Şavkat Mirziyoyev, Aleksandr Lukaşenko və Aleksandar Vuçiç İlham Əliyevi-TƏBRİK ETDİLƏR – YENİLƏNİB

Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Etikxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

***

Eyni zamanda, fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkləmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

20:20

***

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri, möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.

Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.

Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.

Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Etikxeber.az

Read Previous

Növbədənkənar prezident seçkiləri-SƏSVERMƏ PROSESİ BAŞA ÇATDI, ÖLKƏDƏ SEÇİCİ FƏALLIĞI 76,73 FAİZ OLDU – YENİLƏNİB – (6) – VİDEO

Read Next

MSK prezident seçkilərinin ilkin nəticələrini açıqladı-İLHAM ƏLİYEV QALİB GƏLDİ, ZAHİD ORUC İKİNCİ OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir