“Şəhidlik kimi Ucalıqda, Zirvədə olan bir Oğulun anası, qardaşı üçün indi balaca bir torpaq sahəsinin ayrılması bu qədərmi çətindir, bu qədərmi mümkünsüzdür?”-ŞƏHİD ADƏM ƏLİYEVİN ANASINDAN PREZİDENT VƏ BİRİNCİ VİTSE-PREZİDENTƏ NÖVBƏTİ MÜRACİƏT

Kürdəmir rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, 3 medallı Adəm Əliyevin anası Akifə Ağayeva Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, İlham Heydəroğu!

Hörmətli, Mehriban xanım!

Sizə növbəti dəfə müraciət edərək, bildirmək istəyirəm ki, mən Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Adəm Əliyevin anası Akifə Həmid qızı Ağayevayam. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, iki övladımdan biri, təkbaşına, minbir əzab-əziyyətlə böyütdüyüm oğlum Adəm Əliyev İkinci Vətən Müharibəsinin ikinci günü, sentyabrın 28-ində Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamıma ucalıb.

Nəşi sentyabrın 29-unda Kürdəmirin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Oğul itkisi, övlad itkisi nə qədər ağır və əzablı olsa da, Adəmimlə Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram ki, Adəm kimi Vətən sevdalısı bir İgidin, bir Qəhrəmanın, bir Şəhidin anasıyam. Adəmim də daxil olmaqla, bütün Şəhidlərin, bütün Şəhid balaların ruhu qarşısında baş əyirəm!”

Müraciətdə sonra qeyd edilir:

“Cənab, Prezident!

Dəyərli və əziz Mehriban xanım!

Sizə ötən müraciətlərimdə də qeyd etdiyim kimi, övladlarımı atasız, təkbaşına və illərdir kirayə evdə böyütmüşəm. Hazırda da kirayədə yaşayıram, yaşayırıq oğlum Arifimlə. Adəmimdən sonra gözümə heç nə görünmür, heç bir dünya malında, evdə, mənzildə, torpaqda gözüm yoxdur. Amma bir Ana kimi tək oğlum, tək övladım Arifin də sabahını, gələcəyini düşünmək məcburiyyətindəyəm, ona görə də ev-mənzil məsələsini özüm sağikən həll etməliyəm. Biz illərdir Kürdəmirin Üzeyir Hacıbəyov küçəsində, “Gənc Heydərçilər” parkı ilə üzbəüz evdə kirayədə qalırıq. Şəhidim də bu evdən məktəbə, əsgərliyə, yenidən Orduya və Şəhidliyə gedib. Bu küçədə yerləşən məktəbdə oxuyub. Adını daşıyan “Şəhid bulağı” da məhz bu küçədə, “Gənc Heydərçilər” parkının 100 metrliyindədir.

İllərdir həmin parkın yanında boş ərazi, torpaq sahəsi var və yanında da uçuq-salxaq, istifadə edilməyən yeməkxana. Dəfələrlə Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etməyimizə baxmayaraq, həmin boş ərazidə, Şəhidimin adını daşıyan “Şəhid bulağı”nın yanında bir otaqdan ibarət ev tikməyə, daxma qaraltmağa icazə verilmir. Hər dəfə də guya həmin ərazinin kiməsə məxsusluğu bildirilir, hətta ortaya özlərinin də inanmadıqları saxta, şübhəli sənəd ortaya qoyulur. Həmin sənədin saxta və şübhəli olması elə bugünlərdə bizə göndərilən məktubla bir daha təsdiqini tapmış olur. Çünki əgər həmin ərazi, həmin sahə kiminsə qanuni mülkiyyəti olsaydı, bizə göndərilən cavab məktubunda mütləq öz əksini tapardı.

Belə ki, bugünlərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən bizə göndərilən cavab məktubunda deyilir:

“Kürdəmir rayonu, Kürdəmir Bələdiyyəsinin ərazisindən Kürdəmir şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 80 kvadratmetr torpaq sahəsinin yerquruluşu planının hazırlanması barədə müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır.Ayrılması nəzərdə tutulan torpaq sahəsi yaşayış məntəqələri daxilində ümumi istifadədə olan torpaqlara aid olduğundan yerquruluşu planının hazırlanması mümkün olmamışdır”.

Qeyd edim ki, həmin sənədi-daha doğrusu, cavab məktubunu direktor müavini Natiq Məlikov adlı bir şəxs imzalamışdır. Çox maraqlı və gülməlidir ki, imzada da açıq-aşkar səhvə, yanlışlığa, savadsızlığa yol verilmişdir. Direktor müavini əvəzinə, “Direktor-direktor müavini” yazılmışdır. Bu, elə bəribaşdan həmin məktubun nə qədər savadsız, başdansovdu və qeyri-qanuni olduğunu göstərməkdədir. Tutaq ki, cavab məktubu qanunidir, Əgər cavab məktubunda “ümumi istifadə”dən danışılırsa, o zaman Oğlum-Şəhidim də Ümumxalq və Ümumvətən mənafeyi naminə canından keçmiş, gənc yaşında, ömrünün ən gözəl çağında Vətən, Xalq yolunda Şəhid olmuşdur. Şəhidlikdən də ən Uca, ən yüksək Zirvə yoxdur. Və bu Ucalıqda, bu Zirvədə olan bir Oğulun anası, qardaşı üçün indi balaca bir torpaq sahəsinin ayrılması bu qədərmi çətindir, bu qədər mümkünsüzdür? Hesab edirəm ki, qətiyyən, çətin deyil və mümkündür. Ancaq kimlərsə öz şəxsi, cılız maraqları naminə Şəhid ailəsini incitməkdən, onu kirayədə çürütməkdən ləzzət alır”.

“Ona görə Sizdən, hər ikinizdən xahiş və rica edirəm ki, həmin ərazinin, boş torpaq sahəsinin (cəmi 2-3 sotdan söhbət gedir) bizə verilməsi, ayrılması və orada bir daxma qaraltmağımız üçün öz səlahiyyətlərinizdən istifadə edib, Kürdəmir rayon rəhbərliyinə, digər aidiyyatı dövlət qurumlarına tapşırıq və göstərişlərinizi verəsiniz. Mənə, oğluma başqa yerdən ev, torpaq lazım deyil, bir Şəhid anası kimi, sadəcə, həmin ərazini, boş torpaq sahəsini istəyirəm. İnanıram və əminəm ki, müraciətim tərəfinizdən nəzərə alınacaq, öz müsbət həllini tapacaq və gözüyaşlı, qəlbidağlı Şəhid anasının üzü, ürəyi az da olsa, sevindiriləcək, ən əsası Şəhidimizin ruhu sevindiriləcək. Öncədən də Sizlərə dərin təşəkkürlərimi və minnətdarlığımı ifadə edirəm. Allah Sizləri, Dövlətimizi, Xalqımızı, Millətimizi qorusun!”-deyə, Şəhid anasının müraciətində sonra bildirilir.

Etikxeber.az

Read Previous

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil HƏŞİMLİNİN ŞƏHİDLİYİNDƏN 9 AY KEÇİR – AİLƏSİ VƏ MƏZARI ZİYARƏT OLUNDU – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

62 yeni yoluxma-SON SUTKADA ÖLÜM OLMAYIB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir