“Siyasətçilər, millət vəkilləri robot deyil ki?!”-MİLLƏT VƏKİLİ – (MÜSAHİBƏ)

Eldəniz SƏLİMOV: “Heç vaxt seçicimə yuxarıdan aşağı baxmamışam, təkəbbürlə yanaşmamışam”

Etikxeber.az Milli Məclisə deputat seçilmiş Eldəniz Səlimovun müsahibəsini təqdim edir:

-Eldəniz müəllim, məlumat verim ki, rubrikamızın adı “Deputat vaxtıdır”. Deputat Eldəniz Səlimov gündəlik vaxtını, zamanını necə dəyərləndirir, gün ərzində daha çox nəyə zaman, vaxt sərf edirsiniz?

-Əvvəla, məni rubrikanıza qonaq, müsahib olaraq, dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirir, xeyirli-uğurlu olsun deyirəm. İkincisi hamı necə, mən də eləcə. Burada qeyri-adi görünəcək bir məqam görmürəm. Mən də digərləri kimi, normal həyatımı yaşamağa-sürməyə, zamanımı, vaxtımı daha səmərəli və daha məhsuldar keçirməyə çalışıram. Daha çox insanlarla, seçicilərimlə təmasda, ünsiyyətdə olmağa, onları dinləməyə, məndən asılı olan məsələlərin həllinə onlara yardımçı olmağa çalışır və üstünlük verirəm. Təbii ki, son bir ildə koronavirus bəlası səbəbindən canlı təmas, ünsiyyət bir qədər çətinləşib, amma bununla belə, mövcud qaydalar, şərtlər, normalar çərçivəsində bunları reallaşdırmağa cəhd edirəm.

Eyni zamanda, hər bir ailə başçısı, övlad sahibi kimi, mən də ailəmə, övladıma vaxt, zaman ayırmağa çalışıram. Çünki ailə özü kiçik bir dövlət, cəmiyyət deməkdir. Ailənə, övladına nə qədər məsuliyyətli, diqqətli və həssas olsan, ətrafındakılara da bir o qədər diqqətli və həssas olacaqsan. Əksi mümkün deyil, bunlar bir-biri ilə üzvi surətdə bağlıdır. Həmçinin, dostlarla, əqidədaşlarımla-yenə də mövcud şərtlərə və qaydalara uyğun şəkildə-bir arada olmağa, onlarla da zaman keçirməyə, söhbətləşməyə, diskussiya etməyə çalışıram. Hesab edirəm ki, bunlar da lazımdır. Həmçinin, zamanım, vaxtım olanda kitab oxumağa, zövqlü, yorucu olmayan musiqi dinləməyə, idman etməyə, mənən, ruhən dincəlməyə çalışıram. Yenə də bütün hallarda, bir millət vəkili olaraq, zamanımın böyük hissəsini seçicilərimə ayırmağa üstünlük verirəm. Çünki, bu, mənim borcum və vəzifəmdir. Başqa cür də ola bilməz.

-Eldəniz Səlimovun seçiciləri üçün bəlli bir vaxtı var, yoxsa günün istənilən anında seçici Eldəniz Səlimovu narahat edə, onunla danışa bilər?

-Buna ən düzgün və ən səmimi cavabı təbii ki, seçicilərim, əziz və dəyərli xaçmazlılarım verə bilər. Amma bununla belə, hər zaman seçicilərimin yanında olmağa, onları dinləməyə, onları maraqlandıran və narahat edən məsələlələri birlikdə çözümünə çalışmışam. Heç vaxt seçicimə yuxarıdan aşağı baxmamışam, təkəbbürlə yanaşmamışam. Onlardan biriyəm və biri olmağa çalışmışam. Çalışmışam ki, minimum səviyyədə mənə üz tutan, mənə ağız açan hər bir insana, hər bir seçicimə vaxt, zaman ayırım, onu dinləyim, ona imkanım, gücüm yetən dərəcədə dəstək olum. Odur ki, istənilən seçici, istənilən xaçmazlı istənilən anda mənə müraciət edə bilər və mən də onu dinləməyə, ona gücüm çatan dərəcədə kömək etməyə canla-başla hazıram. Burada heç bir problem yoxdur və görmürəm.

-Yeri gəlmişkən mobil nomrəniz seçicilərinizdə var, yoxsa seçicilər Sizinlə köməkçiniz vasitəsilə əlaqə saxlayır?

-Təbii ki, var. Niyə də olmasın ki?! Burada nə problem ola bilər ki?! Bununla belə, köməkçim vasitəsi ilə də əlaqə mümkündür və saxlanılır. Eyni zamanda, sosial şəbəkələrdə də varam. Onlar vasitəsilə də əlaqə mümkündür və hər kəs ən azı mənim “Facebook” səhifəmə, profilimə baxsa, bunu açıq-aydın şəkildə görə bilər.

-Bir qayda olaraq seçicilərinizi hansı problemlər narahat edir, Sizdən nələri rica edirlər?

-Təbii ki, hər bir seçicinin özünəxas problemləri və istəkləri var. Sırf şəxsi məsələlərdən tutmuş, eyni zamanda, yerli, rayon sakinlərini maraqlandıra biləcək məsələlərəcən. Elə məsələlər, problemlər olur ki, onu həll etmək mümkündür və zaman-zaman həll edilir, elə məsələlər də olur ki, onların həlli mənim səlahiyyətlərim xaricindədir və bu zaman həmin insanları üzmədən onların həllinin tərəfimdən mümkünsüzlüyü diqqətlərinə çatdırılır. İnsanların çoxu iş məsələsi, digər sosial məsələlərlə, bəzən də məmur bürokratiyası ilə bağlı müraciət edirlər. Həlli mümkün olan edilir, həlli məndən asılı olmayanlar isə yenə də deyirəm ki, həmin şəxsləri üzmədən, qırmadan onların nəzərinə çatdırılır. Amma bütün hallarda çalışıram ki, insanların problemlərinin, onların narahat edən məsələlərin həllinə kömək edim. Edə bilmişəmsə, edə bilirəmsə, bunu da özüm üçün böyük xoşbəxtlik sayıram.

 -Statistika ilə hesablasaq il ərzində neçə faiz müraciətləri müsbət həll edə bilirsiniz?

-Sualınıza qismən də olsa, yuxarıda cavab verməyə çalışmışam. Bir daha qeyd etmək istəyirəm ki, nəyi etmək mümkündürsə, onu etməyə cəhd göstərmişəm və zaman-zaman müsbət nəticələr də əldə olunub. Amma nəyi etmək mümkün deyilsə, yaxud, onlar mənim səlahiyyətlərim xaricindədirsə, artıq elə bilirəm ki, burada narazı qala biləcək bir məqam yoxdur və olmamalıdır. Bu, anlayışla qarşılanmalıdır. Hər halda, statsistika ilə götürsək, mənə ünvanlanan müraciətlərin ən azı 60-70 faizini müsbət cavablandırmağa, mənə müraciət edənləri sevindirməyə çalışmışam və nail olmuşam. Mən heç zaman qeyri-səmimi olmamışam, çalışmışam ki, hər zaman hər bir məsələdə səmimi və dürüst olum. Bu məsələdə də eləcə.

-Eldəniz Səlimov ailəsi, dostlarına istənilən zaman ərzində vaxt ayıra bilirmi?

– Bəli, biz hamımız insanıq, bizim də şəxsi həyatımız, ailəmiz, dostlarımız, ətrafımız var. Biz siyasətçilər və millət vəkilləri robot deyilik ki?! Bizim də ailəyə, dostlara, ətrafımızdakı insanlara vaxt, zaman ayırmağımız, onlarla maraqlanmağımız, ilgilənməyimiz lazımdır və bu da  çox normaldır. Burada qeyri-normal heç nə yoxdur və görmürəm.

-Ümumiyyətlə, Eldəniz Səlimovun boş, arxayın vaxtı, zamanı olurmu və bu zamanı nəyə sərf edirsiniz?

-Olur, amma çox az olur. Çünki seçicilərlə ünsiyyət, qanun yaradıcılığı prosesi, həmçinin, ölkəmizdə, bütövlükdə dünyamızda baş verən proseslər və bu kontekstdə üzərimizə, çiyinlərimizə düşən vəzifələr, missiya zamanımızın, vaxtımızın böyük bir hissəsini əhatə edir və aparır.  Bu baxımdan da, boş, arxayın vaxt çox az olur. Olanda da onu dəyərləndirməyə çalışıram.

-Uşaqlıq arzularınızı bilmək istərdik, elə deputat olmaq istəyirdiniz, yoxsa qarşınıza qoyduğunuz məqsəd başqa idi?

-Təbii ki, hər bir insan kimi, mənim də uşaqlıq arzularım, xəyallarım olub. Onlardan sonra reallaşanları da olub, reallaşmayanları da. Hətta elələləri olub ki, sonradan onlara gülüb keçmişəm…Çünki elə arzu və xəyallar var ki, onlar reallıqdan daha çox fantaziyadır. Fantaziyalar isə nadir hallarda gerçəkliyə çevrilir….Bəli, uşaq yaşlarımdan yaxşı mənada fərqlənməyə, seçilməyə, diqqət mərkəzində olmağa çalışmışam. Bəlkə sonradan siyasətə meyllənməyimdə və deputat olmağımda da bu amillər, bu  məqamlar önəmli yer tutub. Eyni zamanda, deputatlıq həm də bir qismət məsələsidir. Deməli, qismətimdə varmış.

-Siz həm V, həm də VI çağırış Milli Məclisin deputatısınız. Növbəti seçkilərdə də partiya etimad göstərsə namizədliyinizi irəli sürəcəksiniz, yoxsa artıq vaxtlnızı, zamanınızı başqa istiqamətə sərf etmək niyyətindəsiniz?

-Bu haqda indidən danışmaq,  nəsə proqnoz vermək çətindir və düzgün də olmaz. Vaxtı, zamanı, məqamı çatanda, hər şey özü bilinəcək, məlum olacaq. Mən partiyamızın, Ulu Öndərimizin və cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın əsgəriyəm. Nəyi məsləhət biləcəklərsə, bir əsgər kimi, ona da uyğun hərəkət edəcəyəm. Bu, özfəaliyyət məsələsi deyil, bu, məsuliyyətdir.

-Sonda bilmək istərdik, Eldəniz Səlimov zamanla, vaxtla ayaqlaşa bilirmi? Yoxsa bunu bacarmaq mümkün olmur?

-Minimum də olsa, zamanla ayaqlaşmağa çalışıram.  Amma nə qədər və nə dərəcədə alınır, onu deyə bilmərəm. Bütün hallarda isə çalışıram ki, özüm olum, özgələşməyim (Olaylar).

Etikxeber.az

Read Previous

“ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi müvəqqəti dayandırırsa…”-SAHİB ALIYEV

Read Next

II Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına birdəfəlik maddi yardım veriləcək-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir