“Satın alınan siyasətçilər çalınan hər bir havaya oynamalı, amma yeri gələndə tarixin zibilliyinə atılmalıdırlar”-MM-İN KOMİTƏ SƏDRİ

Pulla satın alınan Jirinovski kimi siyasətçilərin özləri, əlbəttə, pul kimi əllərdə gəzməlidirlər. Çalınan hər bir havaya oynamalı, amma yeri gələndə tarixin zibilliyinə atılmalıdırlar.

Etikxeber.az xəbər verir ki, bunu  mətbuata açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev rusiyalı deputat Vladimir Jirinovskinin Azərbaycanın ünvanına səsləndirdiyi təhqiramiz fikirlərə münasibət bildirərkən deyib.

“Ağlı başında olan və özünə hörmət edən insan başqaları ilə söyüş, təhqir dilində danışmamalıdır. Hərəkətlərinə fikir verməli, cəmiyyəti düşünməlidir. Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə bu insani keyfiyyətlərdən çox uzaqdır”-deyən T. Rzayevin fikrincə, Jirinovski insan, siyasətçi kimi nəinki Rusiya ictimaiyyəti tərəfindən, eləcə də onu tanıyan, şit, bayağı hərəkətlərinə yalan, şantaj xarakterli bəyanatlarına bələd olan insanlar tərəfindən də sağlam düşüncəli varlıq kimi qəbul edilmir:

“Çünki Jirinovski yersiz davranışları, təhqir, söyüş dolu ifadələri, saxta fikirləri ilə cəmiyyət arasında özünə “bambılı”, dəli obrazı yaradıb. Elə buna görə də onun hər bir çıxışı, sözü gülüş və istehza ilə qarşılanır, insanlarda ikrah hissi doğurur. O, siyasətdə məddahlıq edir. Yararlandığı şəxsləri, ölkələri tərifləməklə, cibinə dollar salanları ilahiləşdirməklə əsl kloun rolunu oynayır. Nə özünə, nə sədri olduğu partiyaya, nə də ictimaiyyətə hörmət qoyur. Əmmaməliyi saxtakarlığı və yalançılığı həyatının mənasına çevirən Jirinovskinin fikirlərinin kökündə onun şovinist əxlaqının çalarları aydın görünür. Bu isə erməni qardaş və bacılarının qayğısından, nəvazişindən qaynaqlanır”.

T. Rzayevin sözlərinə görə, Jirinovskinin türk dünyası, Azərbaycan haqqında söylədiyi sərsəm fikirlər Rusiya və Azərbaycan münasibətlərinin pozulmasına, erməni təcavüzkarlarının dəstəklənməsinə, münaqişənin yenidən qızışdırılmasına yönəlib.

“Onun Azərbaycanın müstəqilliyinin əleyhinə işlətdiyi ifadələr beynəlxalq hüquq normalarına ziddir və xalqımızı narahat etməyə bilməz. Prezident İlham Əliyevin yürütdüyü böyük siyasət xalqın birliyi, qazandığımız tarixi qələbə qarşısında bu bəyanatlar sabun köpüyünə bənzəyir. Ölkəmizin sürətli inkişafına, qonşu Rusiya ilə münasibətlərimizə təsir göstərmək gücünə malik deyildir. Jirinovski və onun kimilər bilməlidirlər ki, siyasət, qələbə, birlik pulla alınıb, satılmır. O xalqın iradəsinə, birliyinə, sədaqətinə arxalanır. Pulla satın alınan Jirinovski kimi siyasətçilərin özləri, əlbəttə, pul kimi əllərdə gəzməlidirlər. Çalınan hər bir havaya oynamalı, amma yeri gələndə tarixin zibilliyinə atılmalıdırlar”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Yoluxma sayı minə yaxınlaşdı – DAHA 5 ÖLÜM

Read Next

Bu üç Şəhid anasının ahından qorxun!- KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir