Siqaret alıcılarından şəxsiyyət vəsiqəsini tələb etmək düzgündürmü və qanunidirmi? – AÇIQLAMA

Siqaretin istifadəsinin məhdudlaşdırılması ilə bağlı Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək

Bizdə 2017-ci ilin dekabr ayından “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması  haqqında” qanun mövcuddur və tütün məmulatlarının istifadəsinə məhdudiyyətlər, digər məsələlərr həmin qanunla tənzimlənir. Təbii ki, 18 yaşına çatmamış şəxslərə siqaret və digər tütün məhsullarının satılması da qanunla qadağandır.  Amma siqaret almaq üçün  şəxsiyyət vəsiqəsini vətəndaşın öz  üzərində gəzdirməsi vacib deyil.  Burada,sadəcə, məsuliyyət tütün məhsullarını satan satıcının üzərinə qoyulur.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM)  Səhiyyə komitədinin sədr müavini Musa Quliyev bəzi ölkələrdə, konkret olaraq, Rusiyada qanunvericiliklə siqaret və digər tütün məhsullarının satışı zamanı istehlakçılardan, siqaret alıcılarından şəxsiyyət vəsiqələrinin tələb edilməsinin nəzərdə tutulmasına, o cümlədən, siqaret qutularının üzərində tütün məhsullarının insan orqanizminə zərərinin daha kəskin şəkildə ifadə olunmasına və onların gələcəkdə Azərbaycanın müvafiq qanunlarında əks olunması ehtimalına münasibətini bildirərkən deyib.

M. Quliyev bildirib ki, əgər satıcının şəxsin həddi-buluq yaşına çatmadığı haqqında şübhəsi varsa, o zaman şəxsiyyət vəsiqəsi tələb edə bilər, əgər şübhəsi yoxdursa və görürsə ki, yaşca böyük insandır, ondan şəxsiyyət vəsiqəsi tələb edilməsi istehlakçı hüquqlarının pozulması deməkdir.

Komitə sədrinin müavininin sözlərinə görə, belə bir müddəa bizim mövcud qanunvericilikdə nəzərdə tutulmayıb, yalnız siqaret alan şəxsin yaşına görə şübhə olarsa, onda şəxsiyyət vəsiqəsi  tələb edilə bilər:

“O ki qaldı tütün məhsullarının, konkret olaraq siqaret qutusunun üzərindəki yazılara və şəkillərə, bu barədə də bizim qanunvericilikdə, xüsusilə, 2001-ci ildə qəbul olunmuş “Tütün və tütün məmulatı haqqında” qanunda müəyyən müddəalar var. Amma düşünürəm ki, həmin müddəalar köhnəlmiş müddəalardır  və daha yeni, bu gün bütün dünyada istifadə olunan üsullardan yararlanmaq olar. Məsələn, bizdə siqaret qutusunun üstündə yazılır ki, siqater  çəkmək  sizin sağlamlığınıza zərərlidir. Dünyanın bir çox ölkələrində isə siqaret qutusunun üzərində siqaret öldürür, tütün öldürür, tütün zəhərlidir  və sair kimi daha kəskin ifadələr yazılır. Amma müxtəlif xəstəliklərin, ağciyərin pis-xəstə formada şəkilinin siqaret qutusunun üzərinə vurulması özü heç də dünyada birmənalı qəbul olunmur. Yəni, istehlakçının da, siqaret çəkənin də özünün hüquqları var, bunlar da düşünülməlidir. Amma ən yaxşı forma siqaret qutsunun üzərində heç bir reklamın olmamasıdır. Həmçinin, siqaret qutsunun ağ və ya boz rəngdə olması, eyni zamanda, üzərində iri hərflərlə siqaretin zərərli təsirləri haqqında yazının yazılmasıdır. Hər halda biz bunun üzərində düşünürük və parlamentin qarşıdan gələn payız sessiyasında Əmək və sosial siyasət komitəsində bu məsələlərə baxılacaq”.

musa-urud

Onu da təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qanunla qadağan olunmasına baxmayaraq, hələ də orta məktəb binalarının yaxınlığında siqaret və digər tütün məmulatları satılır və bəzən məktəb yaşlı uşaqlar da onlardan alıb, istifadə edir.

Bu məsələyə toxunan M. Quliyev də xatırladıb ki, qanunla bunlar qadağandır, yolverilməzdir.

Millət vəkilinin dediyinə görə, amma qanunun icrasına nəzarət məsələsi hələlik Cinayət  və İnzibati Xətalar Məcəlləsində öz əksini tapmayıb.

“Mənim bildiyimə görə də bunun üzərində müvafiq qurumlarda iş gedir. Çünki qanunun qəbulu, ondan sonra qüvvəyə minməsi və digər məsələlər yaz sessiyasının sonuna düşdüyü üçün nəzarətlə bağlı məqamlar çox güman ki,  bu ilin payız sessiyasında baxılacaq.  Cinayət və İnzibati Xətalar Məcəlləsinə  müvafiq dəyişikliklər ediləcək. Bu dəyişikliklərdən sonra  müvafiq qurumlar artıq bu nəzarəti öz üzərlərinə götürəcəklər. Konkret olaraq, fiziki şəxslərin qanunu pozmasına nəzarət polisin həvalə olunur, hüquqi şəxslərin qanunu pozmasına nəzarət isə Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarına həvalə olunur. Artıq cərimələr  də sanksiyalaşdırıldıqdan və digər qanunpozmalara da qarşı sanksiyalar müəyyənləşdikdən sonra qanun tam gücü ilə işə düşəcək”-deyə, M. Quliyev sonda sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Müddəti uzadılmış “Əsrin müqaviləsi” üzrə əməkdaşlıq davam etdiriləcək – TARO KONO

Read Next

GUAM xarici işlər nazirləri ilə Yaponiyanın xarici işlər nazirinin görüşü keçiriləcək – MƏMMƏDYAROV – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir