Sabah-1 yanvar 2025-ci il tarixində Cənnətdəki doğum günləri olan İkinci Vətən Müharibəsi, “Qisas” və Antiterror əməliyyatı Şəhidləri-TƏK ÖVLADLAR RAMAL MƏMMƏDOVLA AĞAMİ ƏLİŞANOV, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ SƏXAVƏT TALIBZADƏ, SUBAY SƏFİYAR MƏMMƏDOV, QIZI İLƏ EYNİ GÜNDƏ DÜNYAYA GƏLƏN RAMİL RƏHİMOV… – FOTOLAR

İkinci Vətən Müharibəsi, “Qisas” və Antiterror əməliyyatları Şəhidlərindən bir neçəsinin doğum günüdür.

İkinci Vətən Müharibəsi Şəhidlərindən Ramal Məmməmədovla Səxavət Talıbzadənin Cənnətdəki beşinci, “Qisas” əməliyyatı Şəhidi Səfiyar Məmmədovun Cənnətdəki üçüncü, Ağami Əlişanovla Ramil Rəhmovun isə Cənnətdəki ikinci doğum günləridir.

Sabah-Yeni ilin ilk günündə, 1 yanvar 2025-ci il tarixində Ramal Məmmədovun 25, Səxavət Talıbzadənin 27, Ramil Rəhimovun 33, Ağami Əlişanovla Səfiyar Məmmədovun isə 23 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, Ramal Məhəmməd oğlu Məmmədov 2000-ci ilin yanvar ayının 1-də Gəncə şəhərində dünyaya gəlib.

Ailənin tək və yeganə övladı olub.

Anası İlhamə xanım tərəfindən təkbaşına böyüdülüb.

Gəncə şəhərində yerləşən 28 saylı tam orta məktəbdə oxuyub.

2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib.

Şərəfli döyüş yolu cəmi 5 gün çəkib.

Füzuli istiqamətində qanlı döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Nəşi 1 oktyabr 2020-ci il tarixində  Lökbatan qəsəbə Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən 3 medal təltif olunub.

Anası İlhamə Məmmədova isə övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

20 yaşında Şəhidlik məqamına ucalan Ramal Məmmədov həm də subay olub.

Hazırda iki yaxın qohumu Onun adını daşıyır.

***

Səxavət Zeyniş oğlu Talıbzadə 1998-ci ilin yanvarın ayının 1-də Saatlı rayonunun Qaracalar kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri, həm də evin sonbeşiyi idi.

Səxavət 2004-2015-ci illərdə Qaracalar kənd tam orta məktəbində oxuyub və 2015-ci ildə Bakı Dəniz Balıq Sənayesi Kollecinə daxil olub.

Həmin kolleci iki il oxuduqdan sonra hərbi xidmətə, Əsgərliyə yollanıb, MingəçevirTərtər istiqamətlərində yerləşən “N” saylı hərbi hissələrdə qulluq edib…

Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb və 2019-cu ildən Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb.

 2020-ci ilin 27 sentyabrında İkinci Vətən Müharibəsinə qatılıb və şərəfli döyüş yolu 6 gün çəkib.

Axırıncı dəfə ailəsi ilə oktyabrın 2-də danışıb və elə həmin gün Suqovuşanda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi ayın 3-də ailəsinə təhvil verilib və bir gün sonra, oktyabrın 4-də isə Qaracalar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də Qaracalar kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Qaracalar kəndində adını daşıyan küçə var.

Ailəsi isə Qaracalar kənd orta məktəbinə övladlarının verilməsini istəyir.

Özündən böyük, hərbçi, həm də İkinci Vətən Müharibəsi iştirakçısı olan qardaşı və tək bacısı ailəli olsa da, Səxavət subay olub.

***

Əslən Ağstafalı, Göycəli kəndindən olan Ramil Sücəddin oğlu Rəhimov 1992-ci ilin yanvarın ayının 1-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub.

Hazırda ali təhsilli bacısı və ali təhsilli qardaşı ailəlidir.

1998-2007-ci illərdə Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə 9 illik təhsil alıb, 2007-2011-ci illərdə isə Bakı Dövlət Sosial İqtisad Kollecində oxuyub.

Kolleci bitirdikdən sonra, 2011-ci ilin yayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb və 2013-cü ilin yanvar ayının 1-də, 21 yaşının tamamında Əsgərliyini başa vuraraq, yenidən evinə-ailəsinə dönüb

Bir neçə il sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Əvvəlcə Sərhəd Qoşunlarında fəaliyyət göstərib.

Sonra-2022-ci ildən isə Müdafiə Nazirliyinin Quru Qoşunlarında Gizir kimi fəaliyyət göstərib.

 2023-cü ilin 19-20 sentyabr tarixində 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Sentyabrın 20-də Şəhid olan Ramilin nəşi 23 sentyabr tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ramil ailəli olub, ali təhsilli əmisi qızı Türkanə ilə ailə həyatı qurub.

İlk övladı Dəniz 2020-ci ilin sentyabr ayının 18-də dünyaya gəlib.

Yağmur adını verdiyi ikinci qızı isə Şəhidliyindən 3 ay 12 gün sonra, onunla eyni gündə-1 yanvar tarixində dünyaya göz açıb.

***

Səfiyar Elşən oğlu Məmmədov isə 2002-ci ilin yanvar ayının 1-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyaya gəlib.

Ailənin övladından, 3 qardaşdan biri olub.

Anası Narıngül xanım tərəfindən böyüdülən Səfiyar Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2020-ci ildə Əsgərliyə çağırılıb.

Həqiqi hərbi xidmətdə olarkən İkinci Vətən Müharibəsinə qatılıb və medallarla təltif olunub.

Əsgərlikdən sonra isə həyatını yenidən hərb ilə bağlayıb, Xüsusi Təyinatlı-MAXE olaraq, Azərbaycan Ordusunda fəaliyyətə başlayıb.

2022-ci ilin sentyabrında-“Qisas” əməliyyatı zamanı Kəlbəcər istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi 15 sentyabr tarixində Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də Goranboyun dörd “Qisas” əməliyyatı Şəhidindən biridir.

Qızılhacılı qəsəbəsində adını daşıyan küçə var.

20 yaşlı Səfiyar da subay olub.

***

Ağami Mehman oğlu Əlişanov da 2002-ci ilin yanvar ayının 1- də Xaçmaz rayonun Qaradağlı kəndində dünyaya gəlib. 

O da ailənin tək övladı olub.

Uşaq yaşlarından atasını itirib, dayısı onu və anasını himayəsinə götürüb. 

Xaçmaz şəhərində yerləşən 3 saylı tam orta məktəbdə təhsil alıb. 

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb və döyüşlərdə yaralanıb.

Müharibədən sonra “Laçının azad olunmasına görə” “Vətən mühaibəsi iştirakçısı” medalları ilə təltif edilib. 

Müharibə veteranı adını daşıyıb.

Əsgərlikdən sonra yenidən həyatın Ordu, hərb ilə bağlayıb.

Antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində ağır şəkildə yaralanıb və sentyabrın 21-də hospitalda dünyasını dəyişib, Şəhadətə qovuşub.

Nəşi bir gün sonra-22 sentyabr 2023-cü il tarixində Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli  “Vətənə xidmət ordeni” ilə təltif edilib.

21 yaşlı Ağami də subay idi.

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-SİYAHI

Read Next

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ildir-YENİLƏNİB – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir