“Sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşan dövlət məhz Ermənistandır” – DEPUTAT

120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin Sədrliyi ilə Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik nailiyyətidir. Bu, beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda nüfuzunun ifadəsidir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat İlham Məmmədov deyib.

“İki gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisə olan Zirvə Görüşündə beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid vacib məsələlər müzakirə edildi, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində oldu” – deyən millət vəkilinin sözlərinə görə, Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın müstəqillik tarixində ən böyük siyasi tədbir idi.

O, deyib ki,  Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə söylədiyi nitqdə Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı. Həmçinin ölkəmizin siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verdi:

mammadov ilham

“Prezident İlham Əliyev Qoşulmama Hərəkatında sədrlik dövrü üçün ölkəmizin əsas prioritetlərini də açıqladı və qeyd etdi ki, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Zirvə Görüşü Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi.

Toplantıda Ermənistan 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı, Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə edildi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüfləndiklərini bildirdilər və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyini qeyd etdilər. Bütün bunlar ölkəmizin böyük uğurudur”.

Millət vəkili qeyd edib ki, Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun sənədi ilə bağlı Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatı uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir:

“Uğursuz və təcrid vəziyyətinə düşən Ermənistan Qoşulmama Hərəkatının üzv dövlələtini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə “ittiham” edir. Ermənistanın Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı bu kimi qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi Ermənistanın çarəsizliyinin və təlaş içərisində olmasının göstəricisidir. Beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşan dövlət məhz Ermənistan özüdür”.

Etikxeber.az

Read Previous

“Onları yeni dövrün məhsulu hesab etmək olar” – AYDIN MİRZƏZADƏ DƏ SON TƏYİNATLARA TOXUNDU

Read Next

Restoran yandı – PAYTAXTDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir