Şəhid Məhəmməd Məmmədlinin anası ölkə rəhbərliyinə müraciət etdi: “QARŞIDAN 26 İYUN GƏLİR, İSTƏYİRƏM Kİ, HƏMİN ƏRƏFƏDƏ ÖVLADIM, TƏK OĞLUM ALİ ORDENLƏRİMİZDƏN BİRİ İLƏ TƏLTİF OLUNSUN, HƏM DƏ MİNGƏÇEVİRDƏ ADI, XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLSİN”

Mingəşevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Murad oğlu Məmmədlinin anası Mehriban Məmmədova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova və Milli Məclisin üzvü Aydın Mirzəzadəyə müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Mehriban İsmayıl qızı Məmmədova Mingəçevir şəhərində yaşayıram. Bu, son iki ildə Sizə ünvanladığım ikinci müraciətimdir, bir qədər fərqli şəkildə. Xatırlatmaq istəyirəm ki, mən Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Murad oğlu Məmmədlinin anasıyam. Övladım İkinci Vətən Müharibəsi zamanı könüllü şəkildə Vətənin müdafiəsinə yollandı, ətlə, qanla, dırnaqla alınan Suqovuşanda Şəhidlik məqamına ucaldı. Oktyabr ayının ilk günlərində Şəhid olsa da, nəşini günlər, aylar sonra-2020-ci ilin dekabrında əldə etdik və Mİngəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırdıq.

Məhəmməd mənim iki övladımdan biri, tək oğlum, arxam-dayağım idi. Yoldaşımı da illər öncə itirmişəm. Övladlarımı minbir çətinliklərlə böyütmüşəm. Məhəmmədim həm də ailəli idi. Şəhidliyindən aylar sonra-2021-ci ilin yanvarında övladı dünyaya gəldi. Nə özü övladının üzünü görə bildi, nə də övladı ata üzünü gördü. Bunları yazmaq mənə çox ağır və əzablıdır. Bir Allah bilir ki, bunları yazarkən nələr çəkirəm, nələr yaşayıram…

Bir qızım qalıb, onun da illərdir səhhətində problemlər var, illərdir ağır müalicələrdən keçir, üstəlik də tək qardaş və ata dərdi…İndi təsəvvür edin ki, mən hansı əzablar içindəyəm…Allah heç bir ananın, heç bir valideynin, heç bir bəndəsinin başına gətirməsin…Mən yaşadım, kimsə yaşamasın, mən çəkdim, kimsə çəkməsin…

Qeyd edim ki, Şəhidliyindən sonra övladım Sizin müvafiq Sərəncamlarınızla üç medalla təltif olunub. Buna görə də Sizə minnətdarlığımı bildirirəm. Amma hesab edirəm ki, övladım bundan daha artığını Haqq edir”.

Müraciətdə sonra qeyd olunur:

“Çox hörmətli Müzəffər Ali Baş Komandanımız!

Müraciət etməkdə məqsədim övladımın ali ordenlərimizdən biriylə təltif olunması ilə bağlıdır. Bir Dərdli, bir Yaralı, həm də bir Qürurlu, Qəhrəman Oğlu anası kimi istəyirəm ki, övladım ali ordenlərimizdən biri ilə təltif olunsun. Bu, balamın, tək oğlumun Haqqıdır. Qarşıdan 26 iyun-Silahlı Qüvvələr Günü gəlir və bilirəm ki, həmin ərəfədə növbəti sərəncamınız olacaq, yenə Şəhid ruhları, yenə Şəhid ailələri sevindiriləcək.

Ona görə çox xahiş və rica edirəm ki, mənim də balamı Haqqı olan ali ordenlərimizdən biri ilə təltif edəsiniz. Bununla həm Şəhidimin ruhu sevindirilmiş olar, həm də bir Şəhid anası kimi mənə təsəlli, təskinlik verilmiş olar.

Eyni zamanda istəyirəm ki, övladımın adı, xatirəsi əbədiləşdirilsin. Mingəçevir şəhərinin küçələrindən birinə, eyni zamanda, təhsil aldığı 18 saylı məktəbə övladımın, Məhəmmədimin adı verilsin. Bu da, bunlar da balamın Haqqıdır.

Ona görə istərdim ki, bununla bağlı həm Nazirlər Kabinetinə, həm Təhsil Nazirliyinə, həm də Mİngəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. İnanıram və əminəm ki, belə də olacaq, müraciətimdəkilər nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Öncədən də Sizə öz minnətdarlıq və təşəkkürlərimi bildirirəm.

Allah Sizi, ailənizi, Qalib Azərbaycanımız, Müzəffər Ordumuzu qorusun! Amin!”

Etikxeber.az

Read Previous

Hava şəraiti pisləşəcək-SABAHDAN

Read Next

Bərdədə polisə silahlı müqavimət göstərən narkotacirlər saxlanıldı-DİN MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir