Sentyabrın 27-si, ikinci Vətən müharibəsi, ötən 10 gün-VƏ ZƏFƏR, TARİX YAZAN AZƏRBAYCAN, ALİ BAŞ KOMANDAN, ŞANLI ORDU – ELDƏNİZ SƏLİMOV YAZDI

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı, sərkərdəliyi ilə müzəffər, şanlı, müsəlləh Azərbaycan Ordusunun Qarabağın, işğal olunmuş ərazilərimizin mənfur erməni işğalından azad olunması uğrunda başlatdığı ikinci Qarabağ savaşından, ikinci Vətən müharibəsindən 10 gün keçir…

Düşmənin, təcavüzkarın, işğalçının, nasistin, faşistin, terroristin, vassal Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti qanlı təxribat, bütün cəbhə boyu atışkəsi pozması onun üçün baha başa gəldi, gəlməkdədir, təsəvvürünə belə gətirə bilmədiyi qərarlı, əzmli Azərbaycanı, Azərbaycan Ordusunu gördü və görməkdədir…

Bütün cəbhə boyu əks-hücum, əks-həmlə tapşırığı alan Azərbaycan Ordusu qısa zamanda bunu Vətən müharibəsinə, Qələbəyə gedən Zəfər yürüşünə çevirdi…

Dərhal da Zəfər yazdı, bir neçə saatın ərzində Azərbaycanın işğal altında olan Füzüli Cəbrayıl rayonlarının 7 kəndini, Goranboy istiqamətindəki Murov dağı yüksəkliyindəki Murov zirvəsini, Ağdərə istiqamətindəki strateji hakim yüksəklikləri işğaldan, düşmən tapdağından azad edərək, onları nəzarətə götürdü, düşmənə çalın-çarpaz dağ çəkdi, ona həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilər verdirdi…

Sentyabrın 27-də, Zəfər yürüşünə başlanılan gün Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev televiziyadan Azərbaycan xalqına müraciət etdi, Ermənistanın işğalçılıq siyasətinə artıq dözülməyəcəyini, torpaqlarımız son qarışına kimi azad olunanədək, əks-hücum, əks həmlə əməliyyatının davam etdiriləcəyini bildirdi.

Cəmi bir neçə saat sonra Təhlükəsizlik Şurasının iclasını çağıran ölkə Prezidenti bir daha Azərbaycanın Haqq savaşı apardığını, Haqq yolunda olduğunu bəyan edərək təcavüzkar ölkəyə, onun başsız başbilənlərinə, bədnam baş nazir Paşinyana, Ermənistanın havadarlarına sərt mesajlarını və xəbərdarlıqlarını verdi, Azərbaycanın Zəfər qazanacağını, Qarabağın Azərbaycan və Azərbaycanın olduğunu birmənalı şəkildə vurğuladı.

Həmin gün eyni zamanda, 6-cı çağırış Milli Məclisin (M) təcili iclası çağırılaraq, ölkədə hərbi vəziyyətin elan edilməsi ilə bağlı qərar layihəsi qəbul edildi və dərhal Ali Baş Komandan tərəfindən də imzalanaraq, hüquqi qüvvəsinə mindi.

Səhəri gün, sentyabrın 28-də isə ölkə Prezidenti tərəfindən ölkədə qismən hərbi səfərbərliyin elan edilməsi ilə bağlı Sərəncam imzalandı və bu, Azərbaycan xalqı, insanlarımız tərəfindən sevinclə, toy-bayramla qarşılandı, Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bir andaca Vətəni qorumaq üçün müsəlləh əsgərə döndü, yüzlərlə, minlərlə gəncimiz könüllü şəkildə Orduya yazıldı, hərb meydanına yola düşdü.

Azərbaycan Ordusu da üzərinə düşən müqəddəs vəzifəsini yerinə yetirmək, Qarabağı işğaldan azad etmək üçün Qələbəyə gedən Zəfər yürüşünü davam etdirdi və etdirməkdədir, Zəfər dalınca Zəfər yazdı və yazmaqda, düşmənə dərs dalınca dərs verdi və verməkdədir.

Eyni zamanda, ölkə Prezidenti həm də siyasət, diplomatiya meydanında. səngərində apardığı mübarizəni, müharibəni daha sərt və daha kəskin şəkildə davam etdirdi və etdirməkdədir.

Dövlət başçısı “Rossiya-1” kanalının məşhur “60 dəqiqə” proqramına müsahibəsində (qeyd edək ki, Azərbaycan Prezidentindən sonra Ermənistanın baş naziri sualları cavablandırdı) Ermənistana, onun bədnam, avantürist rəhbərinə, onların havadarlarına, “Soros”un əlaltılarına, Ermənistanı üzərimizə qaldıranları sözün əsl mənasında dərs verdi, sillə vurdu, onların mənfur, murdar iç üzlərini açaraq, yenidən ifşa etdi, dünyaya nümayiş etdirdi.

Bütün dünya bir daha İlham Əliyevin simasında əsl Lider, əsl dövlət və siyasət xadimini gördü. Gördü ki, işğalçı kimdir, işğala məruz qalan kim, haqsız kimdir, haqlı kim. Ən əsası milyonlarla izləyicisi olan həmin proqram, həmin veriliş Paşinyanın hər mənada fiaskosu oldu, əgər onda bir balaca utanmaq, abır-həya hissi olsaydı, dərhal nəinki vəzifəsindən-hakimiyyətdən, bütövlükdə siyasətdən istefa verib gedərdi…

Bütün çətin, həssas anlarda belə öz vətəndaşlarını, xüsusilə, Vətəni uğrunda canlarından keçməyi əsirgəməyənləri, Qarabağ müharibəsi əlillərini, veteranlarını, Şəhid ailələrini unutmayan, onlara diqqətlə, həssaslıqla yanaşan ölkə Prezidenti ən yaxın silahdaşı-Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyeava ilə birlikdə  Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına-son döyüşlərdə yaralanan hərbçilərimizə baş çəkdi, bir daha Azərbaycanın öz qərarında dönməz olduğunu, Qarabağın, işğal olunmuş torpaqların azad olunması istiqamətində Zəfər yürüşünün davam etdiriləcəyini, onun Qələbə ilə başa çatdırılacağını bildirdi.

Ölkə Prezidenti həmçinin “İndi həqiqət anıdır”-deyərək, Haqq mübarizəsində Azərbaycanın yanında olanlara, onu birmənalı dəstəkləyənlər, qardaş və dost Türkiyə başda olmaqla, Pakistana, Əfqanıstana öz təşəkkürlərini, minnətdarlıqlarını bildirdi. Həmçinin, Azərbaycanın, həqiqətin yanında olmayanlara öz sərt mesajlarını verdi.

Cənab Prezident dedi:

“Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün…”

Bəli, bizim üçün, Azərbaycan üçün həqiqət anıdır və heç nə udulmayacaq, heç nəyi unutmayacağıq.

Həmçinin, ötən 10 gün ərzində ölkə Prezidenti dünyanın ən nüfuzlu, ən reytinqli media quruluşlarına-“Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “TRT Haber”“Pervıy Kanal”-a tarixi, Ermənistanın və onun havadarlarının birmənalı ifşası üstündə qurulan möhtəşəm müsahibələrini verdi.

Tutarlı, əsaslı, sərrast arqumentlərlə Ermənistanın və antiAzərbaycan ermənipərəst dairələrinin antiAzərbaycan təbliğatlarını alt-üst etdi.

Münaqişənin həllinə cavabdehlik daşıyan beynəlxalq qurumları, ATƏT-i, Minsk qrupunu, xüsusilə, ermənilərdən çox ermənilik edən həmsədr Fransanı növbəti dəfə kəskin şəkildə ittiham edərək, onları fakt qarşısında qoydu, Azərbaycandan, regiondan əl çəkməyə çağırdı.

Azərbaycan Prezidenti dedi:

“Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar…”

Buyursun, buyursunlar, cavab versin, cavab versinlər, əgər verə biləcəksə, biləcəklərsə.

Son 3 gündə isə ölkə Prezidenti, Ali Baş Komandan müzəffər və şanlı Azərbaycan Ordusunun növbəti Qələbələrini, Zəfərlərini öz “Tvitter” hesabı ilə Azərbaycan xalqına çatdırdı, Qarabağ eşqi ilə alışıb yanan Azərbaycan insanının sevincinə sonsuz sevinc qatdı.

Oktyabrın 3-də çox strateji əhəmiyyətə malik olan Madagizin azad olunduğunu, ardınca isə həmin kəndin tarixi-Suqovuşan adının bərpa edildiyini bəyan edən dövlət başçısı cəmi bir neçə dəqiqə sonra CəbrayılFüzuli rayonlarının daha bir neçə kəndinin, o cümlədən, Tərtərin Talış kəndinin düşmən işğalından qurtarıldığını bütün Azərbaycan xalqına, dünyaya duyurdu.

Bu da son olmadı. Cəmi bir gün sonra oktyabrın 4-də Ali Baş Komandan Azərbaycan xalqına daha bir sevinc bəxş etdi, daha bir Qələbə, Zəfər müjdəsi verdi. 27 ildən bu yana işğal altında olan Cəbrayıl şəhərinin və Cəbrayıl rayonun daha 9 kəndinin murdar erməni tapdağından azad olunduğunu bəyan etdi.

Və həmin növbəti dəfə Azərbaycan xalqına müraciət edərək, Cəbrayıl şəhərinin və daha 9 kəndin işğaldan azad olunması münasibəti ilə bütün Azərbaycan xalqını, şanlı Azərbaycan Ordusunu təbrik etdi.

Cənab Prezidenti bir daha özünəxas qətiyyətliliklə dedi:

“Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir…”

Ali Baş Komandan daha bir-növbəti Zəfər xəbərini dünən-oktyabrın 5-də, axşam saatlarında Azərbaycan xalqına verdi, yenə Cəbrayıl rayonunun daha bir neçə kəndinin işğaldan azad olduğunu bildirdi.

Bunlar sözlə ifadə edilməsi mümkün olmayan anlar, hisslərdir.

Bunlar yaşadığımız, yaşadılan, Ali Baş Komandanın və şanlı Azərbaycan Ordusunun, igid Azərbaycan əsgərinin yaşatdığı möhtəşəm anlardır.

Yaşa, var ol, Ali Baş Komandan, yaşa, var ol, Azərbaycan Ordusu!

Bəli, Azərbaycan düşmənə və havadarlarına həm hərb meydanında, həm də siyasət-diplomatiya meydanında dərs verməkdə, tarix yazmaqdadır.

Bu, hələ son deyil, son olmayacaq.

Bu, müqəddəs Qələbəyə nail olunana, üçrəngli bayrağımız Qarabağımızın, digər işğal olunmuş bütün yurd yerlərimizin hər bir guşəsində dalğalanadək, dalğalandırılanadək davam edəcək, etdiriləcək.

Ali Baş Komandanın “TRT Haber”ə müsahibəsində də deyildiyi kimi: “Dağlıq Qarabağ bizim torpağımızdır, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir! Mən heç zaman imkan verməyəcəyəm ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Bütün imkanlardan istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna yaxınlaşırıq”.

Bəli, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olub və Qarabağ Azərbaycanın olacaq!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha 143 yeni yoluxma -DAHA 2 ÖLÜM…

Read Next

Düşmən Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutub-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir