Selin Quba-İspik-Xınalıq yolunda yaratdığı fəsadlar aradan qaldırılır?

Xinaliq-1

Sentyabrın 1-dən 2-nə keçən gecə şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranan selin Quba-İspik-Xınalıq yolunda yaratdığı fəsadlar aradan qaldırılır.

Etikxeber.az xəbər verir ki, fəsadların aradan qaldırılması üçün “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Əraziyə baxış zamanı məlum olub ki, yolun 29-cu və 36-cı kilometrliyində Qudyalçay üzərində yerləşən körpülər qəzalı vəziyyətə düşüb. Körpünün istinad divarları və dayaqları zədələnib. Bununla yanaşı, Quba-Xınalıq yolunun 36-cı kilometrliyində, Qudyalçayda suyun səviyyəsinin qalxması nəticəsində yol tamamilə yuyularaq yararsız vəziyyətə düşüb.

“Azəravtoyol” ASC-nin şöbə müdiri Adil Əhədov isə AZƏRTAC-a bildirib ki, ümumilikdə sel suları yolun 29-cu kilometrliyindən 57-ci kilometrliyinədək olan hissəsində ciddi fəsadlar törədib. Hazırda mütəxəssislərin iştirakı ilə 29-cu kilometrlikdəki körpüdə bərpa işləri aparılır. Havanın yağıntılı, çayda suyun səviyyəsinin hələ də yüksək olması iş prosesini çətinləşdirir. Bununla belə yolda avtomobillərin hərəkətinin tez bir zamanda bərpası üçün işlər sürətləndirilib.

Quba-Xınalıq yolunda selin fəsadlarının aradan qaldırılması üçün görülən işlər çərçivəsində bəzi yerlərdə yolun genişləndirilməsi üçün qayaların partladılması da həyata keçirilə bilər. Bununla əlaqədar “Azəravtoyol” ASC-nin mütəxəssisləri əraziyə baxış keçiriblər.

Hazırda Xınalıq istiqamətində gedən sürücülər alternativ olaraq Alpan-Susay-Xınalıq yolundan istifadə edirlər. Amma bu yolda yalnız ikioxlu, dağlıq ərazi üçün uyğun avtomobillərin hərəkəti mümkündür.

Etikxeber.az

Read Previous

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə rəsmi məlumat yayıldı

Read Next

“Əvəz Zeynallıya qarşı hər hansı qeyri-qanuni, qeyri-etik ifadələr işlədilməyib” – BŞBPİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir