Samir Şərifov yenidən Milli Məclisdə-BÜDCƏNİN İCRASI MÜZAKİRƏLƏRDƏN KEÇDİ VƏ… – YENİLƏNİB – (3)

Tahir MİRKİŞİLİ: “Pandemiyaya və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı, enerji və digər sahələrdə müsbət irəliləyişlər əldə edilib…”

Mayın 24-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

İclasda Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov və digər rəsmi şəxslər iştirak edirlər.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Deputatlar əvvəlcə gündəlikdəki birinci məsələ – “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxaracaqlar.

Sonra komitə üzvləri “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə (hər ikisi birinci oxunuş) münasibət bildirəcəklər.

Qanun layihələri komitə üzvləri tərəfindən müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunacaq.

11:22

***

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan xərclənən vəsait məlum olub.

Belə ki, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə əsasən, bu məqsədlə 10,2 milyon manat vəsait sərf olunub.

Həmçinin, Azərbaycanın müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və ehtiyat fondlarından ayrılmış 670,3 milyon manat vəsait də nəzərə alınmaqla, 2020-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 16,8%-i həcmində və ya 4 milyard 425,4 milyon manat vəsait yönəldilib.

Qanun layihəsinə əsasən, bu, 2019-cu illə müqayisədə 1 milyard 63,8 milyon manat və ya 31,6% çoxdur.

Müdafiə qüvvələrinə 1 milyard 627 milyon 553 min 480 manat, milli təhlükəsizliyə 240 milyon 668 min 725 manat, sərhəd xidmətinə 278 milyon 792 min 577 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 3 milyon 704 min 889 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə 1 milyard 604 milyon 370 min 767 manat sərf olunub.

Sənədə əsasən, 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan isə xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 139 milyon manat ayrılıb.

11:22

***

“2020-ci il Azərbaycan xalqının tarixinə şanlı səhifə kimi yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər qazanaraq, 30 ilə yaxın davam edən münaqişəyə son qoydu. Azərbaycan ötən ildə 3 cəbhədə – informasiya, hərbi və iqtisadi böhranla mübarizə cəbhəlində mübarizə aparıb. 2020-ci il həm də dövlətimiz tərəfindən preventiv və çevik addımların atılması ilə əlamətdar il kimi yadda qaldı”.

Bunu da MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında bildirib.

2020-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərindən danışan komitə sədri diqqətə çatdırıb ki, ötən il pandemiyaya və iqtisadi böhrana baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı, enerji və digər sahələrdə müsbət irəliləyişlər əldə edilib.

12:10

***

“Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyat sahəsində də apardığı uzaqgörən siyasəti və atdığı çevik addımları nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanır. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ordu quruculuğunda və digər sahələrdə mühüm işlər görülüb. Dövrün çağırışlarına zamanında adekvat reaksiya verilib”.

Bunu isə maliyyə naziri Samir Şərifov bildirib.

Nazir qeyd edib ki, 2020-ci ildə ölkəmizdə kənd təsərrüfatı və nəqliyyat sektorlarında irəliləyiş müşahidə olunub.

Bildirilib ki, manatın sabitliyinin qorunması inflyasiyanın qarşısının alınmasına kömək edib. Dövlət büdcəsindən pandemiya ilə mübarizəyə xeyli vəsait xərclənib. Buraya dəstək proqramları, sosialyönümlü xərclər daxildir. Modul tipli xəstəxanaların açılmasına, tibb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ümumilikdə səhiyyə sahəsinə dövlət büdcəsindən 600 milyondan çox vəsait xərclənib. Təkcə səhiyyə işçilərinə 186 milyon manat vəsait ödənilib.

S.Şərifov bildirib ki, hesabat ilində dövlət büdcəsinin 3,1 faizi sosialyönümlü xərclərə sərf olunub. Qeyri-neft sektorunda büdcə daxilolmaları 10 milyard 680 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulandan çoxdur.

13:01

***

İclasda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova hesabat ilində makro-iqtisadi vəziyyət haqqında danışıb, dayanıqlığın  qorunması üçün dövlətin yeritdiyi büdcə siyasəti, büdcə parametrlərində,  büdcə-vergi siyasətində, büdcənin gəlir və xərclərində aparılan dürüstləşdirmələr,  eyni zamanda bu dövr ərzində davam edən böhranlı şəraitin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən dəstək proqramlarının, antiböhran tədbirlərinin  oynadığı rol barədə məlumat verib.

Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2020-ci ilin dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının rəyini təqdim edib. O, Hesablama Palatasına təqdim olunan “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin və hesabatın  mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, büdcə parametrlərinin doğruluğunun və tamlığının qiymətləndirilməsi, icra olunmuş büdcə parametrlərinin təsdiq olunmuş göstəricilərə uyğunluğu, büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olması barədə fikirlərini açıqlayıb.

Sonra Hesablama Palatasının əməkdaşları Gülnar Hacıyeva Tamerlan Yusif-zadə Dövlət Büdcəsinin icra edilməsi ilə bağlı palatanın apardığı təhlillər barədə geniş təqdimatla çıxış ediblər.

Komitənin iclasında  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli,  komitə üzvləri Ziyad Səmədzadə, Vahid Əhmədov, Vüqar Bayramov, Mahir Abbaszadə, Rüfət Quliyev Aydın Hüseynov çıxış ediblər. 

Deputatlar dövlət büdcəsinin gəlir və xərcləri barədə fikirlərini bildiriblər, onun icrasını yüksək qiymətləndiriblər və Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Sonra komitə sədri birinci oxunuşda olan “Kredit ittifaqları haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini deputatların müzakirəsinə təqdim edib. Bildirib ki, qanun layihəsində əsasən kredit ittifaqının hər bir borcalan haqqında məlumatı kredit bürosuna və mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməsi qaydası təsbit olunub, bu qaydanın pozulmasına görə isə  məcəllədə inzibati məsuliyyət nəzərdə tutulub. Deputatlar hər iki layihəni birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Elnur Allahverdiyev, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Ağalar Vəliyev, Anar Məmmədov, İqbal Məmmədov və   komitənin iclasına dəvət olunan  maliyyə nazirinin müavini Azər Bayramov, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov,  Dövlət Vergi Xidməti rəisinin müavini  İlkin Vəliyev  və digər rəsmi şəxslər iştirak ediblər.

Etikxeber.az

Read Previous

Suriyada “İŞİD”in tərkibində vuruşan azərbaycanlı-HƏBS EDİLDİ – FOTO-VİDEO

Read Next

“Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq…”-BAYDEN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir