“Separatçı rejimin “seçki”sini kimsə tanıya bilməz və tanımayacaq” – DEPUTAT

Dağlıq Qarabağ Azərbaycan tarixi tərkib və ayrılmaz hissəsidir. Bu, BMT başda olmaqla, dünyanın bütün beynəlxalq və regional təşkilatlarının Qarabağ münaqişəsi ilə bağlı sənədlərində də birmənalı əksini tapıb. İstər BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnamısində, istər AŞPA-nın, istər Avroparlamentin, istər ATƏT-in, istər İƏT-in, istərsə də, digər aparıcı və nüfuzlu qurumların ötən illər ərzində qəbul etdikləri sənədlərdə bu gerçəklik, bu həqiqət tam ifadə və etiraf olunub. Hətta, ifadə və etiraf olunmasa belə, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır və bu həqiqəti, bu gerçəkliyi, bu faktı kimsə dəyişdirə bilməz, bilməyəcək.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı və dövləti buna imkan verməz, vermir və verməyəcək.

“Ancaq qeyd etdiyim kimi, Qarabağın Azərbaycana məxsusluğunu bu gün hər bir kəs, bir qurum, hər bir dövlət qəbul və etiraf edir. Bu baxımdan da, Dağlıq Qarabağda hər hansı bir addıma Azərbaycan dövləti və xalqı qərar verə bilər. Onun iradəsindən kənar hər hansı bir addım atıla, hər hansı bir qərar verilə bilməz. Bu gün çox təəssüflər olsun ki, Dağlıq Qarabağ və ona bitişik bir neçə rayon işğal altındadır. Ermənistan və Dağlıq Qarabağ separatçıları az qala 30 ilə yaxındır ki, həmin əraziləri işğal altında saxlayır, təcavüzkarlıq, işğalçılıq siyasətindən əl çəkmir. Üstəlik, ötən illər ərzində Ermənistan və onun himayədarlarının dəstəyi, himayədarlığı ilə Dağlıq Qarabağda qeyri-qanuni, oyuncaq, separatçı rejim – “DQR” yaradılıb. Bu, qondarma və oyuncaq rejim də himayədarlarından, dəstəkçilərindən aldığı əmr və göstərişlərlə hərəkət edərək, illərdir ki, Azərbaycana qarşı düçmənçilik, fintəkarlıq, təxribatçılıq əməlləri ilə məşğuldur.

Saxta və qondarma “seçkilər” keçirməklə, seçki şousu yaratmaqla guya nəyəsə qadir olduqlarını və ola biləcəklərini düşünürlər. Ancaq alınmayıb, alınmır və alınmayacaq. Bu günə kimi olduğu kimi, bundan sonra da heç bir dövlət, heç bir özünə hörmət edən qurum oradakı “seçkiləri” tanımayacaq, neçə ki, indiyə qədər də tanımayıblar. Tanıya da, buna cəsarət də edə bilməzlər. Çünki dərhal qarşılarında güclü, qüdrətli Azərbaycan dövlətini, xalqını görə bilərlər və görəcəklər. Azərbaycan xalqı və dövləti kimsəyə bu addıma getməyə, bu addımı dəstəkləməyə imkan verməyib və verməyəcək.

Odur ki, sentyabrın 8-nə planlaşdırılan “bələdiyyə seçkiləri, yerli özünüidarəetmə seçkiləri” də tanınmayacaq,  növbəti seçki şousundan başqa bir şey olmayacaq. Bir daha qətiyyətlə və birmənalı şəkildə vurğulamaq istərdim ki, Ermənistan, onun dəstəkçiləri, Dağlıq Qarabağ separatçıları, ermənilər nə edirlər-etsinlər, nə oyundan çıxırlar-çıxsınlar, heç nəyə nail ola bilməyəcəklər, arzuları, xəyalları gözlərində qalacaq, Qarabağ Azərbaycanın olub, Azərbaycanın da olacaq”-deyə, K. Əliyeva vurğulayıb.

Həmçinin, sözlərinə əlavə edib ki, artıq ATƏT, Minsk qrupu və həmsədrlər hərəkətə gəlməli, pafoslu və mənasız bəyanatlardan əl çəkib, əməli addamlar atmalı, Ermənistanı və separatçıları cəzalandırmalıdırlar:

“Cənablar, söz oyununa son qoymağın vaxtıdır”.

kamilla-13

xin-leyla

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də (XİN) bəyanatla çıxış edib.

XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın qurumun adından yaydığı bəyanatında-açıqlamasında deyilir:

“Ermənistan kütləvi informasiya vasitələrinə əsasən ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində “seçkilər” donu ilə təqdim edilən növbəti şounun təşkili nəzərdə tutulur. Hər kəsə çox yaxşı bəlli olan bir reallıq var; hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı “seçki”dən danışırsansa danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq. Ölkəmizin işğal olunmuş torpaqlarında işğalçı ölkə Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimlə də bağlı bu eynilə belədir.

Xatırladıram, bu günə kimi keçirilmiş dırnaqarası seçkilərlə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələri, bu qanunsuz əməlləri və onların nəticələrini tanımadıqlarını birmənalı şəkildə qeyd ediblər. Ermənistan tərəfinin müxtəlif ölkələrdə erməni diaspor təşkilatları və lobbist qruplarının dəstəyi ilə təşkil olunan tədbirlərdə ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki oyuncaq rejimi təbliğ etmək səylərinə, təşkil edilən qanunsuz səfərlərə, təxribat xarakterli əməllərinə rəğmən həqiqət birdir və dəyişilməzdir. Bu həqiqətin nədən ibarət olduğunu konkret misallara istinadən qeyd edim.

Avstraliya timsalında, bu yaxınlarda Avstraliyaya qanunsuz rejimin agentlərinin səfəri təşkil olundu və bunu sanki qondarma rejimin “tanınması” kimi qələmə verməyə çalışıldı. Avstraliya federal hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi əlbəttə bəllidir, eyni zamanda bu son hadisələrdən sonra Avstraliya XİN-i rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünün bu ölkə tərəfindən dəstəkləndiyini və Dağlıq Qarabağın “müstəqil dövlət” kimi tanınmadığını bəyan etdi.

Başqa bir misal, Almaniya XİN-i erməni mətbuatında, guya ki, qondarma rejimin Almaniyadakı torpaq seçkilərində müşahidəçi qismində iştirakına dair məlumata cavab olaraq yazılanların əsassız olduğunu Səfirliyimizə bildirmiş və Almaniyanın nə Dağlıq Qarabağı, nə də orada keçirilən “seçkiləri” tanımadığını vurğulamışdır.

Bu kimi daha çox misalı qeyd edə bilərəm. Bir sözlə, həqiqət ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bütün beynəlxalq sənədlərdə öz əksini tapır…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Avro-2020: V tur – NƏTİCƏLƏR

Read Next

“Onlar gedəcək, oğurladıqları sərvətləri aparacaqlar, amma problem qalacaq…” – AYDIN MİRZƏZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir