Son 27 ildə 5 min 992 qanun qəbul olunub…

Milli Məclis tərəfindən son 27 il ərzində qəbul edilmiş qanunların ümumi sayı – mövcud qanunvericiliyə dəyişikliklər edilməsi və beynəlxalq müqavilələrin təsdiq edilməsi haqqında qanunlar da daxil olmaqla – 5992-yə yaxındır.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata  açıqlamasında birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, I çağırış Milli Məclis tərəfindən 797, II çağırışda 843, III çağırışda 956, IV çağırışda 1267, V çağırışda (29 iyun 2018-ci ilə qədər) 1129 qanun qəbul olunub, 1991-ci ildən 1995-ci ilə qədər qəbul olunmuş aktların təqribi sayı isə 1000-dən çoxdur:

“2005-ci ilin noyabrında keçirilən seçkilərdən sonra fəaliyyətinə davam edən üçüncü çağırış Milli Məclislə hesab edirəm ki, Azərbaycan parlamentarizminin növbəti mərhələsi başlayıb. Bu dövrdən başlayaraq qanunverici orqan aparıcı beynəlxalq təşkilatlarla öz əlaqələrini daha məhsuldar formada qurmuş, seçkilərdən dərhal sonra Azərbaycan parlamentinin binası və maddi texniki bazası parlament tarixində heç vaxt olmadığı bir şəkildə – İKT-nin müasir tələblərinə tam cavab verən səviyyədə qurulmuş, qısa vaxtda yeni inzibati korpus tikilmiş, plenar iclas zalı zəruri kompüter, video və audio avadanlıqlarla təchiz edilib. 2006-cı ilin payız sessiyasında Parlamentin təntənəli açılışında iştirak edən ölkə prezidenti İlham Əliyev Milli Məclisin fəaliyyətinə nəzər salaraq geniş nitq söyləyib, 2017-ci ilin may ayında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Sərəncamla cümhuriyyətin və parlamentin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi qərara alınıb və Milli Məclisə parlamentin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib. Sərəncamda həmçinin parlament tariximizin başlanğıc dövrü aydın şəkildə təsvir edilib: “…Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi…”.

ziko-ziyafat

Yüz illik yubileyi keçiriləcək Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin dövründə qəbul olunan qərar və qanunların sayınca gəlincə, Z. Əsgərov deyib ki, fəaliyyəti dövründə parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub:

“Aparılan müzakirələrin demək olar ki, çoxu qızğın və işgüzar fikir mübadiləsi mühitində gedir, qanunlar yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Qanunların hazırlanması, müzakirəsi və təsdiqi prosesində 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar. Vətəndaşlarının rifah halının yaxşılaşdırılması, onların layiq olduğu həyat səviyyəsini təmin etmək niyyəti daşıyan bütün bu qanunlar və qərarlar, eyni zamanda hakimiyyətin hər üç qanadının – qanunvericilik, icra və məhkəmə orqanlarının tam formalaşdırılmasına, dövlət institutu kimi möhkəmlənməsinə istiqamətlənmişdi. Həmçinin qeyd etməliyəm ki, Azərbaycan Parlamenti öz fəaliyyətinin vacib hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün qarantına çevriləcək ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin fəaliyyəti və AXC dövrü ilə bağlı aparılan araşdırmalar və müşahidələr bir daha göstərir ki, bu dövrdə Azərbaycan parlamentarizminin əsası qoyulmuş, parlament bir dövlət institutu olaraq ölkənin siyasi həyatında üzərinə düşən funksiyanı öz imkanları daxilində reallaşdıra bilib…”.

Etikxeber.az

Read Previous

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir – MİLLƏT VƏKİLİ

Read Next

Türkiyəylə Azərbaycan bu gün də bir yerdədir – SƏMƏD SEYİDOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir