“Shopping festival”ları İrandan gələcək turistlər üçün maraqlı ola bilər…” – NAZİR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezini qəbul edib.

Etikxeber.az-ın məlumatına görə, Ə. Qarayev bildirib ki, ölkələrimiz arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir: “Azərbaycan və İran arasında qədim tarixə malik münasibətlər bir çox sahələri əhatə edir və ildən-ilə genişlənir. Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlarımız var”.

Nazir ölkəyə gələn turistlərin arasında İran vətəndaşlarının da çoxluq təşkil etdiyini diqqətə çatdırıb. Xüsusilə bu il Novruz bayramı ərəfəsində və ondan sonrakı dövrdə İrandan turist səfərlərinin əvvəlki illərə nisbətən daha da artdığını vurğulayıb: “Gələn il həm Novruz bayramı ərəfəsində, həm də sonrakı dövrlərdə Azərbaycan iranlı turistlər üçün yenə cəlbedici ölkə olacaq. Çünki ölkəmizdə turizm sahəsində bir sıra ciddi yeniliklər gözlənilir. Eyni zamanda keçirəcəyimiz “shopping festival”ları da İrandan gələcək turistlər üçün maraqlı ola bilər”.

Ə. Qarayev 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçiriləcəyini qeyd edib. Bildirib ki, Azərbaycan mədəniyyəti günlərinin İranın Tehran, İsfahan və Ərdəbil şəhərlərində təşkil olunması planlaşdırılır.

Mahmud Vaezi iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.

Etikxeber.az

Read Previous

Leyla və Arif Yunusların şikayəti qismən təmin olundu – VƏKİL

Read Next

Azərbaycana mənsub dəniz limanlarında 18 min 585 gəminin girişi və 18 min 373 gəminin çıxışı rəsmiləşdirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir