Sərhəddə kənd təsərrüfatı məhsullarının ekspertizasının sürətləndirilməsi üçün ekspertlər fəaliyyətə başlayacaq

Yaxın günlərdə Azərbaycan kənd təsərrüfatı məhsullarının ekspertizasının qısa vaxt ərzində və operativ şəkildə həyata keçirilməsi məqsədilə Rusiya tərəfindən bu sahədə ixtisaslaşmış ekspertlər sərhəd-keçid məntəqələrində fəaliyyətə başlayacaq.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, bu sözlər martın 28-də Xaçmaz Gömrük İdarəsinin Rusiya-Azərbaycan sərhədində yerləşən “Samur” sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin əməkdaşları arasında növbəti işçi görüş zamanı səsləndirilib.

Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Həmçinin görüşdə son günlərdə Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsullarının mənşəyinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi və müvafiq ekspert rəylərinin yubadılması qarşı tərəfin diqqətinə çatdırılıb və bildirilib ki, daşıdıqları yüklərə dair ekspertiza sənədləri adı ilə nəqliyyat vasitələrinin saxlanılması əlavə xərclərə, məhsulların sıradan çıxmasına, təyinat məntəqəsinə vaxtında çatmamasına səbəb olur.

Rusiya nümayəndə heyətinin üzvləri bu məsələ ilə bağlı müvafiq qurumları məlumatlandıracaqlarını, bundan başqa, yaxın günlərdə kənd təsərrüfatı məhsullarının ekspertizasının qısa vaxt ərzində və operativ şəkildə həyata keçirilməsi məqsədilə bu sahədə ixtisaslaşmış ekspertlərin sərhəd-keçid məntəqələrində fəaliyyətə başlayacaqlarını diqqətə çatdırıblar.

Tərəflər qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin gücləndirilməsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, ümumi işə fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Etikxeber.az

Read Previous

“Azərbaycanın AŞPA ilə əlaqələr genişlənir…” – ƏSƏDOV

Read Next

Qubanın kəndlərinə qar yağdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir