Satınalmalar, zəmanətli kreditlər, ünvanlı sosial yardımlar, mühasibatlılıq… və SƏRT ETİRAZLAR – YENİLƏNİB – (2)

Hesablama Palatası DTX-ya nə təqdim edib?

Hesablama Palatasının illik hesabatı Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

vuqar-gulmammad

Etikxeber.az xəbər verir ki,  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, indiyə qədər Hesablama Palatası MM-də, plenar iclasda hesabat verib, bu il isə parlamentin komitəsində hesabatının müzakirəyə çıxarılması əlamətdar haldır.

Onun sözlərinə görə, Hesablama Palatası 2018-ci ildə 58 nəzarət tədbiri barədə qərar qəbul edib, bunların 5-i analitik təhlil, 53-ü audit formasında həyata keçirilib:

“Audit yoxlamaları 9,3 milyard manat vəsaiti əhatə edib. Auditlərin 38-i Bakıda, 2-i xarici ölkələrdə yerləşən səfirliklərdə, digərləri regionlarda aparılıb.  Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb. Bunların içərçisində büdcə qanunvericilyiinin pozulması, mhasibat və  dövlət satınalmaları ilə bağlı nöqsanlar daha çox olub. O cümlədən, sosial müdafiə sahəsində də nöqsanlar aşkarlanıb.”  

Hesablama Palatasının sədri sonra nəzərə çatdırıb ki, son 5 ildə audit yoxlamaları nəticəsində 69,5 milyon manat vəsait dövlət büdcəsinə, 2,2 təşkilatlara, 2,6 milyon manat Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bərpa edilib:

“Ümumilikdə isə son 5 ildə ərzində 72,1 milyon manat vəsaitin bərpsı təmin edilib. Bu müddət ərzində Hesablama Palatası Nazirlər Kabinetinə 21 təklif təqdim edib, bu təkliflərdən 13-ü qəbul edilərək müvafiq aktlarda dəyişikliklər edilib, 4 təklif məqbul sayılmayıb, 4 təklifə münasibət bildirilməyib. 2018-ci ildə Hesablama Palatası Nazirlər Kabinetinə 6 yeni təklif təqdim edib”.

V. Gülməmmədov  eyni zamanda deyib ki, hesabat ilində 8 nəzarət tədbirinin nəticələri barədə məlumatlar prokurorluq orqanlarına, 1 nəzarət tədbiri barədə məlumat isə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.

Hesabat ətrafında müzakirələrə başlanılıb.

***

Millət vəkili mühasibatlıqla bağlı məsələdən ciddi narazılıq etdilər…

Vahid Əhmədovdan sərt etirazlar…

VAHİD-2

“Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bir sıra dövlət qurumlarında çox ciddi nöqsanlar aşkar olunur, üzə çıxarılır. Nöqsanlar üzə çıxarılır, amma onların aradan qaldırılması istiqamətində işlər axsayır, onlar olduğu kimi qalır və təkarlanır”.

Bunu  müzakirələr millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili xüsusilə, dövlət satınalmaları ilə bağlı məsələdə ciddi problemlərinin, nöqsanların olduğunu bildirib:

“Burada çox ciddi problemlər var, davam edir. Bu məsələdə şəffaflıq demək olar ki, yoxdur. Kim necə istəyirsə, o cür hərəkət edir. Biz dəfələrlə bu məsələni qaldırmışq, ancaq çox təəssüflər olsun ki, heç bir nəticə yoxdur. Həmçinin, dövləti zəmanəti ilə alınmış kreditlərin qaytarılmasında ciddi nöqsanlar var. Bir çox dövlər qurumları dövlət zəmanəti ilə aldıqları kreditləri geri qaytarmırlar və ya qaytarmaq istəmirlər, müxtəlif bəhanələr gətirirlər. Hesab edirəm ki, bu özbaşınalıqlar aradan qaldırılmalıdır və kreditlər verilərkən, bütün addımlar yüz dəfə ölçülüb, biçilməlidir. Kimə gəldi bu kreditləri vermək olmaz.

Eyni zamanda, ünvanlı sosial yardımların verilməsində nöqsanlar davam etməkdədir. Tutaq ki, Qubanın Xınalıq kəndində, başqa dağ kəndlərində internet işləmir, o kəndlərdə ünvanlı dövlət sosial yardımı almalı olan insanlar var. Bu insanlar nə etməlidir? Ünvanlı dövlət sosial yardımla bağlı internet üzərindən müraciət tələbi qoyulanda bunları da nəzərə almaq lazımdır. 

Hər şeyi elektronlaşdırmaqla kənd camaatını ünvanlı dövlət sosial yardımdan məhrum edə bilərdik. Onsuz da hazırda ünvanlı dövlət sosial yardımı ilə bağlı şikayətlər çoxdur. Elə bu günlərdə təmsilçisi olduğum Quba rayonunda 60-a yaxın seçicinini qəbul etdim. Onların az qala 90 faizi bu məsələ ilə bağlı narazılıqlarını, etirazlarını bildirirdilər. Deyirdilər ki, bizə verilməlidir, amma verilmir, qeyri-şəffaflıq var və sairə. Ona görə bu məsələdə də  problemlər, nöqsanlar artıq aradan qaldırılmalı, insanlar incidilməməlidirlər.

Bununla yanaşı, mühasibat uçotu ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Biz hələ bir il öncə “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklər edilərkən, həmkarım Əli Məsimli ilə bağlı öz narahatlığımızı bildirmişdik, demişdik ki, bu sahədə ölkədə təcrübəli, peşəkar mütəxəssislər çox azdır, bu məsələ, yeni dəyişikliklər gələcəkdə yeni problemlər yarada bilər və yaradacaq. Ötən bir il ərzində də dediklərimizin, narahatlığımızın əsaslı olduğu üzə çıxmış oldu. Odur ki, bu məsələyə də daha ciddi şəkildə qayıtmaq lazımdır”.

mirkisili tahir

Millət vəkili Tahir Mirkişili də mühasibatlıq və hesabatlılıq məsələsinin vacibliyinə diqqət çəkərək, deyib ki, burada problemlər özünü göstərməkdədir.

Millət vəkilinin dediyinə görə, xüsusilə, mühasibatlıq, mühasibatlarla bağlı ciddi problemlər yaşanır:

“Bu məsələlərdə peşəkarlıq çox aşağı səviyyədədir”.

***

Ziyad-Samadzadeh

Ziyad Səmədzadə: Elə ciddi məsələlər, problemlər var ki, onları hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq

Adıçəkilən komitəninn sədri, akademik Ziyad Səmədzadə öz növbəsində mühasibat uçotunun çox vacib məsələ olduğunu bildirib.

Qeyd edib ki, bu məsələdə, bu sahədə  elə ciddi məsələlər, problemlər var ki, onları hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq.

Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı xüsusi Dövlət Proqramı hazırlanmalıdır:

“Mən də səsləndiriləniradlarla razıyam. Hesab edirəm ki, bu məsələyə, bu sahəyə ciddi diqqət yetirilməlidir.Hətta, belə düşünürəm ki, bu yöndə müvafiq dinləmələr də keçirilməlidir. Bu məsələ üzərində də düşünməyə dəyər. Çünki dediyim ki, xüsusilə yerlərdə, bu sahədə  elə ciddi məsələlər, problemlər var ki, bu gedişlə onları hələ uzun illər aradan qaldırmaq mümkün olmayacaq…”.

***

ali-masimli

Əli Məsimli Hesablama Palatasını korrupsiyaya qarşı daha ciddi mübarizəyə çağırdı

Adıçəkilən komitənin digər üzvü Əli Məsimli isə deyib ki, Azərbaycanda ən çox korrupsiyalaşmış sahələrdə yoxlamalar aparılmalıdır.

Ə. Məsimlinin qeyd etdiyinə görə, mətbuat həmin sahələr barədə yazır və faktlar ortaya çıxarır:

“Hesablama Palatası bu istiqamətdə, yəni, korrupsiyaya qarşı mübarizədə fəaliyyətini bərpa və davam etdirsə, yaxşı olar. Bu qurum haqqında yeni qanun onun məsuliyyətini artırır və vəzifələrini genişləndirir”.

Ə. Məsimli onu da deyib ki, Hesablama Palatasının hüquq-mühafizəyə orqanlarına göndərdiyi təkliflərin daha ciddi araşdırılması üçün MM-də müəyyən addımlar atmalıdır: “İri dövlət qurumları Hesablama Palatasının tövsiyələrinə niyə əməl etmirlər? 3 il əvvələ də baxsaq, həmin dövlət qurumlarına 2018-ci ildə olduğu kimi eyni tövsiyələr verib. Digər tərəfdən, Hesablama Palatası qanunvericilikdə dəyişiklik edilməsi ilə bağlı təkliflər təqdim edir. Milli Məclisdə bu təkliflərə niyə baxılmır? Milli Məclis də bu təkliflərə diqqət yetirməlidir”.

Z.Səmədzadə də deyib ki, hər il nöqsanların 30-35 faizinin büdcə qanunvericiliyin pozulması ilə bağlı olur:

“Bu nöqsanları törədən dövlət qurumları hesabat verməlidir. Milli Məclisin Maliyyə Nazirliyi ilə birgə dinləmələr keçirməsi vacibdir”

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi barədə sərəncam imzalandı

Read Next

Təxirə salındı, amma bir ildən sonra yenidən gündəmə gətirildi… – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir