“Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var, çoxlarına xəyal kimi görünən Zəngəzur dəhlizi də var, Zəngəzur dəhlizi də olacaq və Azərbaycanı daha bir Qələbəsinə imza atdıracaq”-MM-İN KOMİTƏ SƏDRİ JALƏ ƏLİYEVA PREZİDENTİN FƏRMANINI BELƏ QİYMƏTLƏNDİRDİ

Ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı son – “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman çox tarixi, olduqca əhəmiyyətli, müsbət və alqışlanmalı bir Fərmandır.

Belə bir Fərmanın özü də məhz indiki dönəmdə, indiki məqamda verilməsi, imzalanması onun önəmini, əhəmiyyətini daha da artırır.

Çünki vacibiydi, lazımıydı, ciddidən ciddi ehtiyac duyulurdu.

Fərmandada qeyd olunduğu kimi, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib.

 Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.

Həmçinin, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Xüsusilə, Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Eyni zamanda, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir.

Bu baxımdan da, ölkə Prezidenti, Azərbaycan xalqının Xilaskar, Qurucu, Yaradıcı Lideri göstərilən, qeyd olunan məqamları nəzərə alaraq, Azərbaycanda yeni təsnifatlandırılmış iqtisadi rayonların yaradılması ilə bağlı Fərmana mübarək imzasını atıb.

Bu Fərmana qədər ölkədə 10 iqtisadi rayon var idisə, indi onların sayı 10-dan 14-ə çatdırılır.

Ən əsası isə Fərmanda da vurğulandığı kimi, Şərqi Zəngəzur və artıq heç bir bölgü aparılmadan, Aşağı, Yuxarı, Dağlıq, Aran deyilmədən vahid, bütöv Qarabağ iqtisadi rayonlarının yaradılması çox vacib və çox önəmli məqamardandır.

Həm iqtisadi əhəmiyyətinə, həm də elə siyasi əhəmiyyətinə görə.

Çünki adıçəkilən iqtisadi rayonlarla Azərbaycan, Müzəffər Ali Baş Komandan tarixi Qələbə və Zəfərimizdən sonra onun daha möhkəmləndirilməsi, əbədi edilməsi istiqamətində daha bir cəsarət, qətiyyət nümunəsi, dəmir iradə mövqeyini ortaya qoymuş, sərgiləmiş olur.

Bir daha düşmən dövlətə və onun qanlı havadarlarına mesaj verilir ki, Azərbaycan istər Zəngəzur dəhlizi məsələsində israrlıdır, qətiyyətlidir, birmənalı, dəyişməyən mövqeyə malikdir, həm də artıq nə Dağlıq Qarabağ adlanan coğrafi ərazi, coğrafi quruluş, nə Dağlıq Qarabağ adlı münaqişə, nə də Dağlıq Qarabağ məhfumu, anlayışı var.

44 günlük müharibə və “Dəmir Yumruq”la münaqişəyə də son qoyulub, Dağlıq Qarabağ adlı məhfum, anlayış da cəhənnəmə göndərilib, gorbagor edilib.

Kimsə və kimlərsə də bundan sonra bu istiqamətdə yenidən nələrəsə cəhd edəcəklərsə, nələrin yenidən xəyalları ilə yaşayacaqlarsa, 44 gündə olduğu kimi bir daha Azərbaycan sərt üzünü, dəmir iradəsini, “Dəmir Yumruğ”unu görəcəklər və əbədiyyən cəhənnəmə vasil ediləcəklər.

Bəli, artıq dağlı-aranlı, aşağılı-yuxarılı vahid Qarabağ və Qarabağlı-86,6 min kvadratkilometrlik bütöv, Qalib Azərbaycan var.

Bəli, Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var və heç kim bu tarixi reallığı, faktı unutmasın.

Bəli, Şərqi Zəngəzur varsa, çoxlarına hələ də xəyal kimi görünən Zəngəzur dəhlizi də var, Zəngəzur dəhlizi də reallıqdır, olacaq və Azərbaycanı daha bir Zəfərinə, Qələbəsinə imza atdıracaq.

Bəli, məlum Fərmanın yükü, verdiyi mesajlar bunlardır və hər kəs də bunlardan nəticə çıxarmalı, nəsibini almalı, bir daha və bir daha Azərbaycanın əsəbini yoxlamağa qalxmamalıdır, əks halda, “Dəmir Yumruq” yenidən endiriləcək!

Yumruğun daim qüvvətli, iradən daim möhkəm, dəmir, imzan daim mübarək olsun, Azərbaycanım!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

Etikxeber.az

Read Previous

“Yeni geosiyasi reallığın ən böyük təntənəsi Şuşa Bəyannaməsidir”-İLHAM ƏLİYEV

Read Next

Şəhidinin qanı qurumamış Şəhid ailəsinə, Şəhid anasına…toy dəvətnaməsi göndərmək nə demək??? Etməyin, eləməyin!!! Ayıbdır, ayıb!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir