Şəhidlərimiz-Yusif Budaqov, Cəmil Məmmədli, Cəmil Həşimli, Əzəmi Hüseynov və ya Şəhid ailələri ilə – ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT…-FOTOLAR

Bu gün, 23 may tarixində növbəti dəfə Şəhid ailələrini ziyarət etdik…

Ziyatət zamanı mənimlə birgə digər Şəhid ailələrinin üzvləri-Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Həşimlinin anası, o cümlədən Qazi və Əsgər anası Simuzər Bağıyeva və Mingəçevirli (əslən Şuşalı), İkinci Qarabağ Savaşının Şəhidi Əzəmi Hüseyovun bacısı Elnarə Hüseynova və oğlu iştirak edirdi…

Öncə Səbailin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan, oktyabrda (11-ində) anadan olan və oktyabrda (31-ində) nəşi Badamdar qəbiristanlığında torpağa tapşırılan iki medallı Yusif Ramiq oğlu Budaqovun anası Lətafət xanım və Şəhidimizin yaxınları ilə görüşdük…

Görüşümüz, ziyarətimiz təxminən 2 saat çəkdi…

Görüş-ziyarət zamanı Şəhid ailələri İkinci Vətən Müharibəsinin Şəhidləri olan əzizlərindən-Yusifin, Cəmilin və Əzəminin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından danışdılar, bəhs etdilər, bir-birilərini məlumatlandırdılar…

Eyni zamanda, Şəhid ailələrinin zaman-zaman üzə çıxan problemlərinin həllinə nail olunmasında, xüsusilə, Şəhid adlarının və xatirəsinin əbədiləşdirilməsi məsələsində yaranan çətinliklərin, maneələrin aradan qaldırılmasında birgə fəaliyyət göstərməyin, bir-birinə dəstək verməyin zəruri olduğunu bildirdilər…

Şəhid ailələri Şəhid adlarının əbədiləşdirilməsi yolunda ən böyük maneə olan Nazirlər Kabinetinin 1994-cü il tarixli qərarının, ələlxüsus, iki orden tələbinin aradan qaldırılmasını vacib hesab etdilər və bu məsələdə yerli icra hakimiyyətlərinin, millət vəkillərinin onlara dəstək verməsini məqəsəduyğun saydılar…

Qeyd edək ki, Şəhidimiz Yusif Budaqov evin tək övladı olub…

Aprel döyüşlərində də iştirak edən Şəhidimiz İkinci Vətən Müharibəsindən bir neçə gün əvvəl hərbi təlimlərə cəlb olunub, sonra isə müharibədə iştirak edib, vuruşub, döyüşüb…

Ailəsi, tək anası (atası Şəhidliyindən bir müddət öncə dünyasını dəyişib) ilə də axırıncı dəfə ad günündən iki gün sonra, oktyabrın 13-də danışıb, sonra ondan xəbər almaq mümkün olmayıb…

Bir xeyli müddət sonra isə Şəhidliyi xəbəri gəlib və nəşi oktyabrın 31-də Füzuli rayonundan gətirilərək, Səbail şəhidlərinin yanında, Badamdar qəbiristanlığında dəfn olunub…

Həm həyat yoldaşını, həm də tək övladını itirən Lətafət xanım hazırda tək-tənha yaşayır, özü də kirayədə…Və kirayə həyatı illərdir davam edir…Hələ də ev, mənzil məsələsinə konkret kömək edən, köməklik göstərən yoxdur…

Üzücü, təəssüfedici bir durum… Yenə sözün bitdiyi yer…

Və inanmaq istərdik ki, gec olmayan bir zamanda həm Şəhdimizin xatirəsinin əbədiləşdirilməsi, həm də tək, kimsəsiz Şəhid anasının-Lətafət xanımın ev, mənzil problemlinin həllində konkret addımlar atılacaq…

Lətafət xanım və Şəhidimizin yaxınları ilə ziyarətimizi başa vurub, digər Şəhidimizin, yenə evin tək oğlu-Şəhid Cəmil Məmmədlinin ailəsinə baş çəkməyə gedirik…

Əslən İsmayıllıdan olan, özü isə Bakıda, Səbail rayonu, Bayıl qəsəbəsi, Buxta küçəsində böyüyüb boya-başa çatan Cəmil Habil oğlu Məmmədli 2020-ci ilin yayında ali məktəbi bitirdikdən dərhal sonra hərbi xidmətə yollanıb…

Əsgər kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərdə olub, döyüşüb, vuruşub və Füzuli istiqamətində döyüşlərdən birində, oktyabrın 14-dən 15-inə keçən gecə Şəhidlik məqamına ucalıb…

Qeydiyyat ünvanları İsmayıllı olduğu üçün Bakıda, Badamdar qəbiristanlığında deyil, İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunub…Ölümündən sonra 3 medalla təltif olunub…

Şəhidimizin ailəsi Cəmil Məmmədlinin oxuduğu və tək Şəhidi olduğu 163 saylı məktəbə, o cümlədən, Səbail və ya İsmayıllı rayonlarındakı küçələrdən birinə övladlarının adının verilməsini istəyirlər…

Eyni zamanda, Şəhidimizin ailəsi uzun illərdir çox şəraitsiz və cəmi 18 kvadratmetrlik bir evdə yaşayırlar…Və onların da qısa bir zamanda yeni evlə-mənzillə təmin edilməsi lazımdır və vacibdir…

Və yenə inanmaq istərdik ki, Şəhid Cəmil Məmmədlinin də ailə üzvlərinin xahiş və tələbləri qısa zaman ərzində diqqətə alınacaq və öz müsbət həllini tapacaq…

Bir qədər də söhbətləşdikdən sonra Şəhid Cəmil Məmmədlinin ailəsinə ziyarətimiz başa çatır və sağollaşıb, onlardan ayrılırıq.

****

Həmçinin, qeyd edək ki, Şəhidimiz Cəmil Həşimli oktyabrın 5-ində Füzuli istiqamətində döyüşlərdə həlak olub və ayın 6-sında Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunub…

Ölümündən sonra isə 4 medalla təltiflənib…

Qardaşı-peşəkar hərbçi Mərahim Həşimli də İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qazilərindəndir…Şəhidimizin ali təhsilli kişik qardaşı Cavid Həşimli isə Vətənin keşiyini çəkməkdə, Naxçıvan Muxtar Republikasında xidmətini davam etdirməkdədir…

Əslən Şuşalı və ömründə bir gün olsun Şuşa üzü görməyən Əzəmi Hüseynov isə Mingəçevirdə anadan olub…

Həm də ailədə 3 bacı və bir qardaşı olublar..Atalarını da çox erkən itiriblər…

Şəhidimiz digər ixtisas üzrə ali təhsil alsa da, həyatını Ordu ilə, hərblə bağlayıb və harada xidmət edibsə, fəaliyyət göstəribsə, özünü hər mənada doğruldub, ad-san çıxarıb…

Şəhidimiz həm Aprel, həm İyul döyüşlərinin, həm də İkinci Vətən Müharibəsinin iştirakçılarından olub və İkinci Vətən Müharibəsi zamanı, Şuşanın azad edilməsindən düz bir ay öncə-oktyabrın 8-ində, Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərdə qəhrəmancasına həlak-Şəhid olub və nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub…

Ölümündən sonra iki medalla təltif olunub… Şəhidliyinin yeddinci ayının tamamında, mayın 8-də isə Mingəçevirdə adını daşıyan “Şəhid bulağı”nın açılışı olub..

2 il öncə ailə qursa da, Şəhidimizin övladı dünyaya gəlməyib… Həyat yoldaşı isə Şəhidimizin anası ilə birlikdə hazırda Mingəçevirdə kirayədə yaşamaqdadır…

Allah bütün Şəhidlərimizə, o cümlədən, Cəmil Məmmədli, Yusif Budaqov, Cəmil Həşimli və Əzəmi Hüseynova qəni-qəni rəhmət etsin!

Məkanları nurlu, məzarları behiştlik olsun!

Ruhları qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah hava necə-OLACAQ?

Read Next

“İllərdir çox şəraitsiz, çox darısqal, ev adlandırılması belə mümkün olmayan bir “ev”də, daxmada yaşayırıq…Cəmi 18 kvadratmetlik bir “ev”də…”-ŞƏHİD CƏMİL MƏMMƏDLİNİN ANASI AYGÜN MƏMMƏDOVA ÖLKƏ PREZİDENTİ VƏ BAŞ NAZİRƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir