“Savaşda ən çox analar ölür…” – MİLLƏT VƏKİLİ YAZIR

Savaşda ən çox analar ölür…  

( … ağrının milləti, dini,dili olmur. O insanlığın bir-birini anlayacağını ən təsirli yeganə dildir…)

-Deyəsən ana olmaqdan qorxursan?

-Hə, qorxuram… çox qorxmuşdum… yəqin gələcəkdə də bu qorxu məni tərk etməyəcək…

-Nədən? -Sən heç bir anda bütün övladlarını itirən ana gördünmü? Həyat dolu bir ananın bircə anda həyatı deyil ölməyi seçdiyini gördünmü heç?!.

-…Mən gördüm… Gördüm mən..! – İraq savaşında jurnalist kimi çalışarkən.. gördüm!– Ətrafda hər yerdə hər an ölüm dolaşırdı, ölüm! Gənc jurnalist idim o vaxtları. Hər şeyə xəbər gözü ilə baxırdım. Deyəsən dəhşətli bir savaşın ortasına düşdüyümün özüm də o qədər fərqində deyildim… Ta o olaya qədər…. Hələ də bəzən kabus kimi yuxularıma gəlir o an..!

Dağıntılar altında qalmış evdə övladlarını arayan ananın fəryadları hələ də tam qulaqlarımdan getməyib. Səsində elə bir nalə, acı vardı, insanın damarlarında qanını dondururdu. Ona yaxınlaşmaq istədim. Ayaqlarım işlərmirdi sanki –addım ata bilmirdim. Durduğum yerdə çökdüm. Hər şey dəyərini itirmişdi: ən senssasiyalı material, onunla qazanacağım reytinq… Sanki içimdən bir şey qırılırdı, boğulurdum… O isə övladı əlindən alınan yaralı aslan kimi övladlarının adını bağırırdı, ətrafa toplaşanlardan soruşurdu onları… Yardıma gələnlərin hamısının üzündə elə bir kədər, acı vardı ki, sözlə deyiləsi deyildi… Övladlarının öldüyünü qəbul edə bilmirdi… Bir ana üçün böyük dərddi, çox böyük..! Dərdmi? – Bir ana necə ölür?! – mən əslində onun şahidi olurdum.

Vaxt olur, deyirsən: Fiziki ölümə nə var – çox gözəldir… Bəzən bir ana övladlarının xoşbəxtliyini görür, onların əhatəsində gözlərini yumur. Bu ölüm deyil, xoşbəxtlikdir… Ölüm başqa bir şeydir. Bir ananın qarşısında 3 övladının qanlar içərisində cəsədlərini təsəvvür et… Bir anın içərisində hamısını itirisən… Öpür, qoxlayır, yalayır balalarınını qanlı bədənlərini… Aman, Tanrım!.. Və öz dilində Allaha üsyan edir… “Əgər varsansa mənim də canımı al!” deyə bağırır, hər zaman Onun varlığından güc alan, Ona inan bir qadın onun varlığını sorğulamağa başlayır içindəki dəhşətli acının təsiri ilə… Günah olduğunu bilə-bilə… Ona yardım üçün ayağa qalxmaq istəyirəm, ayaqlarım sözümə baxmır… Hər yerdə mənimlə birlikdə olan İraq türkmanı tərcüməçi qolumdan tutaraq ayağa durmağa kömək etmək istəyir. Amma sözün əsl mənasında ayaqlarım sözümə baxmır… Elə sürünərək yaxınlaşıram ona… Sanki acısını kimdənsə çıxarmağa adam axtarırmış kimi, suallarına kiminsə cavab verməsini istəyirmiş kimi “niyə mənim balalarım? Biz heç kimə pislik etməmişdik” deyə fəryad edir, nalə çəkir. “Hardadır Allah?! Görmürmü bunu?!”- deyə, fəryad dolu səsləri ilə sanki Yaradanın həmin anda onu eşitməsini istəyir, sanki onun dözməyib övladlarını geri verəcəyinə ümid edir… Onu özümə doğru sıxıb qucaqlayıram və belə söyləmə günahdı deyirəm… Əslində söyləməyə söz də tapmıram. Sözlərin nə qədər gücsüz olduğunu hiss edirəm.

Qəfildən qoynuma yasladığı başını aralayıb gözlərimin içərisinə baxaraq “sənin övladın yoxdur, deyilmi? ona görə məni anlamırsan” deyir… Gözlərində elə qəribə bir atəş, övkə, kədər vardı ki… illər keçsə də unuda bilmirəm… Deyəsən doğurdan da mən onu düşündüyü qədər anlamamışdım… amma onun bütün ağrılarını içimdə hiss edirdim. Saçlarımdan dırnaqlarıma qədər dəhşətli bir ağrı sızıltısı his edirdim… Mən o zaman hiss etdim ki, ağrının milləti, dini,dili olmur. O insanlığın bir-birini anlayacağını ən təsirli yeganə dildir… Otelə geri qayıtmalı idim, xəbərləri hazırlamalı idim. Televiziyada gözləyirdilər… amma ayaqlarım getmirdi. Onu qoymaq istəmirdim… Öğlunun qan içində köynəyinin cibindən qana batmış balaca “Qurani-Kərim”i çıxardı. Baxdı, baxdı və mənə uzatdı… Ətrafa artıq çoxlu sayda insanlar toplaşırdı, yaralılara yardım edirdilər, cəsədləri götürürdülər… Əlindən tutdum sanki buz kimi idi. Mənə elə gəldi ki, heç nəyi hiss etmir. Sonralar haradansa oxumuşdum ki, insan dəhşətli ağrı şokundan sonra sanki keyləşir, hiss etmir heç nəyi… Öz-özümə “rədd olsun xəbər də, canlı yayım da..!” dedim. Onun yanında qalacam bu gün… Xəbərlər üçün görüntülər alan bəzi jurnalist həmkarlarım “gedək, burada çox təhlükəlidir, otelə dönməliyik” dedilər… Getmədim, ölüm gəzən bu yerlərdə onu tək qoya bilmədim… Sanki insanlığın onun acısındakı günahını mən daşıyırammış kimi özümü bir az süçlu hiss edirdim.

Qəribə bir hiss idi. …Yerdən oturub 3 övladının cansız bədənlərinə baxırdı. Danışmırdı o ana. Sanki Yaradana da küsmüşdü. Su verdik, içmədi… Eləcə baxırdı, baxırdı… Gözlərində elə dəhşətli boşluq vardı, adam ürpənirdi… Yaxınlaşıb heç bir şey söyləmədən başını sinəmə doğru çəkdim, saçlarını oxşamağa başladım, anamın qoxusunu hiss etdim bir an. Anaların hamısının analıq kimi özəl bir qoxusu da varmış deyəsən ya da mən günlərdir anamdan uzaq qalmanın həsrətindəydim deyə mənə belə gəlirdi… Qızının ayaqlarına toxunub “mənə oyuncaq al demişdi, ala bilməmişdim. Yeməyi zorla tapırıq… Alaram demişdim… Mən hardan biləydim..? Hardan?!.” O səssizliyin yerini fəryad dolu hıçqırıqlar tutmuşdu… *** Cənazələr torpağa verilmək üçün götürüldü… Ayaq üstə dura bilmirdi. İki qat olmuşdu. 4-5 saat içində tamam büzüşmüşdü…. Artıq gec idi. Otelə dönməli idim… Ayrılmaq üçün yaxınlaşdım… Sanki məni yeni görürdü… “Sən kimsən?” dedi… “Jurnalistəm, jurnalist” dedim… Dedim ki, “Mən sizin düşməniniz deyiləm, çox üzgünəm”. Sanki təsəlliverici sözləri tapmaqda çətinlik çəkirdim. Nə deyəcəyimi düz-əməlli bilmirdim… Daha nələr dediyimi o qədər də xatırlamıram… amma gözlərinə baxa bilmirdim, gözlərinə. O dərin boşluqdan qorxmuşdum bir az öncə… “Yaz ki, savaşda ən çox analar ölür!” dedi…– “Analar”!.. “Haqlısınız!” dedim… “Anan varmı?” dedi Dedim “Var”. Əllərini saçlarımda, üzümdə, qollarımda gəzdirib nəsə oxumağa başladı… eşidilməyəcək qədər zəif bir səslə…

Duaydı… Bitirən kimi iki qollarımdan tutub silkələyərək,“get, burdan” dedi… “Get..! Ananı öldürmək istəmirsənsə, get buradan..!” dedi… – “Burada ölüm gəzir”… Bütün gecə oteldə gözlərimə yuxu getmədi…. *** Sabah çəkilişlər, materiallar hazırlamaq, Bakıya göndərmək axşama qədər zamanımı aldı. amma fikrim onun yanında qaldı. Maşına minəndə tərcüməçiyə “dünənki məhəlləyə gedək” dedim. …Məhəllədə məzarlıqda olduğunu söylədilər. Biz tərəfdə belə havaya “şərqarışır” deyərlər… amma burada havaya… sözün əsl anlamında ŞƏR QARIŞMIŞDI..!

Hava da ağrı qoxuyurdu, ağrı verirdi…. Uzaqdan gördüyüm mənzərə sanki ayaqlarımı yerə bağladı. 3 övladının məzarının ayağında büzüşüb oturmuşdu. Yanına getmək istəyirdim, ayaqlarım tərpənmirdi. Yavaş-yavaş yanına yaxınlaşıb, oturdum. Sanki mənim gəlişimi hiss etməmişdi belə… Məzarlara doğru baxırdı səssiz-səmirsiz… Və qəfildən sanki dodaqlarının altından öz-özünə danışırmış kimi “yazdınmı savaşda ən çox analar ölür?” dedi… -Yazdım…Gedək… dedim… Qalxdı. Qolundan tutdum. Məzarlıqdan çıxdıq.

Mənə elə gəldi, əslində o orda qaldı, sadəcə qolundan tutduğum soyuq bir bədəni çıxardım ordan…

Savaşda ən çox analar ölür…

Qənirə Paşayeva,

Millət vəkili

Etikxeber.az

 

Read Previous

7 kəşfiyyatçının həyat hekayəsi gənclərimiz üçün əsl qəhrəmanlıq örnəyidir – DEPUTAT – FOTOLAR

Read Next

Ən qiymətli sırğalar hərraca çıxarıldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir