onların  xatirəsini əziz tutmaq  müqəddəs borcumuzdur.

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və məzunları da Vətən müharibəsi zamanı ön cəbhəyə yola düşənlər sırasında şərəflə özlərinə yer aldı. Onların hər biri bizim qürur mənbəyimizdir.  Bu vətənpərvər oğullarımız da hamı kimi Qarabağı düşmən taptağından azad etmək arzusunu bütün istəklərindən üstün tutdu. Onlar da öz sinələrini Vətən üçün sipər etməyi müqəddəs borc olaraq duydu. Bu haqq savaşında universitetimiz 27 şəhid verdi, neçə-neçə igidimiz canının bir parçasını vətənə fada edərək qazi oldu.

Vətənin ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi universitetimizdə hər zaman əziz tutulub və bu belə də davam edir. Haqqında fəxrlə söhbət açacağımız bu qəhrəmanlarımızdan biri də 2020 – ci ildə AzTU-nun məzun olmuş  Cəmil Habil oğlu Məmmədlidir.

Cəmil Məmmədli 28 iyul 1999-cu ildə  İsmayıllı rayonunda dünyaya göz açıb. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonundakı 163 saylı orta məktəbdə təhsil alıb. 2016-cı ildə AzTU-nun Metallurgiya və metalşünaslıq fakültəsinə qəbul olunub,  2020-ci ildə isə təhsilini uğurla başa vuraraq Materialşünaslıq ixtisasına yiyələnib. O da digər tələbələr kimi universitet həyatını mənalı və maraqlı keçirib. Vətən qarşısında müqəddəs borcunu yerinə yetirmək üçün Cəmil daha sonra hərbi xidmətə yollanıb.

Anası Aygün xanımın, dil-ədəbiyyat müəllimi Xuraman xanımın və dostu Faiqin dediklərindən məlum olur ki, Cəmil ailə dəyərlərini yüksək tutan, vətəninə, torpağına bağlı, mərhəmətli, zəhmətkeş, xeyirxah əməlləri ilə xatırlanan bir oğul idi. İnsanlara qarşı xeyirxah və mərhəmətli,  diqqətcil və qayğıkeş olması ilə seçilər, ətrafındakılara hər zaman xoş münasibət sərgiləyərdi. Elə bu xüsusiyyətlərinə görə də hamı tərəfindən sevilərdi.

Torpaqlarımızın işğal altında, mənfur düşmən tapdağında olması bir vətənpərvər kimi onu  həmişə narahat edirdi. O, böyük sevinc hissi ilə hərbi xidmətə yollanmış və Vətən sevgisi ilə dolu ürəyindən torpaqlarımızın işğaldan qurtulması naminə aparılan mücadilənin öncüllərindən biri olmaq keçirdi. Hələ kiçik yaşlarından anasına bildirirmiş ki, mən elə bir ömür yaşayacağam, sən mənimlə həmişə fəxr edəcəksən. Məktəbdə keçirilən ictimai-siyasi və ədəbi-bədii tədbirlərdə daim fəallıq göstərib, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Buna nümunə olaraq 26 fevral Xocalı soyqrımı qurbanlarının xatirəsinə həsr olunan Səbaill rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə sahib olması onun ən sevincli günlərindən biri idi.

Sanki Cəmil hər bir şeyi qabaqcadan duymuş və gələcək həyatının konturlarını artıq  özü üçün bax elə beləcə də müəyyənləşdirmişdir. Elə hərbi xidmətdə də o, atıcılıq vəzifəsini icra edirdi. Əsgərlikdə olduğu zaman anası ilə danışarkən ona Milli Qəhrəman Mübariz İbrahimovun istifadə etdiyi silah növündən verilməsini böyük fəxr və qürur hissi ilə bildirirmiş. Cəmilin nümunəvi atıcılıq bacarığına malik olması düşmənə qarşı ölüm-dirim savaşında da böyük rol oynadı.

Cəmil müharibənin başladığı ilk günlərdən şəhidlik məqamına qədər həmişə yüksək əhval-ruhiyyədə olub və mütləq şəkildə düşmən üzərində zəfər çalacaqlarını ailəsinə bildirib. Hərbi xidmətdə yeni olmasına baxmayaraq,  döyüşlərdə böyük şücaətlik nümunəsi göstərib. Füzuli və Xocavənd uğrunda döyüşlərdə iştirak edib və düşmənin atəş nöqtələrinin məhv edilməsində cəbhə yoldaşları ilə birgə xüsusi fədakarlığa imza atıb.

 “Yalnız irəli və irəli” devizi ilə düşmənlərə aman verməyən Cəmil qanlı, şiddətli döyüşlərdə yağını diz çökdürməyi bacaran qəhrəman Vətən övladlarından biri olub. Şiddətli döyüşlərin birində Cəmil şəhidlik məqamına ucalıb… 

Qəhrəmanımızın anası Aygün  xanım Cəmilin cəbhə yoldaşlarının onun əsl Azərbaycan oğlu olduğu haqda ağızdolusu danışdıqlarını da dilə gətirdi. Deyirlərmiş ki, Cəmil digər əsgər dostları kimi səngərdən çıxıb müvəqqəti dincəlməyə qayıdıbmış, həm də çox yorğun imiş. Dostları ilə birlikdə nahar edirmiş. Elə bu zaman komandirin “…Kim könüllü olaraq  irəli getmək istəyir?” harayına ilk səs verənlərdən biri də Cəmil olur. Çünki onun məqsədi və qəlbinin istəyi tam aydın idi.  Nəyin bahasına olursa olsun Vətən torpaqları işğaldan qurtulmalıdır, yurdaşlarımız öz doğma yurd-yuvasına qayıtmalıdır, 30 illik həsrətə son qoyulmalıdır, od-ocaq  nisgilimiz bitməlidir və gözəllik məskəni Qarabağımıza, tarixi mədəniyyət və mənəviyyat şəhərimiz Şuşamıza qovuşmalıyıq.

Qəlbində özünə yer almış bu istək idi ki, onu döyüşə ruhlandırır, mübarizə əzmini artırırdı. Qorxu bilmədən, “ölüm nədir?” duymadan irəli atılırdı. Daim hücum əhval-ruhiyyəsində olan bütün rəşadətli əsgərlərimiz kimi Cəmilgil də düşmənə hücum etmək məqsədilə neytral zonaya keçirlər. Bu zaman erməni silahlıları onları hər tərəfdən mühasirəyə alırlar. Təcavüzkar düşmənin snayper silahından açdığı atəşlə Cəmil elə oradaca ağır yaralanır. Bu döyüş oktyabr ayının 14-dən 15-nə keçən gecə baş verir. Ürəyi Vətən naminə döyünən Cəmil Məmmədli elə torpaqlarımızın azadlığı uğrunda da qəhrəmancasına şəhid olur, adı isə əbədi olaraq qəhrəmanlar sırasında yazılır…

Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalan  qəhrəmanımız Cəmil Məmmədli böyük bir izdihamla son mənzilə yola salınıb. O, İsmayıllı rayonundakı Şəhidlər xiyabanında dəfn edilib.

Bir gəncin ömür yolu bax beləcə bitir… Ancaq bu ölüm digər ölümlərə bənzəmir. Vətən uğrunda, müqəddəs torpaqlarımız naminə şəhid olub, arzuları, istəkləri yarım qalan şəhid Cəmil Məmmədlinin qismətinə şəhid adı, taleyinə belə bir  şanlı həyatı yaşamaq  yazılıbmış…. Azğınlaşmış düşmənlərlə üz-üzə dayanaraq  neçə-neçə mərd igidlərimiz, qəhrəman oğullarımız kimi o da tarix yazanların cərgəsində şərəflə özünə yer aldı.

Prezident İlham Əliyevin sərəncamı ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Məğrur Azərbaycan anası Aygün xanım üçün nə qədər ağır olsa da, oğlu haqqında bunları da söylədi: “Mənim övladım Vətən yolunda şəhid olub, böyük Qələbənin əldə olunmasında Cəmilimin də payı var. Oğlum igidliklər göstərib, bu haqda onun hərbçi dostları mənə fəxarətlə danışıblar. Müharibə başlayandan oğlum düşmənə qarşı qəhrəmanlıqla vuruşub. Arzum odur ki, övladlarımızın qanı bahasına əldə etdiyimiz torpaqlarda həyat gülsün, od-ocaq şölələnsin, toy-büsat qurulsun.

Şəhidlərimizin qanı ilə sulanmış  müqəddəs  torpaqlarımız  gülüstana çevrilsin. Bir ana kimi bu mənə təsəlli olardı….Vətən sağ olsun! Cəmil o qədər ağıllı bir oğul idi ki, mənə “Hay, can ana” deyib, bütün tapşırıqlarımın dalınca vaxtında gedər, heç bir sözümü iki eləməzdi. İndi həmin qayğıkeş Cəmilim 21 yaşında bir dəfəlik o dünyaya köçdü.  Nəinki özünün, həm də mənim özümün onunla bağlı xatirələrimi birdəfəlik özü ilə apardı!”

Əziz Aygün xanım, şəhid anası olaraq sizin qarşınızda baş əyirik və məğrur ana obrazının tərənnümü kimi qəlbimizin səsini ünvanlayırıq:

Sən bir şərəf, şan böyütdün,

Alıcı tərlan böyütdün,

Vətənə qurban böyütdün,

Ağlama şəhid anası!

İnan haqqa olmaz əvəz,

Yurd verilməz, yurd bölünməz,

Şəhid olan vallah ölməz,

Ağlama şəhid anası!

Əziz şəhidimiz Cəmil, ruhun şad olsun! Qoynunda  rahatca uyuduğun o torpağa sənin də qanla möhürlənmiş imzan əbədi həkk olub!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

http://aztu.edu.az/azp/?fbclid=IwAR349kkFrH1dpeAdrqcFElsiGoMjCXmPPSFsbzeIrq6hzcSTLg6kNgaU6_g#/azp/etc/newsView.do?deptid=0&articleid=20210309200136373160

Etikxeber.az

Read Previous

Yoluxmada yenidən kəskin artım-515 – DAHA 7 ÖLÜM…

Read Next

“Son 30 ildə ilk dəfə olaraq parlamentin rəhbərliyinə Elmira Qafarovadan sonra Qafarova soyadlı ikinci bir xanım – Sahibə Qafarova seçildi və…”-KAMİL HƏMZƏOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir