Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Nofəl Qənbər oğlu Əlizadənin doğum günüdür.
13 yanvar 2026-cı il tarixində Nofəl Əlizadənin 34 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Nofəl Əlizadə 1992-ci ilin yanvar ayının 13-də Bərdə rayonunun Saatlı kəndində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Orta məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissələrdən birində hərbi xidmət keçib.
Əsgərliyini başa vurduqdan sonra yenidən hərb həyatını seçib.
6 il Daxili Qoşunlarda-MAXE-Xüsusi Təyinatlı kimi fəaliyyət göstərib.
Sonra bir müddət başqa sahədə çalışıb.
2020-ci ilin İyul-Tovuz döyüşlərindən, Polad Həşimov və silahdaşlarının Şəhidliyindən sonra yenidən hərb həyatına qayıdıb, MAXE kimi fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də bir hərbçi kimi döyüşlərə atılıb.
Müharibənin ikinci günündə, sentyabrın 28-də, səhər saatlarında isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi də elə həmin gün, axşam saatlarında Qəhrəmanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Suqovuşanın azad olunmasına görə” , “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Valideynləri isə övladlarının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Nofəl həm də Saatlı kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
28 yaşında Şəhidlik məqamına ucalan Nofəl eyni zamanda, ailəli olub.
2013-cü ildə ailə həyatın quran Şəhidin iki övladı-bir oğlu və bir qızı Vətənə, ailəsinə əmanət qalıb.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü, 34 yaşı mübarək olsun!
Nur içində uyusun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





