“Şəhid qardaşıma məktub” layihəsinə-START VERİLDİ…

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı 27 sentyabr – şəhidlərin Anım Günü ilə əlaqədar “Şəhid qardaşıma məktub” layihəsinə start verib.

YAP Nəsimi rayon təşkilatının mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, rayon partiya təşkilatı ardıcıl olaraq həm Birinci Qarabağ müharibəsinin, həm də Vətən müharibəsinin qəhrəmanlarının gənclər arasında təbliği məqsədilə müxtəlif tədbir və layihələr həyata keçirir.

Rayon təşkilatı rayon ərazisində yaşayan şəhid ailələri və qaziləri ilə sıx əlaqələr saxlayır, onların problemlərinin həllinə çalışır.

Bildirilir ki, 2020-ci il Azərbaycan xalqının uzunəsirlik tarixinə Zəfər ili kimi qızıl hərflərlə yazılacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovaraq, 30 illik həsrətə son qoyub. Tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan şanlı Zəfərimiz yüzlərlə şəhidin qanı ilə yazılıb.

Vətənin müdafiəsinin qalibiyyət simfoniyasının yazılmasında savaşa könüllü olaraq qoşulmuş yüzlərlə gəncimiz sağlamlıqlarını qurban verdi. Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailər Azərbaycan xalqının başını uca etdilər. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu.

Biz hamımız şəhidlərimizə və qazilərimizə borcluyuq. Bu il Azərbaycan xalqı 27 sentyabr tarixini Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilən Şəhidlərin Anım Günü kimi qeyd edəcək. Bu məqsədlə YAP Nəsimi rayon təşkilatı qarşıdakı müddət daxilində silsilə tədbirlərin həyata keçirilməsini nəzərdə tutub.

Bu tədbirlərdən biri də Nəsimi rayon ərazisində yerləşən universitetlərdə təhsil alan gənclər arasında “Şəhid qardaşıma məktub” inşa yazı müsabiqəsinin təşkilidir. Mövcud koronavirus pandemiyasını nəzərə alaraq, müsabiqə onlayn formatda keçiriləcək. Müsabiqənin keçirilmə qaydaları YAP Nəsimi rayon təşkilatının saytında yerləşdirilib. Bu günədək mindən çox gənc müsabiqədə iştirak etmək üçün müraciət edib.

Aprelin 14-də layihə çərçivəsində müsabiqənin təşkili məqsədilə təşkilat komitəsinin, şəhid ailələri və qazilərin də daxil olduğu münsiflər heyətinin ilk iclası keçirilib.

İclasda müsabiqənin aprelin 16-dan mayın 16-a qədər keçirilməsi qərara alınıb.

Etikxeber.az

Read Previous

“Hərbi Qənimətlər Parkı hər bir vətəndaşda, sülhü, əmin-amanlığı dəstəkləyən hər bir insanda qürur hissi doğurur…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Bütün dünya Ermənistanın faşist dövləti olması gerçəkliyi və faktı ilə üz-üzə qaldı…Ancaq ifşa prosesi, sarsıdıcı siyasi-diplomatik zərbələr bununla da bitmədi…”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ – (İKİNCİ HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir