Sofiyada növbəti erməni təxribatının qarşısı alındı: “ARTSAX” YOXDUR…”

Bolqarstanın paytaxtı Sofiya şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı  Palament Məclisinin Baş Assambleyasının (QDİƏT PM) plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşdü. Ermənistandan olan bir deputat çıxışında “Artsax”da “demokratik seçki” keçirildiyini elan etdi. Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədarətindən Ermənistan deputatının siyasi provokasiyasının qarşının alınmasını tələb etdim.

Etikxeber.az xəbər verir ki, bunu Azərbaycanın  QDİƏT PM-dəki nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə deyib.

“Bildirdim ki, heç bir “Artsax” yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar”-deyən millət vəkili çıxışında sonra bildirib ki,  Ermənistan daim beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir.

“Eyni zamanda bildirdim ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik, ya hərbi yolla torpaqlarımız mütləq asad ediləcək”-deyə, A. Mirzəzadə vurğulayıb.

Bununla yanaşı, millət vəkili sözlərinə əlavə edib ki, iclasda Azərbaycanla bağlı məsələ müzakirə edilərkən Ukrayna nümayəndə heyətinin üzvu İvan Kirilenko belə bir fikir işlədib ki,  “mən hər bir ölkəyə arzu edirəm ki, Azərbaycan kimi inkişaf etsin, o cümlədən, əhali sayı da artsın…”.

Onu da qeyd edək ki,  iclasda cari ilin iyununda Bakıda keçirilmiş 53-cü plenar iclasın protokolu təsdiqlənəcək.

Qurumun fəaliyyəti, həmçinin QDİƏT-lə əlaqədar orqanların və sektoral dialoq üzrə tərəfdaşların fəaliyyəti barədə məlumatlar dinləniləcək. Ümumi müzakirələrdə Avropa İttifaqı ilə QDİƏT arasında əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə nəzər salınacaq.

Baş Assambleyanın plenar iclaslarında iqtisadi, ticarət, texnoloji, ekoloji, hüquqi, siyasi, mədəniyyət, təhsil və sosial məsələlər diqqət mərkəzində olacaq. QDİƏT regionunda ikiqat vergiqoymanın aradan qaldırılması, nəqliyyat marşrutlarının inkişafının hüquqi və siyasi aspektləri, bölgədə işsizlik və yeni iş yerlərinin yaradılmasında dövlətlərin rolu mövzularına dair məruzələr dinləniləcək, müvafiq tövsiyə qərarları qəbul ediləcək.

Baş Assambleyanın 54-cü plenar iclası çərçivəsində QDİƏT PM sədrinin müavinləri seçiləcək, 2020-ci maliyyə ilinin büdcəsi qəbul ediləcək, qurumun yaz sessiyası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.

Etikxeber.az 

 

Read Previous

“Elə insan var ki, yaşca cavandır, amma təfəkkürcə qocadır…” – RAFAEL HÜSEYNOV

Read Next

YAP niyə yarandı, kimlər Bakıda təsis konfransına imkan vermədi? – ELDAR İBRAHİMOV AYDINLIQ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir