Tanınmış jurnalist Seymur Həzi azadlığa çıxıb.
Etikxeber.az xəbər verir ki, bu haqda “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi öz “Facebook” statusunda yazıb.
“Seymur Həzinin azadlığa çıxması sevindirici xəbər oldu.
Ailəsinin və dostlarının gözləri aydın. Məhbəsdə qalanların da qapısı tezliklə açılsın!
…Bu arada səhv salanlar üçün qeyd: Seymur Həzi oğlum, qardaşım və əmimoğlum deyil; soyadımız eynidir.
Ancaq onsuz da bir millətik; hamımız qardaşıq. Birimizin ayağına tikan batanda hamımız ağrımalıyıq…”-deyə, o, qeyd edib.
Qeyd edək ki, Seymur Həzi həbs müddətinin başa çatması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
AXCP Rəyasət Heyətinin üzvü olan Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib.
O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.
Etikxeber.az