“Şimal qonşumuzun aidiyyatı strukturları ölkələrimiz və xalqlarımız arasında mövcud əlaqələrə kölgə sala biləcək, Azərbaycan ictimaiyyətində narazılıq yaradacaq addımlardan çəkinməlidir”-DEPUTATDAN TƏLƏB

Rusiyada Yol Hərəkətinin Təhlükəsizliyi Baş Müfəttişliyinin əməkdaşı Aleksandr Qusev tərəfindən heç bir zərurət və hüquqi əsas olmadan etnik azərbaycanlı – 19 yaşlı Vəkil Abdullayevə qarşı silah tətbiqi və onu qətlə yetirməsi bütövlükdə ən vacib bəşəri dəyər olan insan hüquqları meyarı adına xoşagəlməz haldır.

Bəllidir ki, insan hüquqları heç bir dövlətin iradəsindən asılı olmayan qlobal dəyərdir, insan hüquqlarının müdafiəsi və təmin olunması geri çəkilməsinə yol verilməyən imperativ öhdəlikdir.

Bu mənada, polis əməkdaşının amansız davranışla 19 yaşlı gənci ən təməl və təbii hüququ olan yaşamaq hüququndan məhrum etməsi hər şeydən öncə Rusiyanın özünün beynəlxalq öhdəliklərinə ziddir və haqlı narahatlıqlar yaratmaqdadır.

Əlbəttə, məsələnin siyasiləşdirilməsi yolverilməzdir, lakin şimal qonşumuzun aidiyyatı strukturları da ölkələrimiz və xalqlarımız arasında mövcud əlaqələrə kölgə sala biləcək, Azərbaycan ictimaiyyətində narazılıq yaradacaq addımlardan çəkinməlidir.

Mübahisəsizdir ki, istintaqın prosedurlarının müəyyən edilməsi, o cümlədən, qəti imkan tədbirlərinin seçilməsində hüquq mühafizə orqanları sərbəstdir.

Lakin qətl törətmiş vəzifəli şəxsin sərbəst buraxılmasının ibtidai istintaq və ya məhkəmə baxışının normal gedişinə mane olmaq təhlükəsi yaratmasını, həmçinin, məsələnin həssaslığını nəzərə alsaq, İstintaq Komitəsinin müvafiq qərarı cəzasızlıq mənzərəsi yaratmaqla bərabər, həm də Avropa hüquq məkanının ayrılmaz parçası olan Rusiyanın özündə hüquq-mühafizə sisteminə olan etimad mühitinə zərbə vurur.

Bundan başqa, İstintaq Komitəsinin qüsurlu qərarına bəzi siyasi funsionerlərin yersiz və ucuz şovinist dəstəyi illərdir rus xalqı ilə dostluq və qardaşlıq şəraitində yaşayan, soydaşlarımızın haqlı narazılığına səbəb olaraq qarşılıqlı inam mühitinə mənfi təsir edir.

İnanırıq ki, Azərbaycan ictimaiyyətinin bu haqlı narazlığı və Rusiya rəhbərliyinə müraciətinə ən qısa zamanda ali səviyyədə reaksiya veriləcək və atdığı addımların mahiyyətini dərk etməyən dayaz təfəkkürlü bəzi şəxslərin yol açdığı xoşagəlməz vəziyyət tezliklə aradan qaldırılacaq.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Ədliyyə nazirindən Susuzluq faciəsi və Şəhidləri ilə bağlı beynəlxalq təşkilatlara-MÜRACİƏTLƏR

Read Next

MN Kəlbəcər istiqamətində sərhəddə atəşkəsin pozulması xəbərini-TƏKZİB ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir