SOCAR “KazMunayQaz” ilə anlaşdı – FOTO

SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkəti anlaşma memorandumu imzalayıblar.

SOCAR-dan Etikxeber.az-a bildirilib ki, Bakıda şirkətin prezidenti Rövnəq Abdullayev və “KazMunayQaz Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Qazaxıstan nümayəndə heyətində, həmçinin “KazMunaqQaz”ın idarə heyətinin sədrinin kəşfiyyat, hasilat və neft xidmətləri üzrə müavini Qurmanqazı İskaziyev və “Kaztransoyl” Səhmdar Cəmiyyətinin baş direktoru Dimaş Dosanov, “Kazmortransflot” Milli Dəniz Daşıma Şirkətinin baş direktoru Marat Ormanov təmsil olunub.

Görüşdə neft-qaz sənayesinin bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb. Daha sonra SOCAR və “KazMunayQaz” şirkətlərinin rəhbər şəxsləri anlaşma memorandumu imzalayıblar.

Memorandum şirkətlər arasında geniş əməkdaşlıq perspektivlərini, o cümlədən daşıma və ticarət əməliyyatları sahəsində, Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsini əhatə edir. Memorandum çərçivəsində atılacaq ilk konkret addım olaraq “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusunun Bakıya gətirilərək burada modernləşdirilməsi və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinin aparılması nəzərdə tutulur.

Görüş çərçivəsində, həmçinin SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə Qazaxıstanın “Kazmortransflot” LLP (NMSC) Milli Dənizçilik Logistika Şirkəti arasında karbohidrogen resurslarının nəqli sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı niyyət protokolu imzalanıb.

Rəsmi görüş və müzakirədən sonra qonaqlar “SOCAR Tower”də ölkəmizin qədim neft tarixini və yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış olublar.

Qeyd edək ki, “’KazMunayGaz” şirkəti Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən milli operatordur. Şirkət 2002-ci ildə yaradılıb, onun tərkibində 190-dan çox təşkilat birləşib. “KazMunayGaz”ın səhmdarları “Samruk-Kazyna” Milli Sərvət Fondu (90 faiz) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10 faiz).

Etikxeber.az

Read Previous

Bu şəxslər dövlət hesabına müalicə ediləcək…

Read Next

“Çalışarıq gürcülərə də yardım edək ki…” – NƏRİMAN QASIMOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir