“Silahlı qüvvələrimiz tərəfindən rəşadətli döyüş əməliyyatları davam etdirilir…”-PREZİDENTİN KÖMƏKÇİSİ – DÜŞMƏNİN İTKİLƏRİ AÇIQLANDI, BARXUDAROVLA BAĞLI YAYILAN DEZİNFORMASİYA TƏKZİB EDİLDİ – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə qismən səfərbərlik elan edilib. Bu istiqamətdə tədbirlər həyata keçiriləcək.

Etikxeber.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Bildirib ki, indiyə qədər keçirilən hərbi toplanış tədbirləri çərçivəsində ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi prosesi həyata keçirilirdi:

“Dünən Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Naftalan rayonunda 1 ailənin 5 üzvü həlak olub. Həmin ailənin yaxınlarına başsağlığı veririk. Bu, ermənilərin döyüş xislətini göstərir. Qorxaq və acizcəsinə mülki əhalini hədəfə alırlar. Bu gün səhərdən də onlar Tərtər rayonunda mülki əhalini hədəfə alırlar. Azərbaycan Respublikasının silahlı qüvvələri onlara lazımi cavabı verir və düşmən yerində oturdulur. Silahlı qüvvələrimiz tərəfindən rəşadətli döyüş əməliyyatları davam etdirilir”.

Sonra “Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi regional sülh üçün təhlükədir. Diplomatik korpus bu barədə məlumatlandırılıb”-deyən H. Hacıyev qeyd edib ki, Müdafiə Nazirliyi ölkəmizdəki xarici hərbi attaşeləri Ermənistanın təxribatı barədə məlumatlandırıb:

“Ermənistan tərəfindən çox saxta və cılız məlumatlar hazırlanır. Bu qədər saxta məlumat hazırlayan silahlı qüvvələrə Ermənistan xalqının özü etibar etməz. Azərbaycan silahlı qüvvələri beynəlxalq hüququn prinsiplərini nəzərə alaraq fəaliyyət göstərir”.

PA rəsmisi həmçinin deyib ki, general Mayis Bərxudarovla bağlı Ermənistan tərəfindən yayılan yalanların məqsədi öz cəmiyyətlərində təşvişi azaltmaqdır. O, bildirib ki, Azərbaycan generalları ordumuzun rəhbərliyində öz döyüş əməliyyatlarını davam etdirirlər:

“Ermənilərin yalan məlumatları ifşa olunur. Eyni zamanda xarici media nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub. Burada Rusiya, Türkiyə və digər media resurslarının nümayəndələri var. “Əl-Cəzirə” telekanalının nümayəndələri də ölkəmizdə səfərdədir. Onlara Ermənistanın təxribatları ilə bağlı məlumat veriləcək ki, beynəlxalq ictimaiyyətə tam dolğun informasiya ötürülsün”.

***

“Ermənistan tərəfinin Tərtərə hücumları ilə əlaqədar Müdafiə Nazirliyi qarşı tərəfə xəbərdarlıq edib. Tərəfimizdən lazımi addımlar atılacaq”.

Bunu isə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, bu gün hərbi attaşelərə düşmənin itkiləri, təxribatları və dezinformasiyası barədə ətraflı məlumat verilib.

Daha sonra “Raket atışları ilə düşmənin müqavimətinin qırılması üçün addımlar atılır”-deyən A. Eyvazov bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur:

“Bu, Ermənistan əhalisi arasında olan təşvişi azaltmağa xidmət edir. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tank və digər texnika, 15 ədəd OSA, 18 ədəd PUA-sı məhv edilib. Düşmən tərəfi ölü və yaralı olmaqla, 550 itki verib. Düşmənin itkiləri arasında Suriyadan olan erməni əsilli muzdluların cəsədlərinin olması müəyyənləşib. Ermənistan tərəfi bu məlumatı həm yerli, həm beynəlxalq ictimaiyyətdən gizlədir”.

Etikxeber.az

Read Previous

Ölkədə qismən-SƏFƏRBƏRLİK ELAN OLDU -SƏRƏNCAM…

Read Next

Ermənilərin Tərtərdə dinc sakinlərə qarşı törətdikləri təxribatlarla bağlı-CİNAYƏT İŞİ BAŞLANDI, NAFTALANDA QƏTLƏ YETİRİLƏNLƏRDƏN İKİSİ İSƏ MƏKTƏBLİDİR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir