Sabah Cənnətdəki beşinci doğum günləri olan, Xocavənddə Şəhadətə qovuşan İkinci Vətən Müharibəsi Şəhidləri-BİLƏSUVARLI RAHƏT İSAYEVİN 24 YAŞI, GƏDƏBƏYLİ ELFAQ NAĞIYEVİN 28 YAŞI TAMAM OLUR…

Daha iki Şəhidimizin doğum günüdür.

İkinci Vətən Müharibəsi Şəhidlərindən həm Gədəbəyli, həm də Bakılı Elfaq Azad oğlu Nağıyevin sabah-26 dekabr 2024-cü il tarixində 28 yaşı, Biləsuvarlı Rahət Rafət oğlu İsayevin 24 yaşı tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Rahət İsayev 2000-ci ilin dekabr ayının 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

Ailənin üç övladından, iki qardaşdan biri idi.

2007-2018-ci illərdə Malik Piriyev adına Əliabad кənd tam orta məktəbində təhsil alıb.

Orta məktəbi bitirdikdən sonra-2018-ci ildə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin “Arxiv işi və Karguzarlıq” ixtisasına qəbul olunsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

Göygöl rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib.

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.

Uzun və şərəfli döyüş yolu keçib.

Noyabrın 6-da Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 12 gündən sonra-noyabrın 18-də Əliabad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Qeyd edək ki, Rahət İsayev Əliabadın üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Sinif yoldaşı və dostu Səməd İkram oğlu Kərimli də İkinci Vətən Müharibəsi Şəhididir.

***

Elfaq Nağıyev isə 1996-cı ilin dekabr ayının 26-da Gədəbəyin Parakənd kəndində dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə, Sabunçu rayonunun Zabrat qəsəbəsinə köçüblər.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

Hazırda subay olan qardaşı Elvan ali təhsillidir.

2003-2012-ci illərdə orta məktəbdə oxuyub.

9-cu sinfi bitirdikdən sonra, 2012-2016-cı illərdə Şamaxı Humanitar Kollecində  “Bədən tərbiyəsi müəllimliyi” ixtisası üzrə ali təhsil alıb.

2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb.

2016-2018-ci illərdə  “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

O, peşəkar hərbçi olub, Gizir rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də hərbçi-Gizir kimi döyüşlərdə iştirak edib.

Uzun və şərəfli döyüş yolu təxminən bir aya yaxın çəkib.

Döyüşçü, hərbçi yoldaşları, dostları arasında “Qorxmaz gizir” ləqəbi qazanan Elfaq Nağıyev Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan  Hadrut istiqamətlərində döyüşüb, Hadruta baraq sancanlardan biri olub.

Oktyabr ayının 21-də isə Xocavənd istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi iki gün sonra, oktyabrın 23-də doğulub boya-başa çatdığı Parakənd kənd qəbiristanlığında dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla-“Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Elfaq həm də nişanlı olub.

Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ərdoğanla Əliyev Azərbaycan-Ermənistan normallaşma prosesini-MÜZAKİRƏ ETDİLƏR…

Read Next

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir