“Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsi…” – PREZİDENT 5 YENİ SƏFİRİN ETİMADNAMƏSİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasın etimadnaməsini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, səfir Luis Antonio Dimate Kardenas fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Luis Antonio Dimate Kardenas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Kolumbiyanın səfirinin Azərbaycanda fəaliyyətə başlamasının önəmini qeyd edərək, bunu tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanla Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirərək iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğuladı.

Dövlət başçısı bu baxımdan ticarət, qarşılıqlı investisiya sahələrində əlaqələrin qurulması üçün yaxşı potensialın mövcud olduğunu dedi. Prezident İlham Əliyev Luis Antonio Dimate Kardenasın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Luis Antonio Dimate Kardenas, ilk növbədə, Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesin salamlarını dövlətimizin başçısına çatdırdı.

Luis Antonio Dimate Kardenas Azərbaycana səfir təyin olunmasından məmnunluq hissi keçirdiyini qeyd edərək ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Səfir Azərbaycanın sosial-iqtisadi sahələrdə böyük uğurlar qazandığını vurğulayaraq bununla bağlı dövlətimizin başçısına təbriklərini çatdırdı. O, ikitərəfli siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyərək iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.

Dövlət başçısı Kolumbiya Respublikasının Prezidenti İvan Duke Markesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kolumbiya Prezidentinə çatdırmağı xahiş etdi.

***

İlham Əliyev iyulun 23-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yubazlan Bin Yusofun etimadnaməsini də qəbul etdi.

Səfir Yubazlan Bin Yusof fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Yubazlan Bin Yusof etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycanla Malayziya arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ölkəmizin iqtisadi, ticarət, investisiya, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi.

Dövlət başçısı Azərbaycanla Malayziyanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Azərbaycan Prezidenti İlham Əliyev Yubazlan Bin Yusofun səfirlik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Yubazlan Bin Yusof Malayziyanın ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Yubazlan Bin Yusof fəaliyyəti dövründə münasibətlərimizin inkişafı, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlət başçısı Malayziyanın ali rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Malayziyanın ali rəhbərliyinə çatdırmağı xahiş etdi.

***

İlham Əliyev eyni zamanda, İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul etdi.

Səfir Muriel Peneveyre fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Muriel Peneveyre etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və fəal dialoqun aparıldığını qeyd etdi.

Dövlət başçısı İsveçrə Prezidenti ilə bu ilin yanvarında keçirdiyi görüşü məmnunluqla xatırladı. Prezident İlham Əliyev İsveçrə Prezidentlərinin Azərbaycana səfərlərinin, Davos Forumu çərçivəsində yüksək səviyyəli mütəmadi görüşlərin əlaqələrimizin möhkəmləndirilməsinin yaxşı nümunəsi olduğunu dedi.

Dövlət başçısı iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya qoyuluşu sahələrində əlaqələrin dinamik inkişaf etdiyini bildirdi, İsveçrənin çoxlu sayda şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, mühüm layihələrin icrasında iştirak etdiklərini qeyd etdi.

Azərbaycanda səfir təyin olunmasından şərəf duyduğunu bildirən Muriel Peneveyre səfirlik fəaliyyəti dövründə əlaqələrin genişləndirilməsi, o cümlədən ölkəmizin regionlarının daha yaxşı tanınması istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

O, bu yaxınlarda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini məmnunluqla qeyd edərək Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

***

Prezident öz növbəsində  Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqin etimadnaməsini qəbul etdi.

Səfir Volfqanq Maniq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Volfqanq Maniq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini bildirərək əlaqələrimizin bundan sonra daha da genişlənməsi üçün yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev münasibətlərimizin inkişafında yüksək səviyyəli səfərlərin önəminə toxunaraq ötən il Federal Kansler xanım Angela Merkelin Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd etdi və bildirdi ki, bu səfər əlaqələrimizin daha da genişlənməsinə əsaslı təkan vermişdir.

Almaniya şirkətlərinin uzun illərdir Azərbaycanda sənaye, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə uğurlu fəaliyyət göstərdiyini bildirən dövlət başçısı bu şirkətlərin qeyri-enerji sektorunda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində də fəal iştirak etdiklərini vurğuladı. Prezident İlham Əliyev qeyri-enerji sektorunun inkişafının Azərbaycanda prioritet sahə olduğunu bildirərək bu istiqamətdə son illər böyük uğurlar qazanıldığını dedi.

Ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin vacibliyinə toxunan Prezident İlham Əliyev 200 il bundan əvvəl Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərildiyini bildirdi.

Dövlət başçısı Volfqanq Maniqin fəaliyyəti dövründə əlaqələrimizin uğurlu inkişafının davam etdiriləcəyinə ümidvar olduğunu dedi.

Ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafına toxunan səfir Volfqanq Maniq Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaş olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanın enerji, sənaye və qeyri-neft sahələrinin inkişafında, iqtisadiyyatın şaxələndirilməsi üzrə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Volfqanq Maniq, öz növbəsində, 200 il bundan öncə Azərbaycanda məskunlaşmış almanların tarixi-mədəni irsinin qorunub saxlanılması məqsədilə Azərbaycan tərəfindən görülən işlərin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

***

İlham Əliyev bununla yanaşı, Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul etdi.

Səfir Qo Min fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xanım Qo Min etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək yüksək səviyyəli görüşlərin əlaqələrimizin inkişafında rolunu qeyd etdi. Bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Çinə səfərini xatırlayan Prezident İlham Əliyev bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünün ölkələrimizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bir daha göstərdiyini qeyd etdi. Dövlətimizin başçısı bu səfər çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənədin imzalanmasının ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmini vurğuladı.

Prezident İlham Əliyev, eyni zamanda, 2015-ci ildə Çin Xalq Respublikasına dövlət səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Çinin iqtisadi əməkdaşlığı uğurla inkişaf edir və bu baxımdan bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsi nəqliyyat sahəsində əlaqələrin yaxşı perspektivlərə malik olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev, eyni zamanda, bildirdi ki, Çindən Azərbaycana gələn turistlərin sayının artması da əlaqələrin inkişaf etməsinin yaxşı göstəricisidir.

Səfir Qo Min, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qo Min ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu bir dövrdə Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu dedi. Səfirlik fəaliyyəti dövründə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə əldə olunmuş mühüm razılaşmaların reallaşdırılması istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Səfir mühüm məsələlərlə bağlı ölkələrimizin bir-birini dəstəkləməsini münasibətlərimizin inkişafının mühüm göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın çox gözəl ölkə olduğunu bildirən Qo Min respublikamıza Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bundan sonra da uğurlu inkişaf arzuladı.

Dövlət başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi.

kolumb

isvecre

malayyy

almaniya sef

Etikxeber.az

 

Read Previous

Bakının bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur – FOTO

Read Next

“Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlığın rolu” mövzusunda konfrans – LATVİYADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir