Sertifikasiya müəllimlərdə stress yaratmaq üçündür – VAHİD ƏHMƏDOV

Vahid Əhmədov: Sertifikasiya müəllimlərdə stress yaratmaq üçündür

Milli Məclisin(MM) bu gün keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyı çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, layihə barədə parlamentin Elm və təhsil komitəsinmin sədri İsa Həbibbəyli məlumat verib.

Dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanların həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını nəzərdə tutur. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Maddənin 5-ci bəndi yeni redaksiyada verilib: Belə ki, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

Qüvvədə olan bənd isə belədir: Dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliklə Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər.

Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunub. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər.

Digər dəyişikliklə isə maddənin 12-ci bəndi ləğv edilib. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilərdi.

vahid_hmdov

Millət vəkili Vahid Əhmədov isə sertifikasiya ilə bağlı məsələyə etirazını bildirib:

“Bu sertifiasiya axı nəyə görə lazımdır? Bu, təhsildə islahatlar üçündür, yoxsa, təhsildə, müəllimlərdə stress yaratmaq üçün? Mən bu məsələnin qəti şəkildə əleyhinəyəm. Bunun təhsilimizə ziyandan başqa, heç bir xeyri olmayacaq”.

Millət vəkili Hikmət Babaoğlu digər dillərdə məktəblərin açılması məsələsi ilə bağlı narahatlığını ifadə edib:

“Burada başqa dillər deyərkən hansı dillər nəzərdə tutulur? Bu məsələ məni narahat edir”.

MM-in komitə sədri Siyavuş Novruzov bildirib ki, “Təhsil haqqında” qanun bütövlükdə yenidən işlənilməlidir:

“Bu gün 62 dəyişiklik edilir. Sabah 102 dəyişiklik ediləcək və sairə…Bu məsələni yığışdırmaq lazımdır. Hesab edirəm ki, bu qanun bütövlükdə yenidən işlənməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Bu,İsraildə və ya digər ölkədə baş versəydi yer yerindən oynayardı…” – DEPUTAT

Read Next

Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir