Şəxsiyyət ucalığı-HADİ RƏCƏBLİ YAZDI

Dövlətin və xalqın yüksəlişinin, qürur duya biləcək salnamələrinin yaranmasının təcrübədə özünü doğrultmuş şərtləri var.

Hansı ki, həmin şərtləri qoca tarix hər zaman, bütün minilliklərdə və əsrlərdə sübuta yetirib.

Lakin tarixi gerçəklik həm də ondan ibarətdir ki, yüksəliş, inkişaf, dünyada özünə  layiqli yer tutmaq, habelə mövcud olmaq üçün hətta arxalandığımız təbii və mənəvi şərtlər yetərli olmur.

Bu mənada tarix həm də təsdiq edir ki, dövlət kimi var olmaq, güclü xalqa çevrilmək üçün hər zaman güclü liderlərə, dövləti və xalqı irəliyə apara biləcək şəxsiyyətlərə də ehtiyac olub.

Cəmiyyətin bütün sahələrində canlanma yarandı

İyulun 14-də respublikamıza ilk dəfə rəhbərliyə başlamasının 53-cü ili tamam olan Heydər Əliyev məhz belə, başqa cür ifadə etsək, prosesləri dövlətinin və xalqının mənafelərinə uyğun yönləndirməyi bacaran görkəmli siyasi və dövlət xadimi idi. Bu fenomenal şəxsiyyət rəhbərlik etdiyi bütün mərhələlərdə varlığı ilə sevdiyi Azərbaycana rifah bəxş edib, tariximizi şərəfləndirib. Heydər Əliyev özünün uzaqgörən və  parlaq siyasi zəkası, müdrikliyi sayəsində yeni Azərbaycanı qurub, onun bugünkü iqtisadi və siyasi inkişafının memarı olub, ölkəmizi işıqlı gələcəyə aparan yolları müəyyənləşdirib.
 

Heydər Əliyevin Mərkəzi Komitənin plenumunda birinci katib seçilməsinin respublikamızda necə böyük əks-səda doğurması o dövrün şahidlərinin yaxşı xatirindədir.  Çünki Ulu Öndərin rəhbərliyinin ilk günlərindən respublikamızda sanki böyük bir inqilabın başlandığı göz önündəydi. Cəmiyyətin bütün sahələrində bir canlanma yaranmışdı. Təsadüfi deyil ki, böyükdən kiçiyə hər kəs Heydər Əliyev barədə danışırdı. Yeni rəhbərin yaratdığı işgüzarlıq mühiti sadə insanların dərin rəğbətinə səbəb olmuşdur. Onun  vətəni, xalqı üçün böyük xariqələr yaradacağı artıq ilk günlərdən cəmiyyətə məlum idi. Ona görə həmin dövrdə vətəndaşların dilindən tez-tez “ədalətli katib” ifadəsinin eşidilməsinin real əsasları var idi. Qeyd edim ki, 14 iyul plenumunda həmin vaxta kimi Azərbaycana rəhbərlik etmiş Vəli Axundov demişdir: “Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə imkan verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər  savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə obyektiv, vicdanlı və layiqli insandır”. Bəli, Heydər Əliyev ən yüksək keyfiyyətlərə malik idi və qısa zamanda Azərbaycan ictimaiyyəti bunun şahidi oldu.
 

Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda geniş məruzə ilə çıxış edən Heydər Əliyev respublikadakı vəziyyəti ardıcıllıqla təhlil etdi, iqtisadiyyatda, sosial və mədəni sahələrə rəhbərlikdə buraxılmış nöqsanları, çatışmazlıqları göstərdi. Problemlərin aradan qaldırılması üçün ilk növbədə diqqəti ölkədə mənəvi-psixoloji mühitin sağlamlaşdırılmasına yönəltdi. Bu gün fəxarət hissi ilə deyə bilərik ki, 1969-cu il Azərbaycanın müasir tarixində dönüş mərhələsinin təməlinin qoyulduğu il kimi yazıldı.

Azərbaycanlıların idarəetməyə cəlb edilməsi islahatların tərkib hissəsi idi

Heydər Əliyev Azərbaycanın inkişafının təmin olunması yönündə islahatlarını həm də idarəetmədən başlamışdı.  Lakin bu sahədəki problemlər yalnız xoşagəlməz halların, bürokratik əngəllərin baş alıb getməsindən ibarət deyildi. Problem həm də onda idi ki, idarəetmədə azərbaycanlıların say göstəricisi olduqca az idi, kadr siyasətində neqativ hallar var idi. 1969-cu ilin avqust plenumunda Heydər Əliyev bütün neqativ hallar barədə fikirlərini böyük cəsarətlə, açıq-aydın, təfərrüatı ilə yığıncaq iştirakçılarının diqqətinə çəkdi. O, kəskin şəkildə qeyd etdi ki, hakimiyyətin idarəçiliyi sistemində yerlibazlıq, regionçuluq təzahürləri önə çəkilmiş, dövlət işinə böyük xeyir gətirən, daha böyük səmərə verən təşkilatçılıq bacarığı, işgüzarlıq keyfiyyətləri kölgəyə alınmışdır.

İdarəçilikdə azərbaycanlıların təmsil olunmasına ciddi maneələrin hökm sürməsi, onların daha çox aşağı vəzifələrdə yerləşdirilməsi ilk növbədə hakimiyyətlə xalqın birliyinə, milli vəhdətə ciddi əngəl idi. Ona görə Heydər Əliyev əsas diqqətini hakimiyyətlə xalqın vəhdətinə, onlar arasında birliyin təmin olunmasına yönəltmişdi.

Bacarıqlı rəhbər buna son qoymaq üçün möhkəm iradə, qətiyyət və prinsipiallıq nümayiş etdirməyə başladı. 1969-cu ilin avqust plenumunda da başlıca problem olan siyasi rəhbərliklə bağlı yekdilliyə səsləyən çağırışlar eşidildi. Bu məsələlər  ətrafında işini qurmaq istəyən Heydər Əliyev hakimiyyət strukturunda azərbaycanlıların sayının az olması halına çox mənfi münasibətlə yanaşdı, xalqın çoxəsrlik milli-mənəvi dəyərlərini öz həmvətənlilərinin şəxsində üzə çıxarmaq siyasəti ilə işə başladı. Heydər Əliyevin cəsarətlə bacarıqlı yerli kadrları idarəetməyə cəlb etməsi respublikanın inkişafı istiqamətində başlanan islahatlara böyük dəstək oldu. Belə bir fəaliyyət nəticəsində Azərbaycanda idarəçilikdə – dövlət orqanları arasında işlək əlaqə zəncirləri yarandı.

Mənim üçün bu mövzuda danışmaq xüsusilə qürurvericidir. Çünki siyasi və idarəçilik fəaliyyətimdə ilk addımlarımı məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonra atmışam. Mən 1971-ci ilin fevral ayında Lənkəran rayonunda komsomolun ikinci katibi vəzifəsinə seçilmişəm.  1972-ci ildə Lənkəranda komsomolun birinci katibliyinə namizədliyim irəli sürüldü. Həmin vaxt məni qəbul edən Heydər Əliyevin verdiyi tövsiyələr həyatım boyu siyasi fəaliyyətimin yeganə istinadgahı oldu. Bu görüş məndə həyat fəaliyyətimin istiqamətini birdəfəlik müəyyən edən təssürat yaratdı. O görüşdə mənə verilən tövsiyələr, fikir mübadiləsi Heydər Əliyev məktəbinin birinci dərsi idi.

Kadr siyasəti ilə bağlı həyata keçirilən tədbirlərdən biri kimi xalqımızın dahi oğlu inkişafda vacib amil olan təhsil sisteminin yaxşılaşdırılmasına, savadlı, geniş dünyagörüşünə malik ziyalıların yetişməsinə böyük diqqət yetirirdi. Ölkənin dinamik inkişafı üçün ilk növbədə yüksəkixtisaslı kadrlara ehtiyac olduğunu gözəl bilən Heydər Əliyev azərbaycanlı gənclərin Moskvada və keçmiş SSRİ-nin başqa şəhərlərində olan qabaqcıl elm və təhsil ocaqlarında təhsil alması üçün bütün vasitələrdən istifadə edirdi. Bu baxımdan 1970-1980-ci illərdə onun təşəbbüsü ilə respublikadan kənarda, SSRİ-nin 50-dən artıq şəhərinin, 135 mülki, 105 ali hərbi məktəbində 250-dən çox nadir ixtisas üzrə 15 mindən çox mütəxəssis hazırlanmışdı. Heydər Əliyevin atdığı ən müdrik və cəsarətli addımlardan biri  də Cəmşid Naxçıvanskinin adı verilən hərbi təyinatlı orta internat məktəbin fəaliyyətə başlaması oldu. Aradan ötən illər, müstəqillik illərində həyata keçirilən ordu quruculuğu Azərbaycanın tarixində ilk hərbi təhsil müəssisəsi olan bu məktəbin yaradılması ilə Heydər Əliyevin xalqımızın gələcəyi üçün nə qədər uzaqgörən  bir qərar qəbul etdiyini təsdiqlədi.


İqtisadiyyatda vüsətli dəyişikliklər baş verdi

Zəngin sərvətlərinə, iqtisadi və aqrar potenisalına baxmayaraq, ötən əsrin 60-cı illərində Azərbaycan ittifaq miqyasında milli gəlirin həcminə  görə 2 dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı.  Energetika, metallurgiya, kimya sahələrində göstəricilər çox aşağı idi. Bu ağır vəziyyətdən çıxış yolları tapılmalı, iqtisadiyyatın dirçəldilməsi üçün köklü dəyişikliklər həyata keçirilməli idi. Bu baxımdan yeni rəhbərdən ölkənin iqtisadi potensialının səmərəli şəkildə hərəkətə gətirilməsi gözlənilən idi. 

Ulu Öndər bu istiqamətdəki problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. 1969-cu ildən başlayaraq respublikada özünü qabarıq şəkildə göstərən iqtisadi durğunluğun qarşısının alınmasına, sənayedə, kənd təsərrüfatında yeni islahatların həyata keçirilməsinə dair müvafiq tədbirlər planı hazırlandı. Heydər Əliyevin təşəbbüsləri ilə sovet rəhbərliyi Azərbaycan iqtisadiyyatının hərtərəfli və intensiv inkişafına yönəldilmiş beş xüsusi qərar qəbul etmişdi. Bu, görünməmiş bir iş idi və onun respublikanın, xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti vardı. Məhz Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti sayəsində Azərbaycanda iqtisadi həyatın bütün sahələrində vüsətli dəyişikliklər baş verdi və ölkəmiz Rusiyadan sonra ittifaq büdcəsindən dotasiya almadan yaşayan iki respublikadan birinə çevrildi.

Artıq 1980-ci ilin göstəricilərinə görə, sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu illə müqayisədə iki dəfə artaraq 8,4 milyard rubla çatdırılmışdı. 10 il ərzində respublikada 15 yeni iri maşınqayırma müəssisəsi  istifadəyə verilmişdi. Bunu, əlbəttə, sənayenin uğuru kimi yüksək qiymətləndirmək olardı. 12 müəssisədə istehsal gücü əvvəlki illərlə müqayisədə bir neçə dəfə  artmışdı. Azərbaycanda sənaye istehsalı üç dəfə yüksəlmişdi. Bütün bu göstəricilər əldə  olunandan sonra sənaye istehsalının artım sürətinə görə Azərbaycanın adı ittifaq səviyyəsində ön sıraya çıxmışdı.

Ötən əsrin 70-ci illərində Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində çox böyük irəliləyişlər nəzərə çarpmağa başladı. Bu sahədə mühüm nailiyyətlər əldə olundu. 1982-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1969-cu ildəkinə nisbətən təxminən beş-altı dəfə artmışdı.

Həmin dövrdə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda yeni inkişaf dövrünün əsası qoyuldu, ayrı-ayrı sahələrdə islahatlar aparılmasının istiqamətləri müəyyənləşdirildi, yeni istehsal sahələri işə düşdü, sənaye, kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə yüksəldi. Bütövlükdə, fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Heydər Əliyev Azərbaycanı qısa müddətdə dinamik inkişaf yoluna gətirməyə müvəffəq oldu. O cümlədən yuxarıda qeyd etdiyim kimi, idarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi. 

Ulu Öndər milli dəyərlərimizi sovet ideologiyasından qətiyyətlə qorudu

Heydər Əliyevin fəaliyyətindən bəhs edərkən  Ulu Öndərin xalqımızın milli-mədəni və mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı tarixi xidmətlərindən söz açmamaq mümkün deyil. O illərdə sovet rejiminin sərt qayda və qanunlarına, ideoloji baryerlərinə baxmayaraq, Heydər Əliyev milli- mənəvi dəyərlərimizin itməməsi üçün əlindən gələni edirdi. Xalqımızın milli mənlik şüurunun inkişafına güclü təkan verən tədbirlərin həyata keçirilməsi məhz Ulu Öndərin böyük vətəndaş qeyrətindən, vətəninə və xalqına sonsuz məhəbbətindən irəli gəlirdi.

Xatirimdədir ki, vaxtilə mən Lənkəranda çalışdığım dövrdə Böyük Bazar məscidini tarixi abidə kimi bərpa etmişdik. Şəkidə isə iki məscidi tarixi abidə kimi bərpa etmişdik. Əslində, bütün bunlar həmin məscidlərin qorunması, xalqımızın mənəvi dəyərlərinin yaşadılması üçün atılan addımlar idi.

Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət xalqımızın milli-mənəvi dəyərlərini şüurlarımızdan silə bilmədi. O illərdə Azərbaycan xalqı Novruz bayramını da ürək dolusu ilə qeyd edirdi, ümumiyyətlə, mənəvi dəyərlərimiz yaşadılırdı. Bu mənada təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Azərbaycan dilinin statusunun Konstitusiya ilə dövlət dili kimi təsbit olunması, şair və yazıçılarımızın kommunist rejiminin ideoloji təqiblərindən qorunması xalqın Heydər Əliyevə olan sevgisini daha da yüksəldən amillər idi.

1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyası qəbul olunanda əsas qanuna Heydər Əliyevin cidd-cəhdi ilə “Azərbaycan dili Azərbaycan Sovet Respublikasının rəsmi dövlət dilidir” maddəsi daxil edildi. O zaman ali və orta-ixtisas təhsili məktəbləri üçün dərin elmi axtarışların məhsulu olan “Azərbaycan dili” dərslikləri nəşr olundu. Doğma dilimizlə bağlı olan bu uğurlar Heydər Əliyevin müdrikliyinin təcəssümü idi.

Xilaskar

1991-ci il oktyabr ayının 18-də müstəqilliyimizin bərpa olunması Azərbaycan xalqının tarixi qələbəsi idi. Lakin tökülən qanlar, milli mübarizə hesabına nail olduğumuz müstəqilliyimiz 1990-cı illərin əvvəllərində hakimiyyətdəki siyasi qrupların səbatsızlığı səbəbindən az qala itirilmək təhlükəsi qarşısında qalmışdı.  Belə vəziyyətdə öz xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, güclü iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirdi. Bu gün cəsarətlə demək olar ki, əgər belə bir məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı məmləkət dünya xəritəsindən silinə bilərdi. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə müstəqilliyimizi qorudu, müasir Azərbaycan dövlətinin banisi oldu.

Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra dövlətçiliyin qüdrətlənməsinə, sosial rifahın yaxşılaşmasına xidmət edən dövlət quruculuğu xəttini böyük ardıcıllıqla həyata keçirməyə başladı. Ümummilli Liderin sayəsində mürəkkəb geosiyasi dövrdə ölkə vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarıldı, inkişafın və əsl müstəqilliyin  təməli qoyuldu. Heydər Əliyev dövlətçiliyin qüdrətlənməsinə, vətəndaşların rifahının yaxşılaşmasına xidmət edən dövlət quruculuğu xəttini böyük ardıcıllıqla həyata keçirdi. Azərbaycan tezliklə dünyanın sayılıb, seçilən ölkələrindən birinə çevrildi.

Ölkədə başlanan yeni siyasi kurs, islahatlar sosial siyasətə təsirsiz ötüşmədi.  Çünki sosial ədalət olmayan yerdə inkişafdan, yüksəlişdən söhbət gedə bilməz. Məhz bundan irəli gələrək Ulu Öndər Heydər Əliyevin çoxillik siyasi fəaliyyətində və zəngin nəzəri irsində sosial ədalət anlayışı daim həlledici yer tutub. Onun sözügedən problemə həssas münasibəti hələ Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edən məşhur “Qoy ədalət zəfər çalsın” çağırışında qabarıq şəkildə əks olunurdu. Heydər Əliyev sosial ədalətin pozulmasını cəmiyyətin və dövlətin üzləşdiyi ən böyük bəla sayırdı. “Dövlət o zaman zəifləyir ki, ədalət pozulur” sözləri də Ulu Öndərin ədalət haqqında baxışlarının geniş prizmaya malik olduğunu sübuta yetirir. Sosial ədalət prinsipinin qorunması cəmiyyətin harmoniyasının təmin edilməsi baxımından əhəmiyyətli olduğu qədər də, siyasi sistemin dayanıqlılığının vacib şərtidir. Bütün bunları rəhbər tutan Ulu Öndərin 1993-cü ildən sonra başlatdığı yeni dövlət quruculuğu konsepsiyasında vətəndaşların sosial rifahının yüksəldilməsi, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminatın yaradılması başlıca məqsədlər elan olundu.

Mənim üçün olduqca qürurvericidir ki, bu dövrdə də Heydər Əliyevin rəhbərliyi altında çalışmışam.  Həm Nazirlər Kabinetində, həm də qanun yaradıcılığı sahəsində çalışdığım illərdə bir daha Ulu Öndərin nə qədər vətənpərvər, bütün varlığı ilə dövlətini və  xalqını sevən şəxsiyyət olduğunu gördüm. Adi bir misal olaraq qeyd edim ki, Heydər Əliyev məcburi köçkünlərin sosial qayğılarının təmin olunmasına nə qədər həssaslıqla yanaşırdı.

İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi

Mənim üçün Heydər Əliyev barədə danışmaq bir də ona görə qürurvericidir ki, 1994-cü ilin avqust ayında Ulu Öndərlə birlikdə müqəddəs Kəbəni ziyarət etmişəm. Həmin ziyarət zamanı Heydər Əliyev Azərbaycan dövləti, xalqımız üçün dualar edirdi.

Bu gün Ulu Öndərin ruhu rahatdır, çünki Azərbaycanın inkişafı üçün təməlini qoyduğu siyasəti, müəyyən etdiyi strategiya son 19 ildə uğurla reallaşıb. Ulu Öndərin ən layiqli siyasi davamçısı olan cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan tarixində görünməmiş inkişaf baş verib.  Milli inkişafda varisliyi təmin edən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət həm də novatorluğu və dinamizmi ilə fərqlənir. Qeyd olunanlar özünü Prezident İlham Əliyevin dövlət idarəçiliyi xəttində də özünü göstərir. Xüsusilə qeyd etmək istərdim ki, İlham Əliyevin dövlət idarəçiliyi konsepsiyası sosial ədalət prinsipinin ön planda saxlanılmasını nəzərdə tutur. Azərbaycan dövlətinin sosial rolunun durmadan artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş layihələrin miqyaslarının genişlənməsi və bu qəbildən olan digər hadisələr fikrimizi təsdiq edən tutarlı dəlillərdir.

Bütün bunların nəticəsidir ki, xalqımız bütün seçkilərdə cənab İlham Əliyevə etimad göstərib. Bu etimad həm də zamanın sınaqlarından uğurla çıxan xalq-prezident münasibətlərindən irəli gələn böyük etibardır.

2020-ci ilin Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə möhtərəm İlham Əliyev Heydər Əliyevin tarixi vəsiyyətini yerinə yetirdi. İşğaldan azad edilmiş torpaqlarımız indi İlham Əliyevin qətiyyətli siyasəti ilə bərpa edilir.  Qarabağ və Şərqi Zəngəzurda   salınan yol şəbəkəsi, elektrik enerjisi və su infrastrukturunun yaradılması, yeni yaşayış məhəllələrinin inşa edilməsi, mədəni, tarixi və dini abidələrin bərpası görülən işlərin miqyasının böyüklüyündən və əzəmətindən xəbər verir. Azərbaycan dövləti doğma yurdlarına qayıdacaq vətəndaşlarının rifahı, ən yüksək standartlar səviyyəsində yaşayışı üçün bütün addımları atır. Həm də Böyük qayıdışı dövlətimiz öz maddi imkanları ilə reallaşdırır.

Prezident İlham Əliyev Azərbaycanı elə bir səviyyəyə çatdırıb ki, indi dövlətimiz qarşısında dayanan ən ağır problemləri belə həll etməyə qadirdir.

Çünki hazırda Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. İndi Azərbaycan regionda lider, dünyada söz sahibi olan dövlətdir. 

Heydər Əliyev yolu və İlham Əliyev qətiyyəti artıq Azərbaycanı Ulu Öndərin görmək istədiyi güclü və qalib dövlətə çevirib.

Hadi RƏCƏBLİ,

Siyasi elmlər doktoru, professor

Etikxeber.az

Read Previous

“Müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün perspektivlər var”-ƏLİYEV MAKRONU TƏBRİK ETDİ

Read Next

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd ediləcək-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir