“SABİRİN ÖLÜMÜ” – Millət vəkili yazır

Sabirin “Hop-Hopnamə”sinin 1914-cü ildə çıxan 2-ci nəşri “Qanun” nəşriyyatı tərəfindən 2012-ci ildə bərpa olunaraq çap edilib. Həmin kitaba Ön sözü Abbas Səhhət yazmışdı.

Mirza_Alakbar_Sabir

Sabirin həyatı ilə bağlı çox təsiredici məqamlar var. Maraqlıdır ki, Mirzə Ələkbər Sabir ömrünün sonlarına yaxın intihar etmək istəyib. Abbas Səhhətə aşaıdakıları yazmış:

abbas-sehhet

“…Dünyadan, həyatdan bezaram. Bəradər, yəqin et ki, şərən (şəriətlə) məsul olmasaydım özümü məsmum (intihar) edərdim. Bir dəfə dünyanın əzabından xilas olardım, lakin nə etməli, tərbiyə ibtidaiyyənin təsirindənmi, dindarlıqdanmıdır ki, buna vicdanən razı olmuram nə qədər cismən narahat…”


“El üçün ağlayan gözü kor olar” misalı tariximizdə bəlkə də ən çox Sabirə aid oluna bilər. İlk kitabının pulunu ölümündən sonra erməni ziyalı qadınları yığıb verdikdən sonra çap olunub.


On beş illik evliliyindən 8 qız uşağı dünyaya gəlir. Quyruq yağı əritməklə və sabun bişirməklə böyük bir ailənin gündəlik çörəyini qazanır. Şeirlərinə, dinə sağlam baxışına görə xalqımızın bugünki qaraguruh çoxluğunun o dövrdə yaşayan baba-nənələrinin lənət hədəfinə çevrilir. Təhqirlərin qarşısında yazdıqları yüz il sonra belə din düşüncəsi dəyişməyən bir toplum üçün ibrətamiz nümunə sayıla bilər:


Əşhədü billahi-əliyyül-əzim,
Sahibi-imanəm a sirvanlılar!
Yox yeri bir dinə yəqinim mənim,
Köhnə müsəlmanəm a şirvanlılar!

Şiəyəm, əmma nə bu əşkaldən,
Sünniyəm, əmma nə bu əmsaldən,
Sufiyəm, əmma nə bu əbdaldən
Haqsevən insanəm a şirvanlılar!

Ümməti-mərhuməvü məğfür ilə,
Əmrdəyəm taəti-məzbur ilə,
Küfrümə hökm eyləməyin zur ilə,
Qaili-Quranəm a şirvanlılar!

Bu şirvanlılar sözünü bu gün yazılmış olsaydı, heç şübhəsiz “ey azərbaycanlılar” kimi tələffüz edərdi.
Sabiri millətimizin Mirzə Cəlil, Abbas Səhhət kimi az sayda aydınları sevdi, dəyər verdi. Xalq kütlələri isə ona olmazın təhqirlərini, böhtanlarını yağdırdı. O dövrün yobaz müsəlmanları Babı dedilər, Kafir dedilər, Mürtəd dedilər. Eyni Seyyid Əzim kimi nəhəng bir şairin başına gətirdiklərini Sabirə qarşı da etdilər. Sabirin xəstəliyi və erkən ölümü bəlkə də onu daşqalaq olmaqdan xilas etdi. Cahilliklə kodlaşdırılmış kütlə onu sevmədiyinə görə ölümündən sonra kitabının çap pulunu erməni ziyalı qadınları yığıb vermişdi…
Sabir bu gün də aktualdır və məmnuniyyətlə cahil sürüsü tərəfindən daş-qalaq olunmağa layiq sayıla bilər. Çünki özünün də ifadə etdiyi kimi “Haqsevən insan” kimi bu cəmiyyətin Şiə, Sünni, Sufi qəliblərinin içinə girnədikcə söyüləcəkdi, döyüləcəkdi, öldürüləcəkdi.
“Küfrümə hökm eyləməyin zur ilə” ifadəsində Sabirin başına yağdırılan daşlardan qorunmağa çalışdığı əlləri görünür. Və adam hər dəfə başından qan axan Sabirə dönüb demək istəyir ki, bağışla bizi, dəyişə bilmədik!

Fazil Mustafa,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik” – DEPUTAT – FOTO

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 109 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir