Separatistin adı separatist, terroristin adı terrorist, işğalçının adı işğalçıdır – DEPUTAT

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə ciddi müzakirələr doğuran məsələ ukraynalı deputat, mədəniyyət, elm, təhsil və media komitəsinin sədri Volodimir Arievin hazırladığı “Avropada jurnalistlər əleyhinə hücumlar və mətbuat azadlığı” adlı məruzə olub.

Etikxeber.az xəbər verir ki, məruzənin qətnamə hissəsində Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda separatist rejimin mövcudluğunun və orada mətbuatın, digər sahələr kimi hər cür beynəlxalq nəzarətdən və qanundan kənar olmasının ayrıca vurğulanması Ermənistanın ciddi narahatlığına səbəb olub. Elə sessiya başlanan ilk gündən ermənilər müxtəlif təxribatlar həyata keçirir, məruzəçiyə təzyiqlər etməyə səy göstəriblər. Bu vəziyyət məruzənin qətnamə layihəsinin mədəniyyət komitəsində müzakirəsi zamanı bütün aydınlığı ilə görünüb. Lakin erməni nümayəndə heyətinin bütün canfəşanlığına baxmayaraq, komitə separatist rejimlərin, o cümlədən Dağlıq Qarabağın adının mətndə saxlanmasını zəruri hesab edib.

Məruzənin Parlament Assambleyasında müzakirələrində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək əvvəlcə müasir dövrdə jurnalistin və mətbuatın oynadığı vacib rola diqqəti çəkib. Bildirib ki, jurnalistika bütün gözəllikləri ilə bərabər narahat peşədir, həmişə və dünyanın hər yerində belə olub və yəqin elə gələcəkdə də bu cür qalacaq. Hətta söz, ifadə azadlığı üçün ən münasib şəraitin yaradıldığı yerlərdə də jurnalist risklərdən uzaq deyil, hər hansı təhlükə ilə üzləşmək ehtimalı da daim mövcuddur. Çünki sözün, informasiyanın, təqdimatın necə çatdırılması və necə qəbul edilməsi həmişə fərdi səciyyəlidir, buna görə də ən fərqli reaksiyaların ortaya çıxa bilməsi mümkündür. 2015-ci ilin aprelindən 2016-cı ilin 28 noyabrınadək təkcə Avropa Şurasına üzv ölkələrdə 16 jurnalistin qətlə yetirilməsi və 2015-ci ildə də təxminən həmin sayda acınacaqlı statistikanın varlığı jurnalistin və mətbuatın üzləşdiyi təhlükələrin yalnız bir hissəsidir. Sonu ölümlə nəticələnməsə də, maliyyə problemlərindən tutmuş inzibati əngəllərə, mənəvi basqılara, çeşidli təhdidlərə qədər onlarla başqa təzyiq formaları mətbuatı və mətbuat işçisini qarabaqara izləyir.

Jurnalistikanı və mətbuat işçisini necə qorumağın yollarından bəhs edərkən R.Hüseynov bunun əsas açarlarından birinin jurnalistlərin özündə, onların peşəkarlıq səviyyəsində olduğunu deyib.

“Mən ömrüm boyu jurnalistika ilə məşğul olmuşam və bu gün də həmin fəaliyyətimi davam etdirirəm. Bu, mənim üçün doğma bir sahədir və buna görə də hər bir peşəsinə sadiq jurnalisti həmkarım sayır, özümü daim onların yanında olmağa, maraqlarını müdafiə etməyə hazır və borclu bilirəm. Lakin jurnalistikaya təzyiqlər məsələsinin bir sıra aspektləri olduğu kimi, jurnalistlərin özlərinin də müəyyən hallarda həm sağlam jurnalistikaya, həm də vicdanlı, obyektiv jurnalistlərə qarşı təzyiq vasitəsinə çevrildiyi hallar istisna deyil. Sirr deyil ki, idarə olunan, sifariş yerinə yetirən, mənəvi killer rolunu oynayan, müəyyən hallarda elə jurnalistlərə qarşı istifadə edilən muzdlu mətbuat işçiləri və kütləvi informasiya vasitələri də var. Bəzən məhz belə “jurnalistlər” həbs olunanda, qarşıları qanuni vasitələrlə alınanda onlara guya təzyiqlər göstərilməsi haqda elə hay-küy qaldırırlar ki, sanki elə normal jurnalistikanı onlar təmsil edirmişlər.

Əslində, istedadlı, qabiliyyətli, prinsipial, ədalətli jurnalistlər qalır bir kənarda. Digər tərəfdən, jurnalistlərin təhlükələrdən sığortalanmasının onların özlərindən asılı olan bir mühüm tərəfi də var. Jurnalistika alpinizmə çox bənzəyir. Alpinistin peşəkarlıq səviyyəsi nə qədər yüksəkdirsə, onun qayadan aşmaq, yıxılmaq, zədələnmək fürsəti də bir o qədər azdır. Jurnalist də ən kəskin mövzularda belə ustalığının hesabına elə yaza, faktları elə təqdim edə bilər ki, ona irad tutmaq, onu ittiham etmək, hədəfə götürmək mürəkkəbləşər. Müşahidələr göstərir ki, bir sıra hallarda məhz jurnalistika ilə məşğul olanların özlərinin təcrübəsizliyindənmi, peşəkarlıqlarının yetərincə olmamasındanmı buraxdıqları səhvlər, ehtiyatsızlıqlar ucbatından onlara qarşı məhkəmə iddiaları qaldırılır, cərimələr və sanksiyalar tətbiq edilir, həbslər və digər təzyiqlər də həyata keçirilir.

Belə ki, jurnalistin birinci vəzifəsi peşə borcunu ləyaqətlə yerinə yetirməkdirsə, buna paralel ikinci vəzifəsi özünü qoruya bilməkdir. Bu baxımdan peşəkarlığı daim artırmaq vacibdir. Çünki yüksək peşəkarlıq jurnalistin ən etibarlı zirehidir” – deyə, R.Hüseynov əlavə edib.

Məruzədə Azərbaycana aidiyyəti olan məqamlar üzərində dayanan R. Hüseynov ölkəmizdə mətbuat sahəsində əldə edilmiş uğurların və inkişafın məruzədə ayrıca göstərilməsini müsbət qiymətləndirib. Eyni zamanda, azərbaycanlı deputat ölkəmizin ərazi bütövlüyünün Avropa Şurasının belə ciddi sənədində bir daha xüsusi olaraq qeyd edilməsinə toxunaraq deyib:

“Qış sessiyasının gündəliyində jurnalistlər, geniş ölçüdə mətbuat, söz azadlığı ilə bağlı iki ciddi məruzənin yer alması bu problemlərin siyasi arenada və cəmiyyət həyatında nə qədər əhəmiyyətli yer tutduğuna dəlalət edir. Haqqında fikir bölüşdüyümüz məruzədə mənim ölkəmə, Azərbaycana aidiyyəti olan iki məqamla əlaqədar qənaətlərimi bildirmək istərdim.

Əvvələn, mən məruzəçiyə təşəkkür edirəm ki, Azərbaycanı araşdırılan mövzu ilə bağlı inkişafa, uğura nail olmuş ölkə kimi xüsusi qeyd edib. Digər məqam isə məruzədə diqqət mərkəzində olan həssas nöqtədir – Azərbaycanın işğal altında olan ərazilərində, o cümlədən Dağlıq Qarabağda və separatçı rejimlərin nəzarətində olan digər məkanlarda mətbuatın, jurnalistin taleyi məsələsi. Qətnamədə haqlı olaraq qanundan kənar, qeyri-şəffaf adlandırılan həmin ərazilərdəki vəziyyətdən ciddi narahatlıq ifadə edilir. Təbii ki, bu anormal halların aradan qaldırılmasının yeganə yolu həmin ərazilərdəki mövcud işğala, separatizmə son qoymaq, bu yerlərdə beynəlxalq nəzarətin tam təmin edilməsinə nail olmaqdır. Separatistin adı separatist, terroristin adı terrorist, işğalçının adı işğalçıdır. Burada ikinci mövqe ola bilməz. Həqiqətin tərəfində olanlar erməni nümayəndələri kimi müxtəlif təxribatlar və yolverilməz üsullarla bu həqiqətlərin ümumi sözlər arxasında gizlədilməsinə deyil, həqiqətlərin açıq şəkildə bəyan edilməsinə, yəni, mədəniyyət komitəsinin haqlı mövqeyinə tərəfdar çıxmalıdırlar”.

Assambleya üzvlərini məruzəçinin və mədəniyyət komitəsinin ədalətli yanaşmasını müdafiə etməyə, ilk növbədə erməni tərəfinin “Azərbaycana məxsus Dağlıq Qarabağda separatçı rejim” ifadəsini cürbəcür təzyiqlərlə mətndən çıxarmağa cəhdlərini rədd etməyə dəvət edən deputat Rafael Hüseynov vurğulayıb:

“Arzu edirəm ki, hücumlar heç vaxt jurnalistə, mətbuata qarşı deyil, həmişə və kütləvi halda bu cür qanuna, haqqa, ədalətə zidd hallara qarşı olsun”.

Read Previous

Rövşən Rzayev Samvel Farmanyanı yalançılıqda ittiham etdi…

Read Next

Atəşkəs rejimi 7 dəfə pozulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir