“Şahdəniz-2″ çərçivəsində hasil olunan qazın Avropaya nəqlinə hazırıq” – SOCAR-IN PREZİDENTİ

25 il bundan əvvəl ölkənin təbii qaza olan daxili tələbatını ödəmək üçün xaricdən qaz idxal edən Azərbaycan dünyada təbii qaza tələbatın sürətlə artdığı indiki dövrdə beynəlxalq miqyasda tanınmış yeni təbii qaz mənbəyi, mühüm qaz ixracatçısı kimi tanınır. Son 11 ildə ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb. 1999-cu ildə kəşf, 2006-cı ildən istismar edilən, dəniz akvatroiyalarında ən böyük qaz-kondensat yataqlarından olan, ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinəticəsində enerji müstəqilliyini tam təmin etmiş Azərbaycan həm də qlobal miqyaslı nəhəng qaz layihələrinin təşəbbüskarına və aparıcı qüvvəsinə çevrilmişdir.

Etikxeber.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi meqa-layihəsinin 4 seqmentindən 3-ü uğurla başa vurulub:

“Artıq “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəql edilməsinə tam hazırıq. Dəhlizin sonuncu qeqmenti olan TAP kəmərinin tikintisi üzrə işlər də sona çatmaqdadır. SOCAR eyni zamanda həm Azərbaycanın, həm də qonşu Gürcüstanın əsas qaz operatorudur. Bu gün ölkəmizdə qazlaşdırma səviyyəsi 96 faizə yaxındır. Qaz tədarükü və qazlaşdırma sahəsində qazandığımız zəngin təcrübə bu yaxınlarda Türkiyədə satın aldığımız qazpaylaşdırıcı şəbəkənin də səmərəli idarə olunacağına əminlik yaradır.

Ötən 25 ildə Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 ildə isə 30,3% artıb. Bu müsbət dinamika davamlı xarakter daşıyır. Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20% artım proqnozlaşdırılır. Bu dinamika növbəti illərdə də yüksələn xətt üzrə davam edəcəkdir. Xəzərin Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə zəngindir. “Şahdəniz”lə yanaşı “Abşeron”, “Qarabağ”, “Ümid” kimi yataqlarda aparılan genişmiqyaslı  axtarış-kəşfiyyat və hasilat işləri mühüm uğurlar vəd edir.  “Babək”, “Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” strukturlarından da gözləntilərimiz böyükdür. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimyası sənayesinin inkişafı üçün yeni üfüqlər açır, bizi indiyə qədər idxal olunan məhsulları ölkə daxilində istehsal edən yeni müəssisələr yaratmağa ruhlandırır. Ötən il bu istiqamətdə mühüm irəliləyişə nail olduq, “SOCAR Polymer” layihəsi çərçivəsində tikilmiş polipropilen və yüksək sıxlıqlı polietilen qurğularında və  “SOCAR Karbamid” zavodunda istehsala başladıq.

Yeni zavodların spesifikası bundan ibarətdir ki, həm son istehlak məhsulları istehsal etməklə ölkədaxili tələbatın təminatına imkan verəcək, həm də Azərbaycanın ixrac potensialını genişləndirəcəkdir. Belə ki, bu müəssisələrin məhsulları ölkəmizdə qeyri-neft sektorunun, ilk növbədə mühüm əhəmiyyətə malik aqrar sektorun, habelə kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafına güclü təkan verəcəkdir. “SOCAR Polymer”in qurğularında istehsal edilən məhsulların 75 faizinin, azot gübrəsi karbamid məhsulunun isə 2/3 hissəsinin xarici bazarlara ixrac ediləcəyi nəzərdə tutulur.

Hər iki zavodda xammal kimi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun və “Azərikimya” İstehsal Birliyinin məhsullarından istifadə edilir. Bu nəhəng neft-qaz emalı və kimya komplekslərindəaparılan yenidənqurma və modernləşdirmə işləri uğurla davam etdirilir. Görülən tədbirlər daunstrim, yəni emal və kimya sənayesinin müasirləşdirilməsi, yeni qurğular inşa edilməsi, məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin yüksək Avropa standartlarına uyğunlaşdırılması məqsədlərinə xidmət edir”.

O, həmçinin deyib ki, polimer və karbamid layihələrinin bir əsas özəlliyi də ölkəmizdə neft-qaz sənayesinin qarşıdakı inkişaf perspektivlərini, sahənin gələcəyinə strateji baxışı əks etdirməsi ilə bağlıdır:

“Bu məsələ, düşünürəm ki, xüsusi vurğulanmalıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dayanıqlı inkişaf strategiyasına əsasən, yaxın perspektivdə qarşıda Azərbaycanın  qeyri-neft sektorunun yüksəlişinə nail olmaq vəzifəsi durur.  Çünki neft və qaz tükənən resurslardır və bunların daimi gəlir mənbəyi olması təbii səbəblərdən, qeyri mümkündür. Hətta dünyanın ən zəngin neft yataqları belə vaxt ötdükcə təbii olaraq tükənir.Uzun müddət işlənən yataqlarda hasilat tempinin azalması qaçılmazdır. Odur ki, ənənəvi hasilat məhsulları olan neft və qazdan asılılığın azaldılması bizim üçün prioritet istiqamətdir. Neft və qaz kimyası isə bu cəhətdən, əksinə əlverişli perspektivlər açır. Müşahidələr göstərir ki, neft-qaz kimyası planet miqyasında getdikcə daha mühüm rol oynayan sahələrə çevrilir.

Polimerlərin, plastik maddələrin yaxın gələcəkdə məişətimizin bir çox sahələrində tükənən resursları əvəzləyə biləcəyi haqqında tədqiqatlar bütün dünyada neft-qaz sənayesi biznesinin inkişaf məntiqinə güclü təsir göstərmişdir. Bu məntiqlə yanaşdıqda aydın görə bilirik ki, daha çox çeşiddə məhsul istehsal edən şirkətlər, yəni bazara həm xam neft, həm neft-kimya, həm də neft-qaz məhsulları çıxaran şirkətlər bir sahədə baş verə biləcək volatillik və böhranlardan özlərini daha yaxşı sığortalaya bilir. Bir məhsulun satış qiymətində azalma müşahidə edilərsə, digər məhsul növlərinin satışı ilə bu azalmanı kompensasiya etmək mümkün olur. Məhz buna görə də gələcəyə baxışımız investisiya portfelinin şaxələndirilməsi ilə bağlıdır və Azərbaycanda, eləcə də xaricdə yeni neft-kimya və qaz-kimya müəssisələrinin tikilib istismara verilməsini nəzərdə tuturuq…”.

Etikxeber.az

Read Previous

“Məktəblinin dostu”nun sayının 150-yə çatdırılması nəzərədə tutulur… – FOTO

Read Next

Millimiz 1191 xalla 109-cu pillədə…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir