SADIQLİK – Deputatın yazısı

Bu misralar məsum, sabahlara ümidlərlə dolu bir qızın qələmindən çıxıb:

Mən gəncliyin aşar-coşar çağında,
Həyatı sevgidən ibarət sandım.
Qəlbimi güldürən sevda bağında,
Hər çiçək gördümsə, tək səni andım.

Bu şeiri Umgülsüm 1919-cu ilin avqustunda yazıb və məhəbbətli sətirlərinin ünvanı da 1 il sonra qovuşacağı Seyid Hüseyndir.
Onun doğma bacısı Ümmülbanu Məhəmmədəmin Rəsulzadənin həyat yoldaşı idi.
Sevdiyi Seyid Hüseynsə Azərbaycanın yeni parlayan, ictimai-siyasi həyatda fəallığı ilə seçilən ən üstün qələm sahiblərindən biri idi.

Sanki həyat onlara yalnız xoşbəxt, bayram ovqatlı, yaşadıqca yaşamalı fərəhli çağlar vəd edirdi…

…Bu isə Seyid Hüseynin Umgülsümə 1928-ci ilin 29 dekabrında yazdığı məktubundan sətirlərdir: “Mənim həyatda yaşadığım yalnız səninlə çocuqlarımın səadəti üçündür. Mənim çalışdığım, yazıçılığım sizin səadətiniz üçündür”.

Hələ bəxtiyarlıqlarının 9 illik möhləti var.
Təmtəraqsız, miyanə dolanışıqlı güzəran sürürdülər.
Amma bir yerdəydilər və onlarçün bundan böyük sevinc yox idi.

Həmin birgəliyin, hər axşam bir tavan altında qovuşa bilməyin səadətlərin ən ülvisi olduğunu pərən-pərən düşəndən sonra bütün çılpaqlığı ilə duyacaqlar.
Tale, amansız dövran onları elə ayrı salacaq ki, daha heç vaxt qovuşa bilməyəcəklər.

Tanrının istdad bağışladığı Seyid Hüseynə qəzavü-qədər elə nahamvar bir bəxt yazacaq ki, bu kübar yazıçı pırtlaşıq zəmanənin qorxusundan xalq üçün doğurmalı olduğu füsünkar əsərlərin çoxunu elə qəlbində, beynində özü ilə aparmalı olacaq.

Onun çoxlu təxəllüslərindən biri də “Sadiq” olub. Soyadı Sadıqzadə idi, ona görə də imzalarından biri olaraq bu kəlməni seçmişdi.
Qələmə də, sözə də, millətinə də, Vətəninə də, məsləkinə də, ürək bağladığı insanlara da ən ağıq sınaqanlarında belə sonadək sadiqlik ondan ötrü başlıca meyar, ömrünün, varlığının ali mənasına çevrildi.

Rafael Hüseynov,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Chevron”-un gəliri və xalis mənfəəti artıb

Read Next

Atəşkəs rejimi 11 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir