Sabiq deputat Qazaxıstanda baş verənlərdən və Putindən-YAZDI

Bir çox Rusiya bloggerləri Putin haqqında ironiya ilə “Великий стратег” deyib alay edirlər, gerçəkdən də adam bu diktatorun bütün dostlarını necə məharətlə düşmənə çevirmək qabiliyyətinə heyran olmaya bilmir.

Putinin “dahi siyasəti” nəticəsində faktiki rusların soydaşı, qandaşı olan ukraynalılar Rusiyaya nifrət edir bu nifrət ən azı on illərlə davam edəcək.

Putinin “dahi strategiyası” ona gətirib çıxardı ki, hətta dövlət olaraq öz yaranışını və mövcudluğunu Rusiyaya borclu olan, türk üçbucağının (Türkiyə, Azərbaycan, Qüzey Azərbaycan) içində sıxılıb qalmış Ermənistanın əhalisi seçkilərdə məhz Rusiyaya nifrətinə görə savaşı açıq fərqlə uduzmuş Paşinyana səs verdi, ancaq bütün çabalarına baxmayaraq Putinin adamlarını dəstəkləmədi.

Putin müqəvva Lukaşenkoya dəstəyi ilə Avropanın və dünyanın ən mədəni xalqlarından biri, küçədəki oturacaqların üstünə belə ayaqqabılarını çıxarıb çıxan daha bir şərqi slavyan qardaşlarını- belarusları da anti-Russia mövqeyinə sürükləməyi bacardı. Və indi də sıra Qazaxıstana çatdı.

Qazaxıstan yaxın zamanlaradək qazax, türk dövlətindən daha çox rus dövlətinə bənzəyirdi. Ölkə əhalisinin böyük əksəriyyətinin rus olmasından dolayı dövlət dili də, danışıq dili də faktiki rus dili idi. Şəhərlərdə insanlar yalnız rus mühitində yaşayırdılar. Əslində, Qazaxıstanda milliləşmə, türkləşmə siyasətini Nazarbayev müəyyən basqı ilə aparırdı, inzibati təzyiqdən istifadə edirdi. Məsələn, məmurlardan övladlarını rus məktəblərinə göndərməmək tələb edilirdi. Rus dilinin dövlət qurumlarında işlədilməsi qanunla qadağan edilmişdi. Ancaq əhali ətalət prinsipi ilə müqavimət göstərirdi, bu qadağalara passiv etiraz edirdi və rus kultu Qazaxıstanda son dövrlərədək güclü idi…

…Və yenə də Putinin “dahi strategiyası” öz işini gördü. Əminliklə deyirəm ki, Putin Qazaxıstanı itirdi. Bəli, bu gün Alma-Atıda dinc insanlar qətlə yetirilir, bəli bu gün Qazaxıstanın digər şəhərlərində dinc etirazçılara, kütləyə odlu silahlardan atəş açılır. Bəli, bu gün küçələrdə rus tankları şütüyür, ancaq bütün bunlar müvəqqətidir, həm də çox müvəqqətidir. Ortada böyük bir xalqın dəmir iradəsi var. Qazax xalqı bu günlər Bakının 20 yanvarını yaşadı və 20 yanvar bizləri necə birləşdirib azadlıq mübarizəmizi motivasiya etdisə, qazax qardaşlarımız da bunu Putinə heç vaxt bağışlamayacaqlar.
3600 nəfərlə Rusiya öz azadlığı uğrunda ölümü belə gözə almış bir xalqı susdurmaqmı istəyir?!

KTMT-nın Qazaxıstana ordu yeritməsi bir işğal faktıdır, bu addımın heç bir legitim əsası yoxdur və ola bilməz. Nə BMT Nizamnaməsi, nə Qazaxıstan Konstitusiyası və KTMT-in öz nizamnaməsi bu addıma hüquqi əsas yaradır. Bu hərbi təcavüzdən sonra Rusiyanın Qazaxıstanda bütün siyasi perspektivləri bitdi. Nazarbayev və Tokayev isə artıq siyasi meyitlərdir və qazax xalqının əbədi nifrəti onları o biri dünyalarında da yalnız buraxmayacaq.

Qazax xalqı artıq bu savaşın qalibidir. O bütün dünyaya, hətta Putinə də sübut etdi ki, ən əzəmətli görünən diktatorlar belə kağız evdə yaşayırlar. Və o ev istənilən an həmin tiranların, diktatorların başına uça bilər. Cəmi üç gün ərzində zahirən çox güclü görünən Qazaxıstan rəhbərliyi ölkə üzərində nəzarəti itirdi, ölkənin ən böyük şəhərindən çıxarıldı və yalnız yadelli işğalçıların köməyi ilə, xalqına və dövlətinə xəyanət etmək hesabına müvəqqəti, qısa müddətlik duruş gətirə bildi…

… Və qardaş ölkədə baş verənlər Rusiya üçün də bir yol xəritəsi cızdı. Rusiya cəmiyyəti, müxalifəti 2014-cü ildə olduğu kimi “Крым наш” demədi, “nə işimiz var Qazaxıstanda” dedi.

Bütün çevrəsində- Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova, indi də Qazaxıstanda xalqlara qarşı cəbhə açan Rusiya oradan atəşin öz ocağına düşdüyünü, çəmbərin daraldığını fərq etməlidir artıq. Qazaxıstanın işğalının, əslində Pirr Qələbəsi olduğunu, 20 yanvar effekti yaradacağını, Rusiyanı daxildən silkələyəcəyini mütləq fərq etməlidir.

Etmir. Niyə?

Çünki Putin “dahi strateq”dir.

Gültəkin HACIBƏYLİ

Sabiq millət vəkili

Read Previous

“Dost və qardaş Qazaxıstandan gələn xəbərlər hamımızı sarsıdır və ağrılıdır…”-XALQ YAZIÇISI ANAR

Read Next

“Makron da daxil olmaqla, Qazaxıstandakı hadisələri narahatlıqla izlədiklərini bildirməklə kifayətlənənlərin riyakarlığı ikrah doğurur”-MÜSAVAT BAŞQANI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir