Səməd Seyidov: “Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”

Azərbaycanda Xocalı soyqırımı ilə bağlı hazırlanacaq qanun layihəsinin təsnifatı açıqlandı

Noyabrın 28-də Milli Məclisdə (MM) “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı olub. 

MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, layihə MM tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq: “Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Biz beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. Bu da ilk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların, beynəlxalq cinayət tribunallarının və məhkəmə presedentlərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Qanun layihəsində bunu təsbit edəcəyik”.

N. Səfərovun sözlərinə görə, etnik təmizləmə cinayəti dünyanın heç bir ölkəsinin qanunvericiliyində əksini tapmayıb: “Biz bunun hüquqi bazasının əldə edilməsinə artıq çox yaxınlaşmışıq və bu qanun layihəsində ortaya qoyacağıq. Bundan başqa, qanun layihəsində beynəlxalq cinayətlərin törədənlərin ekstradiyası məsələsi də təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq. Hətta qanun layihəsində o da əks olunacaq ki, yuxarıda göstərilənlər baş tutmayacağı təqdirdə Azərbaycanın bununla bağlı hansı cinayət təqiblərinin həyata keçirməsi və sair mümkün ola bilər”.

“Azərbaycan BMT Təhlükəsizlik Şurasına Xocalı soyqırımı ilə bağlı müraciət etməlidir”

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına Xocalı soyqırımı ilə bağlı müraciət etməlidir. O, qeyd edib ki, indiyə qədər Azərbaycanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq cinayət məhkəməsinə müraciət etməməsi düzgün olmayıb: “Mənim üçün hələ də qaranlıqdır ki, Azərbaycan niyə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir? Azərbaycanın bu quruma qoşulmamasının səbəbləri bəlli deyil. Azərbaycan mütləq BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir. Biz BMTTŞ sədri olduq, bu məsələ gündəmə gəlmədi. Mövcud qanunvericiliyimiz imkan verir ki, qiyabi məhkəmə keçirilsin. Bundan sonra sənədlər BMT baş katibinə təqdim olunmalıdır. Azərbaycan mütləq bu addımı atmalıdır. Soyqırım törədənləri yalnız Azərbaycan özü cəzalandırmalıdır. Biz reallıqları bilirik. Dünyada çox təəssüf ki, islamofobiya var. Ona görə də Azərbaycan özünə müttəfiqlər tapmalıdır. Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Amma Azərbaycan bu barədə də ciddi şəkildə düşünməli, özünə hərbi-siyasi müttəfiqlər tapmalıdır”.Q. Həsənquliyev təklif edib ki, qiyabi məhkəmələr qurulmalı və qəbul olunan qərarlar Xarici İşlər Nazirliyi vasitəsilə BMT baş katibinə təqdim edilməlidir.

MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov isə cavabında bildirib ki, Azərbaycan 1997-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin Romadakı toplantısında iştirak edib, ancaq sənədə imza atmayıb və onu ratifikasiya etməyib: “Mən açıq deməliyəm ki, bu məhkəmə yarandığı müddətdən bu günə qədər çox təəssüf ki, ona bəslənən ümidləri doğrultmur. Bu gün Beynəlxalq Cinayət Məhkəməsindəki işlərin hamısı Afrika ilə bağlıdır. Hətta belə fikir var ki, bu, regional xarakter daşıyan məhkəmədir və ancaq Afrika üçün yaradılıb. Bir neçə dövlət artıq məhkəməyə müraciət edib ki, onun nizamnaməsində iştirak etməyəcək. Bir sıra məhkəmə qərarları isə siyasi xarakter daşıyır”.

Xocalıda törədilən soyqırımla bağlı beynəlxalq tribunalın yaradılmasına gəldikdə, N. Səfərov deyib ki, bu imkan həmişə mümkündür: “Belə cinayətlər törədildikdə bu kimi orqanlar yaradıla bilər. Ancaq mütləq və mütləq Təhlükəsizlik Şurasının razılığı olmalıdır. Yəni nəzəri cəhətdən bunu da istisna etmək olmaz”.

“Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini davam etdirən Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”

“Biz konkret tələb qoymalıyıq ki, Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini davam etdirən Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”. Bunu da çıxışında AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov deyib. O, xatırladıb ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi gedir: “Biz bu gün şəhidlər veririk. Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan bu gün beynəlxalq təşkilatların fəal üzvlərindən biridir. Görün, nə dərəcədə çətinlik var! Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan ölkə məhkəməyə çağırılmalıdır. Biz heç nədə gecikməmişik”.

S. Seyidovun fikrincə, gələcəkdə Azərbaycanın torpaqları danışıqlar prosesi, yaxud başqa bir yolla qaytarıldıqdan sonra mütləq bütün cinayətkarları məhkəməyə vermək lazımdır: “Amma bu gün reallıqdan çıxış edərək bildirim ki, BMT-nin 4 qətnaməsinin icrası ilə bağlı problemlər yaşadığımız bir halda beynəlxalq cinayət məhkəməsinə müraciət etmək və orada siyasi məsələləri tamamilə neytrallaşdırıb ədalət axtarmaq çox çətin və mürəkkəb bir məsələdir”.

“Xüsusi xidmət orqanları bu işlə məşğul olmalıdır”

Digər millət vəkili Fazil Musatafa öz növbəsində deyib ki,  xüsusi  xidmət orqanları Xocalı soyqrımını törədənləri tutub gətirib, Azərbaycanda mühakimə olunmasını təmin etməlidirlər. Onun sözlərinə görə, Xocalı soyqrımını törətmiş şəxslərə qarşı istənilən addımı atmaq üçün Azərbaycanın hüququ çatır və bunu da etməlidir: “Bu adamlar dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq tutulub- gətirilib Azərbaycanda mühakimə edilə bilər və edilməlidir də. Sadəcə, bunu etmək  lazımdır. Xüsusi xidmət orqanları bu işlə məşğul olmalıdır”- deyə, millət vəkili vurğulayıb. F.Mustafa deyib ki, əgər Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları dünənə  kimi öz iş adamlarımızı güdüb, onları tuturdusa, indi isə öz vəzifəsini layiqincə yerinə yetirən DTX  yaradılıb. “Və sözün əsl mənasında onlar öz vəzifələrini məsuliyyətlə icra edilər. Onlar Xocalı soyqırımını törədənlərin  yaxalanıb Azrbaycana gətirilməsini təmin etməlidirlər. Ona görə ki, başqa yolumuz yoxdur. Belə ki, beynəlxalq aləmin bu məsələyə hüquqi qiymət vermək niyyəti yoxdur. Biz ancaq siyasi qiymət   verilməsinə nail ola biləcyik və bunu gözləmək olar. Hüquqi qiymət isə olmayacaq. O baxımdan, biz bu cinayəti törədənləri dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq,  tutub Azərbaycana gətirib, mühakiməsinə nail olmalıyıq”- deyə, millət vəkili vurğulayıb. F.Mustafa əlavə edib ki, Ermənistanda Azərbaycan torpaqlarını işğal edilməsinə görə orden, medal, Milli Qəhrəman adını alanlar araşdırmalı, kimlikləri müəyyən edilməli və üzə çıxarılmalıdır: “Onları məhz  bu hərəkətləri ilə mühakimə etməklə bir president yaratmalıyıq.  Bununla bağlı dünya praktikası var. Məsələn, İsrailin MOSSAD təşkilatı  İsraildəki hadisələrdən xeyli zaman keçməsinə baxmayaraq, Argentinadan  Adiolh Eyhmanı oğurlayıb gətirdivə mühakimə edərək, edam etdi. Bu, bir beynəlxalq presidentdir və biz də bundan yararlanmalıyıq. Müharibədən 20-30 il keçməsinə baxmayaraq,  hərbi cinayət törədən şəxslər cəzalandırılmalıdır. Xüsusi xidmət orqanları bunu istəsələr, edə bilərlər”.
“Praktik məsələlər var ki, onlar  barədə danışmazlar”
 MM sədr müavini Bahar Muradova  millət vəkilinin bu çıxışına reaksiya verərək bildirib ki,  cinayətkarlaın cəzalandırılmasının hüquqi  yollarını və mexanizmini daha çox araşdırmalı,  bu yolla onların cəzalandırılmasına nail olmalıyıq:“Bir var hüquqi məsələ, onun barəsində danışmaq, müzakirə aparmaq olar, bir də praktik məsələlər var ki, onlar  barədə danışmazlar”.
Etikxeber.az

Read Previous

80 min maral aclıqdan tələf olub

Read Next

İlham Əliyev Aleksandr Lukaşenkonu qarşıladı və təkbətək görüşdülər – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir