“Sən Bakının inkişafı üçün nə etmisən?”-FƏRQANƏ QAFAROVA YAZDI

Əziz bakılılar və doğma şəhərimizi sevənlər!

İllərin zəhmətinin bəhrəsi olan “Daş ilməli şəhərim” çoxcildliyinin ilk cildi işıq üzü gördü. Antologiyanın birinci cildi qədim İçərişəhər barədə müxtəlif illərdə yazılmış elmi və elmi-kütləvi məqalələr toplusudur.

“Bayır şəhər”, “Əski Bakı”, “Neft Bakısı”, zaman-zaman baş qaldıran qonşularımızın bizə sırımaq istədiyi “Qaniçən xalq ləkəsinın əksini sübut edən “Beynəlmiləlçi Bakı”(“Bakıda erməni amili”, “Həmşərilər”,…), adlı cild, doğma Vətənini uzaq ellərdə tanıdan, onun başını uca edən istedadlı həmvətənlərimizdən bəhs edən “Bakıdan uzaqlarda”….. və nəhayət “Abşeron yarımadası-Bakı kəndləri” və s. adlanan növbəti cildlərsə nəşrə hazırlanır.

İlk dəfə olaraq “Beynəlmiləlçi Bakı” adlı mövzuya müraciət həmin cilddə qeyri-azərbaycanlıların burada –neft mədənlərində “bir parça çörək” qazanmaq məcburiyyətindən gəlməsini iddia edənlərə cavab olaraq fəxri adlar almış, əzizlənmiş, yüksək və məsul vəzifələr tutmuş müxtəlif etnik xalqların nümayəndələrinin həyatından bəhs edir.

Məqsəd Bakını yaxından tanımaq istəyənləri çoxsaylı mənbələrin, müxtəlif kitabxanalardakı, qapısı hər kəsin üzünə açıq olmayan arxivlərdəki, muzeylərdəki… materialların araşdırılmasından azad etmək, aidiyyati materialları bir topluda yerləşdirməkdir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Rəsulova Sevda Asif qızı uzun illərdir ki, (konkret olaraq 2008-ci ildən) “Bakı və bakılılar” mövzusunda tədqiqat işinə başlamışdır.

Əlbəttə, bütün işlər kimi bu çoxcildlik üzərində işin həyata keçirilməsi də fəaliyyət prosesində, yeni-yeni ideyaların yaranması nəticəsində yeni mövzuların cildlərə çevrilməsi ilə nəticələnmişdir. Bu antologiya üzərində işə başlayanda təbii ki, antologiya barədə söhbət də gedə bilməzdi; çünki məqsəd yalnız İçərişəhər barədə dövrü mətbuatda çıxan məqalələr və həmin məqalələrin toplanması, üzünün çıxarılması nəticəsində həmin yazıların kitabda verilməsi ilə bağlı idi.

Daha sonra İçərişəhərin tarixi və tanınmış içərişəhərlilər barədə məlumatların toplanması, nə vaxtsa “Bayır şəhər” adlanan məkanın tarixinin, tanınmış adamların həyat və yaradıcılığı barədə materialların toplanması sahəsində işə start verildi. Bundan sonra müəllif aşağıda adları çəkilən fəsillər barədə də araşdırmalara başladı. Burada arxivlər, kitabxanalar, muzeylərdəki materiallarla yanaşı şəxsi kolleksiyalara da müraciət olundu.

Qeyd etmək lazımdır ki, kitabın yaranmasında texniki məqamlar, müxtəlif xarakterli işlər fiziki əmək tələb etdiyi üçün kitabda adları verilən insanların da böyük əməyi olmuşdur. Aşağıda adları çəkilən fəsillərin mövzusu bilavasitə Bakı barədə hərtərəfli təsəvvür yaratmış olur; çünki bu şəhərin “nə vaxtsa” beynəlmiləlçi şəhər olması fikri bu gün düşmənlərimiz tərəfindən tez-tez səsləndirilir ki, bunun da mənası vardır; bizi bugünkü dünya ictimaiyyətinə, gələcək nəsillərə “qaniçən” xalq kimi təqdim etmək üçün beynəlmiləlçi sözü mane olur.

Paytaxt şəhərimiz-günəşli Bakı zaman-zaman uzaq dağ kəndlərindən, Azərbaycanın müxtəlif rayonlarından pənah gətirən insanları doğma övladı kimi ona görə qəbul etmədi ki, bu gün “bakılı-rayonlu” müzakirələri aparılsın.

Qoy hər bir kəs , reklamların birində deyildiyi kimi, “Sən Bakının inkişafı üçün nə etmisən?” sualını özünə versin.

Qeyd edək ki, rus və ingilis dillərinə tərcümə edilməsi nəzərdə tutulmuş antologiyanın hazırlanmasında internet materiallarından istifadə olunmamışdır.

Fərqanə QAFAROVA

Etikxeber.az

Read Previous

Daha 22 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

Casus şarına görə ABŞ hava məkanını-BAĞLADI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir