Şabran Şəhidləri: İki övlad atası, 13 ilin hərbçisi, Xüsusi Təyinatlı Mirbala Rəsulov, evin tək və subay oğlu, 4 medallı Əmirağa Ağayev VƏ AİLƏNİN 3 OĞLAN ÖVLADINDAN BİRİ, 1 ORDEN VƏ 5 MEDALLI XƏYAL HƏSƏNOV… – FOTOLAR

Bu gün, 3 iyul 2022-ci il tarixində daha 3 Şəhid ailəsi, Şəhid anası ilə tanış oldum…

Şabranlı İkinci Vətən Müharibəsi Şəhidlərindən Mirbala Rəsulovun anası Xədicə xanım, Xəyal Həsənovun anası Zərnişan xanım və Əmirağa Ağayevin anası Hədiyyə xanımla bir araya gəldim…

Şəhid ailələri, Şəhid anaları ilə görüş, tanışlıq həm Bakılı, həm də Şabranlı (Zeyvəli) İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından biri olan Vüsal Həsənovun Cənnətdəki ikinci doğum günü ilə bağlı təşkil edilən mərasimdə baş tutdu…

Şəhidlərimizin ailələrinə, dərdli, kədərli, həm də Məğrur və Qürurlu analarına başsağlığı verdim, onlara Allahdan səbr və dözüm dilədim, həm Vətən sevdalılarımızın hər birinin ruhu, həm də onların valideynləri qarşısında baş əydiyimi bildirdim…

“Şəhidlərimizin, Şəhid balalarımızın məkanları cənnətlik, məqamları Uca, ruhları şad olsun!”-dedim…

Və hər birimizin, hər bir vicdanlı Azərbaycan vətəndaşının Şəhidlərimizə, onların ailələrinə borclu olduğunu, şəxsən borclu olduğumu dilə gətirdim…

Şəhid anaları ilə qısa da olsa, bir-bir söhbət etdim, dərdləşdim…

Qeyd edim ki, Şəhid Mirbala Əmirağa oğlu Rəsulov 1989-cu ilin oktyabr ayının 17-də Şabranın Rəhimli kəndində dünyaya gəlib…

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb və elə o vaxtdan həyatını Ordu, hərb ilə bağlayıb…

13 ilin peşəkar hərbçisi, Azərbaycan Ordusunun Kiçik giziri, Xüsusi Təyinatlı (XTQ-çı) olub…

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb və oktyabr ayının 5-də Cəbrayıl rayonunda qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra doğulub boya-başa çatdığı Rəhimli kəndində torpağa tapşırılıb…

Həm müharibədən əvvəl, həm də müharibədən sonra bir neçə medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

Mirbala ailənin iki övladından biri olub…

Həm də ailəli, iki qız atası olub…

Şabranın Surra kəndindən olan Əmirağa Mahir oğlu Ağayev 2002-ci ilin may ayının 29-da sadə bir ailədə dünyaya gəlib…

Orta məktəbi bitirəndən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun, cəmi 3 ayın Əsgəri kimi iştirak edib…

Və müharibənin 17-ci günündə, oktyabrın 13-də Füzuli rayonu istiqamətində qanlı döyüşlərdən birində Şəhidlik məqamına yüksəlib…

Ancaq onun nəşini uzun müddət əldə etmək mümkün olmayıb…

Nəşi yalnız 4 aydan sonra, 2021-ci ilin fevral ayında tapılıb, ailəsinə təhvil verilib və həmin ayın 11-də Şabran rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Əmirağa ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub…

O, həm də subay idi…

Şəhidliyindən sonra 4 medalla təltif olunub…

Surra kəndinin digər Şəhidi Xəyal Əliyulla oğlu Həsənov isə 1998-ci ilin 30 noyabr tarixində dünyaya göz açıb…

Ailənin 3 oğlan övladından biri olub…

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecində təhsil alıb…

Kollec təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində Xüsusi Təyinatlı olaraq vuruşub…

Və müharibənin 8-ci günündə, oktyabrın 4-də Füzuli rayonu istiqamətində ağır döyüşlərdən birində Şəhidlik zirvəsinə ucalıb…

Nəşi bir gün sonra Surra kənd qəbiristanlığında torpağa tapşırılıb…

Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və 5 medalla təltif edilib…

Xəyal da subay idi…

Nur içində yatsınlar!

Allah ailələrinə bir daha səbr və dözüm versin!

Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca, Mirbalalar da, Əmirağalar da, Xəyallar da var olacaq, qəlblərdə, könüllərdə yaşayacaqlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Həm Bakılı, həm də Şabranlı İkinci Vətən Müharibəsi Şəhidi- atasını erkən itirən, ailənin iki övladından biri olan Vüsal Həsənov: BU GÜN ONUN CƏNNƏTDƏKİ İKİNCİ VƏ YUBİLEY DOĞUM GÜNÜDÜR, 25 YAŞI TAMAM OLUR…- FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

3 bacının tək qardaşı, subay, Gizir, 5 medallı-SADİQ XUBYAR OĞLU AZAYEV – QUBALI ŞƏHİD ANASINA KÖMƏK ƏLİ UZADAN OLACAQMI, YARIMÇIQ QALMIŞ EVİN TİKİNTİSİ BAŞA ÇATDIRILACAQMI? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir