Şəhidlərimizin ilinə bir ay qaldı: Ailənin tək övladı-Şəhid Əli Rzayev və evin tək oğlu-Şəhid Kənan Ələkbərlinin – TORPAĞA TAPŞIRILMASINDAN 11 AY KEÇİR – FOTOLAR

Bu gün, 11 sentyabr tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kənan Müşfiq oğlu Ələkbərlinin torpağa tapşırılmasından 11 ay keçir.

Etikxeber.az xəbər verir ki, Kənan Ələkbərli 1996-cı ilin may ayının 15-ində anadan olub.

25 yaşlı Şəhidimiz evin tək oğlu, iki bacının tək qardaşı olub.

Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarındandır.

Əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir.

O, 1994-cü ilin qışında Ağdərə (Akop-Kamari) istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.

Cabbar texnikum təhsilli və subay olub.

Kənan isə İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə olub.

O, oktyabr ayının 10-unda ağır döyüşlərdən birində Şəhid olub və oktyabrın 11-ində nəşi Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra iki medalla təltif olunub.

Kənan nişanlı olub.

Qeyd edək ki, Kənanın yaxın dostu və sinif yoldaşı İlkin Səfail oğlu Vəliyev də İkinci Vətən Müharibəsinin Şəhididir.

İlkin Kənandan 15 gün sonra Şəhidlik Məqamına yüksəlib və torpağa tapşırılıb.

Allah rəhmət etsin, nur içində yatsınlar!

***

Bu gün həm də Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək-yeganə övladı, iki medallı Əli Rzayevin torpağa tapşırılmasından 11 ay ötür.

Əli Rzayev  1992-ci ilin iyulun 9-unda Mingəçevirdə-sadə bir ailədə dünyaya gəlib.

2010-cu ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib, Vətənə xidmət borcunu yerinə yetirib, yenidən evinə, ailəsinə dönüb.

Müxtəlif sahələrdə, peşələrdə çalışıb.

27 yaşında, 2019-cu ilin noyabrın 12-də Gülü adlı qızla evlənib.

2020-ci ilin iyunun 30-unda Hüseyn adlı övladı dünyaya gəlib.

Amma oğlunun üzünü də doyunca görməyib, İkinci Vətən Müharibəsi başlayan gündən MAXE kimi (cəmi bir ay imiş ki, MAXE kimi fəaliyyət göstərirmiş) döyüşlərə atılıb.

Döyüşüb, vuruşub və Ağdərə istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 6-da qəhrəmancasına həlak- Şəhid olub.

Ancaq nəşini 4 gün sonra götürmək mümkün olub və oktyabrın 10-unda nəşi Mingəçevirə gətirilib, oktyabrın 11-ində isə Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra iki medalla təltif olunub.

Atasını vaxtsız itirən, bəyliyi cəmi 11 ay çəkən İgidimiz, Şəhidimiz uzun illər yataqxanada yaşayıb.

11 ayın gəlini olmuş, 19 yaşından dul qalmış 2001-ci təvəllüdlü həyat yoldaşı və bu ilin iyulun 30-unda bir yaşı tamam olmuş körpəsi də hazırda yataqxanada yaşayır.

Ruhu şad, məkanı cənnətlik olsun!

Allah ailəsinə-anasına, həyat yoldaşına və övladına səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Övladımız gözümüzün qabağında şam kimi əriyə-əriyə gedir… Bu, bizə ölümdən də betərdir…”-GORANBOYLU QAZİ ŞƏMSİ HACIYEVİN VALİDEYNLƏRİ ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ, İKİ MƏSƏLƏNİN HƏLLİNDƏ ONLARA KÖMƏKLİK GÖSTƏRİLMƏSİNİ İSTƏDİLƏR

Read Next

Azərbaycanda tədrisin əyani formada təşkili ilə bağlı-QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir