“Siqaret məni o dərəcədə cana yığdı ki…” – DEPUTAT

Deputatlar  siqaret çəkənlərdən şikayətləndilər.

“Siqaretin reklamı qəti qadağan olmalıdır. Xarici ölkələrdə siqaret çəkən və çəkməyən insanların ağ ciyərlərinin şəklini də qutunun üstünə vururlar. Adam o şəkilə , ciyərə baxanda siqaretin qutusunu belə açmaq istəmir”.

Etikxeber.az-ın xəbərinə görə, bunu  Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin noyabrın 3-də keçirilən iclasında deputat Mahir Aslanov deyib.

Deputat “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə münasibət bildirərək deyib ki, o özü  53 il siqaret çəkib:

“Mən özüm 53 il siqaret çəkmişəm. Siqaret məni o dərəcədə cana yığdı ki, o vərdişdən uzaqlaşdım.

Hətta, tütün məhsullarının yığımı da zəhərlidir. Ona görə də siqaretin reklam olunmasının qarşısı birmənalı şəkildə alınmalıdır”.

“Bizim komitədə tanıdığım millət vəkillərinin heç biri sirqaret çəkmir. Bu elə bizim böyük uğurumuz və nümunədir”.

Bu sözləri isə  deputat Novruzəli Aslanov deyib.

Deputat bildirib ki, ilk növbədə siqaretlərin qutularının cəlbedici olmasının qarşısı alınmalıdır: “Mən oturduğum otaqda bir yoldaş siqaret açdı və ortaya qoydu. O siqaretin qutusu o qədər gözəl idi ki, onun açılıb-bağlanması belə adamı cəlb edirdi. Siqaret taralarının o formada gözəl hazırlanması özü də bir reklamdır”.

Digər deputat Aydın Hüseynov çıxışı zamanı  MM-in 1992-ci illərdəki dövrünə nəzər salaraq o zaman parlamentin plenar iclasında siqaret çəkən deputatlardan danışıb:

“1992-ci ildə hətta parlamentin plenar iclaslarında deputatlar siqaret çəkirdilər. Amma bu gün nə yaxşı ki, belə hal yoxdur”.

“Bu gün istisnasız olaraq bütün dövlət və özəl ali məktəblərdə görürsən ki, siqareti universitetlərin dəhlizlərində çəkirlər. İnanın ki, adamın ürəyi bulanır”.

Bu sözləri öz növbəsində deputat Hüseynbala Mirələmov deyib.

Deputat “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə münasibət bildirərək söyləyib ki, televiziylarda siqaretin reklamının qarşısı alınmalıdır:

“Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Azərbaycan mentalitetinə uyğun olmayan bir şeydir. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır”.

H.Mirələmov universitetlərdə siqaret çəkən tələbələrin cərimələnməsinin də vacibliyini vurğulayıb: “Türkiyədə hətta taksidə belə yazılıb: “Siqaret çəkmək olmaz, əks təqdirdə 60 lirə cərimə olunacaqsan”. Onlar bu cəriməni  tətbiq edirlər də. İctimai yerlərdə siqaret çəkənlərə qarşı bizdə cərimələr var, amma buna əməl edilmir, cərimələr yazılmır. Əgər biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək, inanın ki, o, ümumiyyətlə, siqareti də tərgidər”.

“Təəssüflər olsun ki, hətta, son zamanda bizdə orta məktəblərdə qızlar arasında siqaret çəkənlərin sayı daha da çoxalıb”.

Bunu da çıxışında adıçəkilən komitənin sədr müavini  Eldar Quliyev deyib.

O, tütün və tütün məmulatlarının reklamının qadağan olunması haqqında gedən müzakirələrdə bildirib ki, artıq Azərbaycanda siqaret çəkən qadınların sayı artmaqdadır.

E. Quliyev söyləyib ki, orta məktəblərdə də siqaret çəkən azyaşlı məktəbli qızlar var və orta məktəblərdə buna qarşı kəskin mübarizə aparılmalıdır:

“Əvvəllər biz bu hal Rusiya, MDB, Avropa ölkələrində daha çox yayılmışdı. Azərbaycanda da qadınların siqaretə meylliliyi artıb. Bunun qarşısını almaq üçün orta məktəblərdə də ciddi nəzarət gücləndirilməlidir. Əks təbliğat mexanizmi gücləndirilməlidir. Çünki az yaşlarından siqaretə qurşanmış qızların gələcəkdə ana olma riski də azalır. Həm də bu insanlarımıza maddi baxımdan zərbə vurur”.

Deputat bildirib ki, Azərbaycanda ictimai yerlərdə siqaret çəkənlərə qarşı cərimə müəyyən edilsə də, qanunun bu hissəsi işləmir:

“Ötən il İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi ki, ictimai yerlərdə siqaret çəkənlər cərimə olunsun. Amma baxaq görək ki, bu günə qədər ictimai yerdə siqaret çəkən hansı vətəndaş cərimə olunub? Heç kim də cərimə olunmayıb. Qanun qəbul olunub amma cərimə olunmaq mexanizmi yoxdur”.

Etikxeber.az

Read Previous

Sabiq MTN əməkdaşı Binəqədidə yaşayış binasında yanğınla bağlı məhkəməyə gəldi

Read Next

Qırğızıstan parlamentində üç fraksiyadan ibarət koalisiya çoxluğu yaradıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir