Silahlı Qüvvələr Günündə dünyaya gələn 3 övlad atası, 3 medal və 1 ordenli, Mayor İlkin Əhədzadə: BU GÜN ONUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 37 YAŞI TAMAM OLUR…- FOTOLAR – YENİLƏNİB

Bu gün Bakının Səbail rayonunun (həm də Qubanın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan peşəkar, ali təhsilli hərbçi, Mayor İlkin Qələmşah oğlu Əhədzadənin doğum günüdür.

İlkin Əhədzadənin bu gün 37 yaşı tamam olur və bu, Şəhidin Cənnnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər ki, əslən Qubalı, Buduqlu olan İlkin Əhədzadə 1985-ci ilin 26 iyun tarixində, Silahlı Qüvvələr Günündə Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib…

Ailədə 3 övlad, 3 qardaş olublar, özü isə böyük övlad, böyük qardaş olub…

İlkin 1992-ci ildə Bakının Səbail rayonunda (“20-ci sahə”də) yerləşən 51 saylı tam orta məktəbə, birinci sinfə gedib…

2000-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və oranı bitirərək, 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı olub…

Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra isə Gəncədə N saylı hərbi hissədə fəaliyyətə başlayıb, Leytenant kimi fəaliyyət göstərib…

Ağdam,Naftalan, Goranboy, Qazax, Şəmkir, Daşkəsəndə yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb…

Qazaxda, Şəmkirdə bölük komandiri vəzifəsində işləyib və harada da işləyibsə, böyük hörmət, nüfuz qazanıb, əsgərləri, dostları tərəfindən sevilib…

Daşkəsəndə yerləşən hərbi hissələrdən birində işləyərkən İlkin Mayor rütbəsini alaraq, MTO vəzifəsində çalışıb… Və bu vəzifədə də cəmi iki ay fəaliyyət göstərib…

2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinin başlanması ilə İlkin peşəkar hərçbi, zabit kimi döyüşlərə, Vətən müdafiəsinə atılıb…

Və döyüşlərin 5-ci günü, oktyabrın 1-ində Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Vətən torpaqları uğrunda həlak olub, 35 yaşında Şəhidlik məqamına ucalıb…

Qeyd edək ki, İlkin döyüşlərdə əsgərləri, döyüş yoldaşları ilə üç post alaraq, komandrini də ölümdən xilas edib…

Özü isə canından çox sevdiyi Vətəni, Qarabağı yolunda Şəhidlik zirvəsinə yüksəlib…

Nəşi iki gün sonra tapılaraq, Bakıya, Səbail rayonuna, Badamdar qəsəbəsinə, yaşadıqları evə gətirilib və İkinci Şəhidlər Xiyabanında Şəhadətə uğurlanıb, torpağa tapşırılıb…

Ölümündən sonra İgidliyi, Qəhrəmanlığı da qiymətləndirilib, dəyərləndirilib və Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

İlkin Əhəzadə həm də ailəli, üç övlad atası olub.

Bir müddət öncə ailəsinin Badamdar qəsəbəsində yaşadığı küçəyə İlkin Əhədzadənin adı verilib.

Eyni zamanda, bugünlərdə oxuduğu 51 saylı orta məktəbdə büstünün açılışı olub.

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı iki gün öncə Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, ailəsinə səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Səbail rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Şəhid ailələri və digərləri iştirak ediblər.

Bu gün isə yaxınlarının, doğmalarının, ailə üzvlərinin iştirakı ilə İlkin Əhədzadənin valideynlərinin yaşadığı evdə kiçik məclis düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

08:11

***

Bir az öncə Cənnətdəki ikinci doğum günü ilə bağlı Şəhidimiz İlkin Əhədzadəgildəydim…

Şəhidimizin ailəsinə, valideynlərinə baş çəkdim, onları yenidən ziyarət etdim…

Bir daha onlara Allahdan səbr və dözüm arzuladım, bir daha “Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü mübarək olsun!”-dedim…

Bir daha İlkin Əhədzadə də daxil olmaqla, cəmi Şəhidlərimizin ruhları qarşısında baş əydiyimi, əydiyimizi, onlara borclu olduğumu, olduğumuzu bildirdim…

Bir daha onların-Şəhidlərin və ailələrinin borcundan çıxa bilməyəcəyimi, bilməyəcəyimizi bildirdim…

Şəhidimizin ailə üzvləri-Nur simalı anası Asəmən xanım və atası Qələmşah kişi ilə söhbətləşdim, dərdləşdim və iki saata yaxın oturduqdan sonra, onlarla sağollaşıb ayrıldım…

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Güclü külək əsəcək-SABAH

Read Next

Daha 24 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir