Son bir hətfə nələrlə yadda qaldı?-JALƏ ƏLİYEVANIN GÖZÜ İLƏ…

Son bir həftə yeni çox mühüm siyasi, sosial-iqtisadi hadisələrlə yadda qaldı.

Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yenə beynəlxalq arenada Azərbaycanın maraqlarını ən yüksək səviyyədə qorudu və təmin etdi.

Bir daha özünün, Azərbaycanın qətiyyətini nümayiş etdirdi, əsl Lider keyfiyyətlərini və bacarığını ortaya qoydu.

***

Birinci hadisə:BRÜSSEL SƏFƏRİ, ERMƏNİSTANIN YENİDƏN SİYASİ-DİPLOMATİK SƏNGƏRDƏ MƏĞLUB EDİLMƏSİ…

Bu həftəyə damğasını vuran əsas hadisə təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu Brüssel səfəri oldu. Dövlətimizin başçısı Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər etdi.

Sammit çərçivəsində Prezident İlham Əliyev bir sıra mühüm görüşlər keçirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, NATO-nun Baş katibi Yens Stoltenberq, həmçinin Moldova və Ukraynanın prezidentləri ilə danışıqlar apardı.

Eyni zamanda, Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş oldu. Bununla yanaşı, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında qeyri-formal görüş baş tutdu.

Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirildi, Avropa İttifaqının bu istiqamətdə ölkəmizə texniki yardım göstərməyə hazır olduğu bildirildi. Həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəldilər.

Görüşdə kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi də geniş müzakirə olundu. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin tikilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiqlədi.

Bildirildi ki, Ermənistan tərəfi dəmir yolunun tikintisinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılıq əldə edildi. Bununla yanaşı, avtomobil yolu marşrutunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi barədə qərar verildi.

Bunlar çox mühüm məsələlərdir, xüsusilə Azərbaycan üçün çox önəmli və çox əhəmiyyətli olan Zəngəzur dəhlizinin açılması, reallaşdırılması baxımından mühümdür.

Hər kəsə məlumdur ki, məğlub Ermənistan xeyli müddət idi öz “ənənə”sinə sadiq qalaraq yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirir, 2020-ci il 10 noyabr tarixli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən hər vəchlə boyun qaçırmağa çalışırdı.

O cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı məsələdə Ermənistan məkrli simasını növbəti dəfə açıb ortaya qoyurdu.

Təbii ki, Azərbaycan təxminən 30 illik qanlı Qarabağ münaqişəsini cəmi 44 günə həll etdiyi, “Dəmir yumruq”la düşmənin başını əzdiyi kimi, Zəngəzur dəhlizi məsələsini də gec-tez öz xeyrinə həll edəcəkdi.

Buna heç bir şübhə yox idi və ola da bilməz. Biz dəfələrlə ən ali səviyyədə bəyan edirdik ki, bu məsələ nə qədər tez və konstruktiv şəkildə həll olunsa, həm Azərbaycana, həm də məğlub tərəfə xeyirli olar.

Bəli, Ali Baş Komandanın təmkinli, hərtərəfli, uzaqgörən, müdrik siyasəti yenə öz bəhrəsini verdi, Ermənistanın baş naziri ölkəsinin öhdəliyini təsdiqlədi, bir daha Azərbaycan qarşısında, necə deyərlər, at oynatmağın mümkün olmadığını anladı və etiraf etdi.

Brüssel səfəri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi, miskin Ermənistanın isə növbəti məğlubiyyəti, iflası oldu.

Səfər çərçivəsində Azərbaycan Prezidenti ilə NATO-nun Baş katibi birgə mətbuat konfransı keçirdilər, çox mühüm mesajlar verdilər.

“…Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur”, – deyən dövlətimizin başçısı bildirdi ki, bu baxımdan Zəngəzur dəhlizində də gömrük olmamalıdır.

Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması.

Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür.

Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla, Azərbaycan ərazisindən isə Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Belə ki, bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur.

Mətbuat konfransında o da vurğulandı ki, bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaq.

“Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir”, -deyən Ali Baş Komandan bir daha bəyan etdi ki, biz buna hazırıq, biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik.

Bəli, Azərbaycan həm öz qətiyyətini nümayiş etdirdi, həm də növbəti dəfə sülh niyyətini ortaya qoydu.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxışı zamanı isə dövlətimizin başçısı vurğuladı ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi.

Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd etdi.

Dedi ki, bu, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir.

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın özü tərəfindən hərbi-siyasi yollarla həll edilib. Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur. Biz gələcəyə baxmalıyıq”, – deyən dövlətimizin başçısı, eyni zamanda, ATƏT-in Minsk qrupunun roluna toxunaraq 28 il ərzində aparılan danışıqlarda hər hansı bir nəticənin hasil olmadığını diqqətə çatdırdı. Azərbaycanın ATƏT-in Minsk qrupundan yeni geosiyasi reallığa uyğun cavab gözlədiyini sözlərinə əlavə etdi.

Dövlətimizin başçısı vurğuladı:

“Bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər”.

Bəli, biz növbəti dəfə mövqeyimizi ortaya qoyduq, seçimimizi etdik. İndi seçim və qərar qarşı tərəfindir.

Heç olmasa, bu dəfə missiyalarına, mandatlarına uyğun konstruktiv seçim etsinlər, düzgün qərar versinlər.

Səfər zamanı dövlətimizin başçısı, həmçinin İspaniyanın “El Pais” və İtaliyanın “İl Sole 24 Ore” qəzetlərinə müsahibə verdi.

İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində müxbirin “Avropa İttifaqı bu yaxınlarda Ermənistana 2 milyard dollar həcmində dəstək paketini elan etdi. Ukraynaya da 2 milyard dollara yaxın yardım ayrılacaq. Səhv etmirəmsə, Azərbaycana isə sadəcə, 140 milyon avro ayrılacaq. Yəni, burada çox böyük fərq var. Sizcə, nə üçün belədir? Belə bir qərar haradan qaynaqlanır?” sualına cavabında Prezident İlham Əliyev növbəti dəfə birmənalı və qətiyyətli mövqeyini ortaya qoydu.

Bildirdi ki, bunun nədən belə olduğunu demək çətindir.

“Çünki bu suala cavab vermək üçün ixtiyarımda kifayət qədər fakt olmalıdır. Mən yalnız bununla öz fikrimi bildirə bilərəm. Siz tamamilə haqlısınız. Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni dəqiqləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2.6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni, fərq təqribən 20 dəfədir. Bu, ədalətlidirmi? Xeyr. Bu, hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb”-deyən Azərbaycan Prezidenti bəyan etdi ki, bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edəndə dağıntıların miqyasını öz gözləri ilə görürlər.

Eyni zamanda, hesablamalara görə orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz.

“Beləliklə, bu, çox təəccüblüdür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın”, – deyən Prezident İlham Əliyev növbəti bəyanatını səsləndirərək qeyd etdi ki, biz ədalət istəyirik və Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik.

Bəli, başqa cür ola bilməz.

Bunun əksi növbəti dəfə ikili standartların, ədalətsizliyin nümayişi ola bilər. Yenə də biz öz sözümüzü dedik, yenə də seçim qarşı tərəfindir.

Biz indiyədək kimsənin köməyi olmadan çox şeylərə, Qələbə və Zəfərlərə, uğurlara nail ola bilmişiksə, bundan sonra da öz gücümüzə öz ayaqlarımız üstündə dik dayanmağı bacaracağıq.

***

İkinci hadisə: AZƏRBAYCANIN İNSANIN SOSİAL GÜZƏRANIN NÖVBƏTİ DƏFƏ YAXŞILAŞDIRILMASI İSTİQAMƏTİNDƏ ADDIMLAR…

Bu həftənin, son günlərin mühüm hadisələrindən biri də ölkə Prezidentinin Azərbaycan vətəndaşlarının sosial güzəranın yaxşılaşdılması istiqamətində imzaladığı növbəti sərəncamlardır.

Belə ki, ölkə Prezidenti son sərəncamlarından biri ilə ölkədə minimum aylıq əməkhaqqının məbləği yenidən artıldı.

Artıq gələn ilin, 2022-ci il yanvarın 1-dən ölkədə minimum aylıq əməkhaqqının məbləği 300 manat olacaq ki, bunu özü də çox müsbət addımdır.

Dövlət başçısı növbəti Sərəncamları ilə həmçinin çox mühüm təbəqə olan təhsil işçilərinin əməkhaqlarının artırılmasına qərar verdi.

Bunun özü də Azərbaycan insanın, Azərbaycan vətəndaşının sosial güzəranın yaxşılaşdırılması daim diqqət mərkəzində olması deməkdir.

Bunun özü də bir daha Azərbaycan dövlətinin və dövlət başçısının daim öz vətəndaşının yanında olması deməkdir.

Bunun özü də dövlət-vətəndaş həmrəyliyi, xalq-iqtidar vəhdəti deməkdir.

Bəli, biz birlikdə çox uğurlara, çox Qələbələrə imza atmışq və bundan sonra da həmrəyliklə, elliklə hələ çox Qələbə və Zəfərlərə, uğur və nailiyyətlərə imza atacağıq.

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Nəşi 40 gündən sonra dəfn edilən, iki medallı, subay-ŞƏHİD ADİL AKİF OĞLU RZAYEV… VƏ ŞƏHİD AİLƏSİNİN YAŞADIĞI “EV”… VƏ İŞDƏN ÇIXARILAN ŞƏHİD ANASI…TƏCİLİ ADDIMLAR ATILACAQMI, BİABIRÇI DURUM ARADAN QALDIRILACAQMI? – FOTOLAR

Read Next

Yoluxmada yenidən artım-921 nəfər – DAHA 17 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir