Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah İkinci Vətən Müharibəsi Şəhidlərindən Vüqar Əhməd oğlu Ağayevin, Elməddin Mahir oğlu Yusifovun və Orxan Məhəmməd oğlu Əliyevin Anım günləridir.
Hər üç Şəhidin sabah-2 noyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmalarından beş il ötür.
Etikxeber.az xəbər verir ki, Vüqar Ağayev 1973-cü ilin mart ayının 4-də Qubadlının Xanlıq kəndində, hərbçi ailəsində anadan olub.
Ailədən 4 uşaq, 3 qardaş, 1 bacı olublar.
Orta məktəbi bitirdikdən sonra atası kimi həyatını Ordu, hərb ilə bağlayıb, ali-hərbi təhsilli, peşəkar hərbçi olub.
Birinci Qarabağ Savaşında iştirak edən Vüqar Ağayev Mayor (əslində polkovnik-leytenant) hərbi rütbəsinə qədər yüksəlib.
Xidmətlərinə görə ölkə Prezidenti və Müdafiə Nazirliyi tərəfindən dəfələrlə təltif olunub, medallara layiq görülüb.
Vüqar Ağayev təqaüddə, istefada olsa da, İkinci Vətən Müharibəsinin ilk günlərindən son günlərinə, Şəhidliyinə qədər ən ağır döyüşlərdə iştirak edib.
Üzun və şərəfli döyüş yolu keçib.
Noyabr ayının 1-də isə doğulub boya-başa çatdığı Qubadlı rayonunun Çardaqlı kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, noyabrın 2-də Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra ən yüksək fəxri adla-“Vətən Müharibəsi Qəhrəmanı” adı və iki medalla-“Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Eyni zamanda, Şəhidə həsr olunmuş “Torpaqdan torpağa” və “Vətənin Vüqarı” sənədli filmləri çəkilib.
Vüqar Ağayev həm də ailəli, iki övlad atası olub.
Pərvin və Yeganə adlı övladları Vətənə əmanət qalıb.
***

Elməddin Yusifov 1995-ci ilin aprelin 28-də Bərdənin Mirzalıbəyli kəndində sadə bir ailədə anadan olub.
Ailədə üç övlad, iki qardaş, bir bacı olublar.
Bacısı və qardaşı hazırda ailəlidir.
Ataları Birinci Qarabağ Savaşının iştirakçılarından olub.
Elməddin İkinci Vətən Müharibəsindən 6 gün öncə, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunub.
Sentyabrın 27-dən də Şəhidliyinə kimi qanlı döyüşlərdə olub, Suqovuşanda, Talışda, Murovdağda döyüşüb.
Oktyabrın 30-da isə Murovdağda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi iki gün sonra, noyabrın 2-də, günorta saatlarında ailəsinə təhvil verilib və elə həmin gün Mirzalıbəyli kənd qəbiristanlığında, Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qardaşı, 1999-cu il təvəllüdlü Məhəbbət Yusifov da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
Məhəbbət Elməddindən 8 gün sonra, 29 sentyabr tarixində səfərbərliyə cəlib olunub və oktyabrın 7-dən qardaşının Şəhidliyinə, dəfninə, 2 noyabr tarixinə kimi döyüşlərdə iştirak edib.
Elməddinin ata tərəfdən yaxın qohumu olan Ağdamlı Rövşən Mehdiyev də İkinci Vətən Müharibəsi Şəhididir.
Elməddin həm də subay olub.
Adını daşıyan küçə var.
***

Ailənin 3 övladından, 2 qardaşdan biri olan Orxan Əliyev 1989-cu ilin sentyabr ayının 19-da Bərdənin Otuzikilər kəndində dünyaya gəlib.
Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan bir müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşüb.
Müharibənin 3-cü günündə, sentyanrın 29-da Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi bir ay 3 gün sonra, noyabrın 2-də ailəsinə təhvil verilib və elə həmin gün Otuzikilər kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
O da ailəli, 3 övlad atası olub.
Şəhidliyindən az sonra, 2021-ci ildə isə Nur adlı qızı 2 yaşında dünyasını dəyişib.
Əliyevlər ailəsi bir ilin içində iki acı, iki itki yaşayıb.
Balaca Nur da atasının yanında dəfn edilib.
Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





