Siyasilər 25 yaşı tamam olacaq Minsk qrupu və həmsədrlərdən artıq konkret addım gözləyir

Elman Məmmədov: “Münaqişə o zaman  sülh yolu ilə həll oluna bilər ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilsin,  həmsədrlər prinsipiallıq göstərsin, amma görünən odur ki…”

 Xəbər verildiyi kimi, bugünlərdə ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfərini reallaşdırdı. O, səfəri zamanı  ölkə rəsmiləri, millət vəkilləri və siyasi partiya təmçilçiləri ilə görüşdü və bu görüşlərin əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan münaqişəsi, gələn il 25 yaşı tamam olacaq ATƏT-in Minsk qrupunun və həmsədrlərin fəaliyyəti, konfliktin həllindəki durğunluq oldu. Eyni zamanda, yaxın günlərdə həmsədrlərin də bölgəyə növbəti  səfəri, həmçinin, ATƏT PA çərçivəsində keçirilən müzakirələrdə vasitəçilərin də iştirakı gözlənilir.

Etikxeber.az-a açıqlamasında isə Milli Məclisin (MM) komitə sədrinin müavini Bəxtiyar Əliyev bildirib ki,  aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Onun sözlərinə görə,  1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.

“Ancaq Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur. Əfsuslar olsun ki, buna görə Ermənistana heç bir təzyiq göstərilmir. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur” – deyən deputat vurğulayıb ki, bu baxımdan həm BMT və onun srtukturları, həm də ATƏT və onun təsisatları münaqişənin həllində fəallıq göstərməli, problemin ədalətli  çözümünə öz töhfələrini verməlidirlər.

“Oktyabr ayında həmsədrlərin bölgəyə növbəti səfəri nəzərdə tutulur. Onların bölgəyə səfərləri konkret nəticə verməlidir”.

Bu fikirləri də millət vəkili  Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyası beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Millət vəkilinin dediyinə  görə, həmsədrlər və ATƏT-in Minsk qrupu bu məsələdə prinsipiallıq göstərmir:

“Həmsədrlərin regiona hər səfəri zamanı verilən bəyanatlar əvvəlki bəyanatlardan heç nə ilə fərqlənmir. Yəni onlar yeni fikir söyləyiblər. Münaqişə o zaman  sülh yolu ilə həll oluna bilər ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilsin və həmsədrlər prinsipiallıq göstərsinlər. Amma görünən odur ki, Minsk qrupunun belə niyyəti yoxdur. Biz hətta onlar tərəfindən işğalçı dövlətin himayə olunmasını müşahidə edirik. Bu da cəmiyyətimizdə haqlı olaraq narazılıqla qarşılanır”.

Digər millət vəkili, ADİP sədri Asim Mollazadə də bu qənaətdədir ki, nəhayət, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti konkret nəticə verməlidir.

“Danışıqlar prosesinin davam etməsi müsbət hal olsa da, işğalçı Ermənistana qarşı ciddi tədbirlər görülmür. Cəzasızlıq isə göründüyü kimi, nəticə vermir. Beynəlxalq hüquq Ermənistana qarşı sanksiyaların tətbiq olunmasına tam imkan və əsas verir. Ona görə də beynəlxalq birlik işğalçıya qarşı sərt mövqe nümayiş etdirməlidir”– deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirildi – NƏTİCƏLƏR

Read Next

Lütfi Zadə dəfn olundu – YENİLƏNİB (1) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir